Təhsil ekspertləri üçün təlim keçirilib

post-img

“Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində təhsil ekspertləri üçün təlim keçirilib. 

Azərbaycan Texniki Universitetinin inzibati binasında fəaliyyət göstərən Davamlı İnkişaf Mərkəzindəki təlimlər Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Təlimlərdə Azərbaycanda təhsil eksperti kimi fəaliyyət göstərən və ölkə mediasında çıxış edən əksər mütəxəssislər iştirak ediblər. Təlimçilər Türkiyənin məşhur təhsil adamları, SODİMER rəhbəri, professor Levent Eraslan və Niğde Ömer Halisdemir Üniversitetinin professoru Emre Ünal olublar.

SODİMER rəhbəri “Təhsil eksperti necə olmalıdır?” mövzusunda müzakirələr keçirib. O qeyd edib ki, təhsil sahəsində olan yeniliklər və qəbul edilən qərarlar sürətli xarakter daşıdığından təhsil üzrə mütəxəssislər media ilə sıx və doğru şəkildə əlaqədə olmalıdırlar. Eraslan bütün olayların xəbər kimi təqdim edilməsinin yanlış olduğunu vurğulayıb: “Dezinformasiyaların həqiqət kimi paylaşılmasında sosial şəbəkələrin rolu böyükdür. Bu kimi xəbərlər ajiotaja səbəb olur. Təhsil ekspertləri çalışmalıdırlar ki, belə xəbərləri rəsmi mənbələrdən dəqiqləşdirib daha sonra sosial platformalarında yayımlasınlar. Heç vaxt unutmayaq, təhsil və hərb milli məsələdir. Bu sahələri başqa maraqlarla qarışdırmaq olmaz”.

Professorun sözlərinə görə, təhsil ekspertləri təkcə mediada deyil, sosial şəbəkələrdə də aktiv olmağı bacarmalıdırlar:

Niğde Ömer Halisdemir Üniversitetinin professoru Emre Ünal qeyd edib ki, təhsil eksperti də, təhsil jurnalisti də verdiyi məlumatın, yazdığı informasiyanın ölkə üçün nə qədər əhəmiyyətli olmasına diqqət etməlidir: “Çünki təhsil strateji sahədir. Burada hər hansı yanlışlıq ciddi fəsadlara yol açır".

Ünalın sözlərinə görə, təhsil ekspertləri şərh verərkən diqqətçəkən başlıqlar verməyə çalışmalıdırlar. 

Təhsilin müxtəlif pillələrində yaranan problemlərlə bağlı ictimaiyyətin məlumatlandırılması, hadisələrə düzgün şərhin verilməsi və maarifləndirici məlumatların hazırlanması ilə bağlı geniş müzakirələr aparılıb.

XQ



Təhsil