ATMU və AHRİ Anlaşma Memorandumu imzalayıblar

post-img

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Azərbaycan HR İnstitutu (AHRİ) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Turizm və Menecment Universitetinin Tədris işləri üzrə prorektoru, professor Zaur Bağırov və Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynovun imzaladıqları əməkdaşlıq memorandumunda ixtisaslı kadr hazırlığını şərtləndirən bir sıra tələblər nəzərdə tutulub. 

Belə ki, adıkeçən sənəddə tələbələrin bilik və bacarıqlarının müntəzəm artırılması, uyğun ixtisaslar üzrə kadr hazırlığının təşkili, kadr ehtiyaclarının təmini istiqamətində birgə fəaliyyət, tədris plan və proqramlarını (kurikulumları) sənayenin ehtiyaclarına uyğun işlənib hazırlanması, dövlət-özəl əməkdaşlığı çərçivəsində istehsalat təcrübəsi və təlimlərin müştərək təşkili məsələləri göstərilib.

Memorandumda, eyni zamanda, tələbə kontingenti arasında sahibkarlıq bacarıqlarının aşılanması,tərəflərarası qaydalara uyğun işəgötürənin bazasında təhsilalanların istehsalat təlimi və təcrübə keçmələrinə şəraitin yaradılması, turizm və menecment sahələri üzrə işəgötürənlərlə əlaqələrin daha da möhkəmləndirilməsi, tələbələrin yumşaq bacarıqlara yiyələnmələri üzrə birgə proqramların təşkili  və s. fəaliyyət istiqamətləri əksini tapıb. 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 



Təhsil