Dilimiz tarixi mərhələlər keçməsinə baxmayaraq xalqımızla birlikdə çətinliklərə tab gətirmişdir. Dil xalqların mənəvi dəyərlərini yaşadır, inkişaf etdirir və xalqların varlığının önəmli təmsilçisidir. Ana dilimiz milli varlığımızı müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz qədim tarixə malik olduğu kimi, illərin keşməkeşli yollarından alnı açıq çıxaraq indiki dövrə gəlib çatan ən dəyərli, mənəvi sərvətlərimizdəndir. Həmçinin ana dili dövlət rəmzlərimiz olan – himn, gerb, bayraq kimi xalqımız üçün müqəddəsdir.
Azərbaycan dilinin ölkəmizin dövlət dili elan edilməsində Ulu Öndər Heydər Əlivevin əvəzsiz rolu olmuşdur. Ulu Öndərin Azərbaycanda rəhbərliyə başladığı ilk günlərdən ana dili haqqında apardığı fəaliyyətlər danılmazdır. Azərbaycan dilinin zəngin lüğətinə bələd olan, yüksək qrammatik biliyə malik, ədəbi və səlis danışıq nitqindən istifadə edən Heydər Əliyev dövlət səviyyəli tədbirlərdə, xalq ilə görüşlərdə, o cümlədən xarici ölkələrdə ana dilimizi hər zaman yüksək səviyyədə təmsil etmişdir.
SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatı da 1970-ci illərin ortalarında dil siyasəti ortaya çıxdı. SSRİ Konstitusiyasının qəbul etdikdən sonra milli dəyərlər sıxışdırılır, rus dili hüquqlarının genişləndirilməsi və vahid dil siyasəti təbliğ edilirdi. Belə çətin vəziyyətdə ana dilimizi təbliğ etmək çox çətin idi və belə məsələləri gündəmə gətirənləri isə sürgün edirdilər və onlar bunların qarşısında da aciz idilər. Lakin, o vaxt Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının ana dili haqqında fikirlərini açıq-aydın bildirmişdir.
Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ana dilimizin xilaskarı kimi tarixdə öz əbədi izini qoymuşdur. 1995-ci ildə noyabrın 12-də Müstəqil Azərbaycan Respublikasının qəbul edilmiş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir. “ Dövlət dilinin tətbiqi və işinin təkmilləşdirilməsi “ haqqında Azərbaycan Respublikasının Prezidentinin 2001-ci il 18 iyun tarixli fərmanı və Nazirlər Kabinetinin 25 iyun 2001-ci tarixli 113 saylı sərəncamı ölkənin təhsil sistemində dövlət dili – Azərbaycan dilinin tədrisi və latın qrafikasının tətbiqi sahəsində icra üçün direktiv hüquqlu normativ sənəd kimi qəbul edilmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin 10-cu ildönümünə həsr edilmiş tədbirlərdə Ümummilli Lider demişdir: “ Bu 10 ildə bizim ən böyük nailiyyətlərimizdən biri Azərbaycan Dövlət dilinin, ana dilinin hakim olmasıdır. Biz dünyaya nümayiş etdirdik ki, dünyada Azərbaycan xalqı var, Azərbaycan milləti var, Azərbaycan dili var!“
Heydər Əliyev Azərbaycan dilinin zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə etmişdir. Dilçi alimlərə yüksək diqqət yetirilməsi və qayğı göstərilməsi, dövlət dilimizdə kitabların nəşrlərinin artırılması və yüksək səviyyəli tədbirlərin ana dilində keçirilməsi dilimizin inkişaf yönlərindəndir.
“Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur“. Ulu Öndərin bu sözləri xalqımızın var olmasında, formalaşmasında ana dilinin inkişafında əbədi iz qoymuşdur.
Sevinc ƏHMƏDOVA,
Azərbaycan Dövlət Pedaqojı Universiteti,
Xarici Dillər Mərkəzinin müəllimi

