Görkəmli oftalmoloqun xatirəsi anılıb

post-img

İnsan üçün dünyada göz nurundan qiymətli heç nə yoxdur, ilahinin bəxş etdiyi bu xöşbəxtlik ömürlərə işıq saçır, həyatın gözəlliklərini seyr etməyə imkan yaradır. Həyatını və elmi fəaliyyətini Azərbaycanda göz xəstəliklərinə qarşı mübarizəyə həsr etmiş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə uca taxt qurmuş, tibb elmində əldə etdiyi nailiyyətlərlə ölkəsini dünyaya tanıtmışdır.

İmişli rayonunun Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər. Əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, Zərifə xanım Əliyeva respublikamızda tibb eliminin inkişafına mühüm töhfələr verib. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, dünya miqyasında da şöhrət qazanmışdır. Görkəmli alimin elmi-pedoqoji və ictimai fəaliyyəti yeni həkim nəslinin yetişməsinə və Azərbaycanda otalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Görkəmli alimin traxoma xəstəliyinin müalicəsində təklif etdiyi metodlar respublikamızda tətbiq edilib və ölkəmiz bu ağır xəstəlikdən xilas olub.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Şahin Qurbanov, göz həkimi Niyaməddin Abdullayev akademik Zərifə xanım Əliyevanın gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin, layiqli Vətən övladlarının hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının ilbəil artırılmasında, professional elmi kadrların yetişdirilməsindəki xidmətlərindən danışıblar.

Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi dərin ehtiramla yad edilib, onun Azərbaycan tibb elminin inkişafına verdiyi misilsiz töhfələrin heç zaman unudulmayacağı vurğulanıb.

Ərəstun ABDULOV
XQ

Sosial həyat