30 aprel 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzində Energetika Nazirliyinin əməkdaşları üçün “Dövlətin əsasları (dövlətin quruluşu, dövlət hakimiyyəti, qanunvericilik sistemi)” mövzusunda təlim keçirilib. Bu barədə "XQ"-yə DİM-dən məlumat verilib.
Təlim zamanı Azərbaycan Respublikasında dövlət quruluşu, hakimiyyət bölgüsü, vətəndaş hüquq və azadlıqlarının əsas prinsipləri və onların inzibati qaydada müdafiəsinin təminatı, eləcə də dövlətin idarə olunmasında iştirak etmək hüququ haqqında məlumatlar verilib. Həmçinin, vətəndaşların əsas vəzifələri, qanunvericilik, icra və məhkəmə hakimiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzuda təlimlərin təşkil olunması davam etdiriləcək.
Rizvan FİKRƏTOĞLU
XQ