Aprelin 26-da “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində təhsil jurnalistləri və ekspertləri üçün keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqə Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Təhsil ekspertləri və jurnalistlər üçün nəzərdə tutulmuş meyarlara cavab verən materialların müəllifləri - Rizvan Fikrətoğlu, Ramin Nurəliyev, Esmira İsmayılova və Nuranə Əliyeva qalib elan edilib.
Mükafatlandırma mərasimində təhsilin müxtəlif pillələri üzrə inkişaf və problemlərdən danışılıb. İştirakçılar bildiriblər ki, əvvəlki illərdən fərqli olaraq hazırda təhsil sahəsində köklü dəyişikliklər baş verir, ciddi irəliləyişlər nəzərə çarpır.
Sonda AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı tərəfindən qaliblərə təltifnamə və pul mükafatı təqdim edilib.
Xatırladaq ki, müsabiqənin məqsədi təhsil ekspertlərinin mediada, sosial şəbəkələrdə, dövlət orqanlarında və parlamentdə işlərinə dair vacib məqamları ictimailəşdirmək, eyni zamanda, təhsildən yazan jurnalistlərin fəaliyyətini qiymətləndirmək olub.
XQ