Azərbaycanın marketinq sahəsində aparıcı tədbirlərindən biri olan Milli Marketinq Forumu “Facemark” şirkətinin təşkilatçılığı ilə bu il 11-ci dəfə təşkil olunacaq. Forum 6 iyun tarixində Bakı Konqres Mərkəzində baş tutacaq.
“AI işığında” konsept mesajı ilə təşkil olunacaq forum çərçivəsində marketinq, kommunikasiya və biznes sahələrində fəaliyyət göstərən peşəkar moderator və spikerlərin iştirakı nəzərdə tutulur. Bu ilki konsept süni intellektin sürətlə dəyişən dünyada biznes qərarlarına, brend yanaşmalarına və istehlakçı davranışına təsirini ön plana çıxarır. “AI işığında” yanaşması, texnologiyanın yalnız alət deyil, eyni zamanda strateji düşüncə tərəfdaşı kimi rolunu vurğulayır.
Forum proqramı çərçivəsində 3 əsas panel müzakirəsinin keçirilməsi planlaşdırılır. “AI işığında brendlər” panelində süni intellektin brend strategiyalarına, mövqeləndirməyə və istehlakçı ilə qarşılıqlı əlaqəyə təsiri müzakirə olunacaq.
“Marketinq kommunikasiyaları” panelində mövzular dəyişən rəqəmsal mühitdə effektiv kommunikasiya yanaşmaları, omni-kanal strategiyalar və auditoriya ilə daha dərin bağ qurma yollarına fokuslanacaq.
“Kreativ sənayenin təkamülü” panelində isə texnologiyanın təsiri ilə kreativ sahənin keçirdiyi transformasiya, yeni yaradıcılıq formaları və süni intellektin kreativ proseslərdə rolu geniş şəkildə təhlil ediləcək. Bu panellər çərçivəsində iştirakçılar sahənin aparıcı mütəxəssislərinin real təcrübələrinə əsaslanan çıxışlarını dinləmək və aktual trendlərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, forum üçün əldə olunan biletlər iştirakçılara “Bloger və İnfluenserlər Forumu”nda da iştirak imkanı yaradır. Eyni məkanda və eyni gündə keçiriləcək hər iki tədbir iştirakçılara həm marketinq dünyasının peşəkar tərəfini, həm də rəqəmsal kontent və influenser ekosistemini bir arada kəşf etmək fürsəti təqdim edəcək.
11 ildir keçirilən Milli Marketinq Forumu ölkədə marketinq və kommunikasiya sahəsinin inkişafına töhfə verən ən önəmli platformalardan biri kimi öz mövqeyini möhkəmləndirib. Hər il yüzlərlə peşəkarı, sahibkarı və bu sahəyə maraq göstərənləri bir araya gətirən forum, bilik və təcrübə mübadiləsi üçün unikal imkanlar yaradır, yeni əməkdaşlıqların və ideyaların formalaşmasına zəmin hazırlayır.
Biletləri əldə etmək üçün millimarketinqforumu.az saytına daxil ola bilərsiniz.

