Əmək bazarında hüquqi tənzimləmə və sosial müdafiə

post-img

Çevik məşğulluq regionların inkişafı üçün də yeni imkanlar yaradır

“Əmək qanunvericiliyi hər bir ölkədə sosial-iqtisadi modelin əsas dayaqlarından biridir və işçi ilə işəgötürən arasında hüquqi münasibətləri tənzimləyən Əmək Məcəlləsində edilən son dəyişiklikləri həm əmək bazarının real iqtisadi münasibətlərə uyğunlaşdırılması, həm də işçi hüquqlarının daha etibarlı müdafiə mexanizminin, əmək münasibətlərində çevik və sosialyönlü hüquqi tənzimləmələrin tətbiqi istiqamətində mühüm strateji mərhələ kimi qiymətləndirmək olar”.

Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elçin Süleymanov XQ-yə ölkəmizdə əmək bazarının inkişafı ilə bağlı müsahibəsində bildirdi. Azərbaycan iqtisadiyyatında müşahidə olunan struktur transformasiya prosesinin əmək bazarının keyfiyyət və məzmun baxımından yeni mərhələyə daxil olmasını şərtləndirdiyini vurğulayan müsahibimiz dedi:

– Qeyri-neft sektorunun Ümumi Daxili Məhsulda payının 2015-ci illə müqayisədə əhəmiyyətli dərəcədə artması, məşğulluğun əsas artım mənbəyinin xidmət, ticarət, logistika, tikinti və digər qeyri-neft sahələrində formalaşması iqtisadi inkişafın daha şaxələndirilmiş modelə keçdiyini göstərir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, hazırda məşğul əhalinin mühüm hissəsinin qeyri-neft sahələrində cəmləşməsi struktur dəyişikliyinin davamlı xarakter aldığını təsdiqləyir.

Bu dəyişikliklər əmək münasibətlərinin formasını da əhəmiyyətli dərəcədə yeniləyir. Rəqəmsallaşma proseslərinin dərinləşməsi, məsafədən iş imkanlarının genişlənməsi, layihə əsaslı fəaliyyət və çevik məşğulluq modellərinin yayılması əmək bazarını daha dinamik və adaptiv hala gətirmişdir. Bu mərhələdə əmək qanunvericiliyinin yenilənməsi təbii və zəruri proses kimi çıxış edir.

Əmək bazarında baş verən struktur və funksional dəyişikliklərin hüquqi müstəvidə əks olunması iqtisadi inkişafın davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Əmək Məcəlləsində edilən son dəyişikliklər mövcud reallıqlara cavab verən institusional uyğunlaşma kimi qiymətləndirilməlidir.

Yeni hüquqi yanaşma əmək bazarında formalaşmış müasir münasibətləri normativ çərçivəyə daxil etməklə şəffaflığı artırır, hüquqi müəyyənliyi gücləndirir və iqtisadi subyektlər üçün daha aydın mühit yaradır. Əvvəllər hüquqi boşluq kimi qəbul edilən məqamlar bu gün inkişaf üçün imkanlara çevrilir və əmək bazarının idarə olunan, çevik və səmərəli sistem kimi formalaşmasına xidmət edir.

Nəticə etibarilə Əmək Məcəlləsində edilən son dəyişikliklər mövcud struktur transformasiyanın məntiqi davamı kimi əmək bazarının yeni konfiqurasiyasına uyğunlaşmanı təmin edir. Bu yanaşma hüquqi tənzimləməni iqtisadi inkişafın tempi ilə sinxronlaşdırmaqla, əmək bazarının uzunmüddətli perspektivdə daha dayanıqlı və rəqabətqabiliyyətli inkişafına etibarlı zəmin yaradır.

E.Süleymanov real əmək münasibətlərinin tanınması və inkişafı ilə bağlı dedi:

– Əmək Məcəlləsində edilən dəyişikliklərin mühüm istiqamətlərindən biri əmək münasibətlərində istifadə olunan anlayışların dəqiqləşdirilməsi və müasir iqtisadi reallıqlara uyğunlaşdırılmasıdır. “Ailə vəzifələri olan işçi”, “məsafədən (distant) iş” və “ezamiyyət” kimi anlayışların normativ səviyyədə təsbit edilməsi əmək bazarında faktiki mövcud olan münasibətlərin tanınması baxımından prinsipial əhəmiyyət daşıyır. Bu yanaşma əmək qanunvericiliyinin deklarativ xarakterdən çıxaraq real iqtisadi davranışlarla uzlaşmasını təmin edir. Əmək bazarında anlayışların dəqiq tərifi hüquqi-texniki məsələ olmaqdan daha çox, institusional keyfiyyət göstəricisidir.

“Ailə vəzifələri olan işçi” anlayışının Əmək Məcəlləsinə daxil edilməsi Azərbaycan cəmiyyətinin sosial-mədəni xüsusiyyətlərini və əmək bazarının real demoqrafik yükünü nəzərə alan mühüm institusional addımdır. Ailə üzvlərinə, xüsusilə uşaqlara, yaşlılara və xüsusi qayğıya ehtiyacı olan şəxslərə qulluq yükü əmək bazarında iştirak imkanlarına birbaşa təsir göstərir. Bu reallığın hüquqi səviyyədə tanınması əmək bazarında sosial ədalətin gücləndirilməsinə, eyni zamanda, işçi qüvvəsinin əmək bazarında saxlanmasına xidmət edir.

Digər tərəfdən, bu anlayış işəgötürən üçün də daha aydın hüquqi çərçivə yaradır. Ailə vəzifələri ilə bağlı güzəştlərin və ya çevik yanaşmaların subyektiv qərarlar deyil, normativ əsaslara söykənməsi əmək münasibətlərində idarəolunanlığı artırır, ayrı-seçkilik risklərini azaldır və korporativ qərarların hüquqi əsaslarını möhkəmləndirir.

“Məsafədən (distant) iş” anlayışının hüquqi təsbiti isə müasir əmək bazarının transformasiyasını əks etdirən strateji addımdır. Rəqəmsallaşma və texnologiyaların inkişafı əmək fəaliyyətinin məkan asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, xidmətlər, maliyyə, dizayn, konsaltinq və digər sahələrdə distant iş təcrübəsi, faktiki olaraq, geniş yayılmışdır. Bu fəaliyyət formalarının hüquqi çərçivəyə salınması əmək bazarını reallıqdan geri qalan normativ mühitdən çıxararaq müasir iqtisadi modelə uyğunlaşdırır. Distant işin hüquqi tanınması həm işçilər, həm də işəgötürənlər üçün mühüm institusional üstünlüklər yaradır.

İşçilər üçün bu, əmək hüquqlarının qorunması, sosial sığorta təminatının saxlanılması və gələcək pensiya hüquqlarının formalaşması deməkdir. İşəgötürənlər üçün isə əmək resurslarından daha çevik istifadə, əməliyyat xərclərinin optimallaşdırılması və məhsuldarlığın artırılması imkanları yaranır. Nəticədə, əmək bazarında çeviklik qeyri-formallıq hesabına deyil, hüquqi tənzimləmə əsasında təmin olunur.

“Ezamiyyət” anlayışının normativ səviyyədə dəqiqləşdirilməsi də əmək münasibətlərində hüquqi müəyyənliyin artırılmasına xidmət edir. Ezamiyyətlə bağlı öhdəliklərin, xərclərin və kompensasiya mexanizmlərinin aydın tərifi əmək mübahisələrinin qarşısını almaqla yanaşı, müəssisələrin maliyyə və əməliyyat planlaşdırmasını asanlaşdırır. Bu, əmək münasibətlərində şəffaflığı gücləndirir və inzibati riskləri azaldır.

Ümumilikdə, anlayışların dəqiqləşdirilməsi Əmək Məcəlləsinin yalnız hüquqi sənəd kimi deyil, əmək bazarının real işləmə mexanizmini tənzimləyən institusional çərçivə kimi rolunu gücləndirir. Bu dəyişikliklər əmək münasibətlərini subyektiv razılaşmalardan və qeyri-rəsmi praktikadan çıxararaq qayda əsaslı, proqnozlaşdırılan və iqtisadi baxımdan səmərəli mühitə yaxınlaşdırır.

Müsahibimiz rəqəmsal iqtisadiyyat və distant iş: hüquqi uyğunlaşma və institusional yetkinlik mərhələsi barədə də məlumat verdi:

– “Məsafədən (distant) iş” anlayışının Əmək Məcəlləsində hüquqi təsbit edilməsi Azərbaycanın rəqəmsal iqtisadiyyat gündəliyi ilə birbaşa uzlaşan və əmək bazarının modernləşməsini sürətləndirən mühüm institusional addımdır. Son illər ölkədə elektron xidmətlərin genişlənməsi, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı və rəqəmsal platformalar üzərindən göstərilən xidmətlərin həcminin artması əmək fəaliyyətinin məkan və zaman baxımından daha çevik formalar almasını şərtləndirmişdir.

Rəqəmsal iqtisadiyyat şəraitində əmək münasibətləri yalnız ənənəvi iş yerləri ilə məhdudlaşmır. Proqramlaşdırma, dizayn, rəqəmsal marketinq, konsaltinq, maliyyə xidmətləri və digər biliktutumlu-intensiv sahələrdə əmək fəaliyyəti fiziki məkandan asılılığını itirir. Bu şəraitdə distant işin hüquqi çərçivəyə salınması əmək bazarını normativ baxımdan reallıqla uzlaşdırır və iqtisadi inkişafın yeni modellərinə uyğunlaşmanı təmin edir.

Hüquqi uyğunlaşma olmadan bu proseslər qeyri-formal müstəvidə qalır, nəticədə, həm işçilər, həm də işəgötürənlər üçün risklər artır.

Distant işin normativ səviyyədə tanınması qeyri-formal məşğulluğun azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır. Əmək münasibətlərinin rəsmiləşdirilməsi vergi və sosial sığorta bazasının genişlənməsinə, əmək hüquqlarının qorunmasına və uzunmüddətli sosial təminat mexanizmlərinin güclənməsinə imkan yaradır. Bu yanaşma sosial sığorta sisteminin dayanıqlılığını artırmaqla yanaşı, əmək fəaliyyəti ilə pensiya hüquqları arasında əlaqəni də möhkəmləndirir.

Beləliklə, distant iş yalnız çeviklik deyil, eyni zamanda, sosial təminatla müşayiət olunan rəsmi məşğulluq forması kimi institusional çərçivəyə daxil edilir. İqtisadi baxımdan distant işin hüquqi tənzimlənməsi məhsuldarlığın artması və resurslardan daha səmərəli istifadə üçün əlavə imkanlar yaradır. İşəgötürənlər üçün bu, əməliyyat xərclərinin optimallaşdırılması, kadr bazasının coğrafi baxımdan genişlənməsi və əmək resurslarına çıxışın asanlaşması deməkdir.

İşçilər üçün isə əmək bazarına çıxış imkanlarının artması, regionlararası fərqlərin azalması və iş-ailə balansının daha çevik şəkildə qurulması kimi üstünlüklər formalaşır. Nəticədə, əmək bazarında inklüzivlik səviyyəsi yüksəlir.

Əvvəllər risk mənbəyi kimi qiymətləndirilən çevik iş formalarının hüquqi çərçivəyə salınması onları institusional inkişaf alətinə çevirir. Dövlət üçün bu proses əmək bazarının daha dəqiq monitorinqinə, statistikanın keyfiyyətinin yüksəlməsinə və əmək siyasətinin daha əsaslandırılmış şəkildə formalaşdırılmasına şərait yaradır.

Beləliklə, distant işin hüquqi uyğunlaşdırılması əmək bazarının rəqəmsal transformasiyasına cavab verən müasir institusional mərhələ kimi çıxış edir. Bu yanaşma çevikliyi qeyri-formallıq hesabına deyil, hüquqi müəyyənlik və sosial təminat əsasında təmin etməklə Azərbaycanın əmək bazarının daha dayanıqlı, şəffaf və rəqabətqabiliyyətli inkişafına möhkəm zəmin yaradır.

Müsahibimizin əməkhaqqı mexanizmləri, gəlir sabitliyi və minimum əməkhaqqı açıqlaması da oxucularımız üçün maraqlıdır:

– Əməkhaqqı ilə bağlı edilən son dəyişikliklər Azərbaycan reallığında yalnız sosial deyil, eyni zamanda, mühüm iqtisadi təsirə malik institusional yeniliklər kimi qiymətləndirilməlidir. Əməkhaqqının ödəniş dövriliyinin daha aydın müəyyən edilməsi, habelə məzuniyyət dövründə ödənişlərin “sonuncu əmək haqqından az olmamaqla” təmin edilməsi əmək bazarında gəlir sabitliyinin gücləndirilməsinə xidmət edir.

Əməkhaqqı mexanizmləri ev təsərrüfatlarının iqtisadi davranışında həlledici rol oynayır. Ölkənin mövcud şəraitində əhalinin əhəmiyyətli hissəsi üçün əməkhaqqı əsasən, yeganə gəlir mənbəyidir. Bu səbəbdən ödənişlərin gecikməsi və ya qeyri-müntəzəm xarakter daşıması yalnız fərdi səviyyədə deyil, bütövlükdə sosial-iqtisadi mühitdə gərginlik yarada bilən amillərdəndir. Yeni hüquqi yanaşma bu riskləri minimuma endirməklə ev təsərrüfatlarının maliyyə planlaşdırmasını asanlaşdırır və gəlirlərin davamlılığını təmin edir.

Məzuniyyət dövründə əməkhaqqının sonuncu əməkhaqqından az olmamaqla ödənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu norma işçinin istirahət hüququnu real gəlir itkisi riski ilə müşayiət olunmayan təminata çevirir. İqtisadi baxımdan bu yanaşma əmək məhsuldarlığına da müsbət təsir göstərir, çünki işçi istirahət dövrünü sosial risk deyil, əmək prosesinin normal və zəruri mərhələsi kimi qəbul edir. Nəticədə, iş prosesinə qayıdış daha səmərəli və motivasiyalı şəkildə baş verir.

Əməkhaqqı ödənişlərinin sabitliyi makroiqtisadi baxımdan da əhəmiyyətlidir.

Gəlirlərin proqnozlaşdırılan olması istehlak davranışında kəskin dalğalanmaların qarşısını alır, daxili tələbin daha stabil formalaşmasına şərait yaradır. Bu isə xüsusilə qeyri-neft sektorunun genişləndirilməsi və daxili bazara əsaslanan iqtisadi artım modelinin gücləndirilməsi baxımından mühüm rol oynayır.

Əməkhaqqı mexanizmlərinin təkmilləşdirilməsi nəticəsində əldə olunan gəlir sabitliyi fiskal və monetar siyasət üçün də daha proqnozlaşdırılan mühit yaradır. İşəgötürən üçün ödəniş öhdəliklərinin aydın şəkildə müəyyən edilməsi idarəetmə intizamını gücləndirir, əmək mübahisələrinin və əlavə inzibati risklərin azalmasına şərait yaradır. Bu isə biznes mühiti üçün müsbət institusional siqnal olmaqla, uzunmüddətli planlaşdırma imkanlarını genişləndirir.

Bu dəyişikliklər yalnız sosial müdafiə tədbiri deyil, əmək bazarında institusional sabitliyi gücləndirən və iqtisadi tarazlığı dəstəkləyən mühüm mexanizm kimi çıxış edir. Gəlir sabitliyinin təmin olunması həm fərdi rifahın, həm də ümumi iqtisadi dayanıqlılığın möhkəmlənməsinə xidmət etməklə, Əmək Məcəlləsində aparılan hüquqi modernləşmənin praktik nəticələrini aydın şəkildə nümayiş etdirir.

Sosial dialoq və institusional balans, insan kapitalı və peşə keyfiyyəti barədə müsahibimiz dedi:

– Əmək və sosial məsələlər üzrə Üçtərəfli Komissiyanın hüquqi əsasının təsbit edilməsi əmək bazarında institusional idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini göstərir. Dövlət, işəgötürənlər və işçilər arasında dialoqun institusional səviyyədə gücləndirilməsi əmək bazarında qərarların birtərəfli deyil, balanslı və razılaşdırılmış şəkildə qəbuluna şərait yaradır.

Bu mexanizm əmək bazarında potensial risklərin erkən mərhələdə müəyyən edilməsinə, sosial gərginliklərin qarşısının alınmasına və əmək münasibətlərində sabitliyin qorunmasına xidmət edir. Sosial dialoqun institutlaşması mübahisələrin inzibati və ya hüquqi eskalasiyasını minimuma endirir, onları əvvəlcədən razılaşma və məsləhətləşmə müstəvisində həll etməyə imkan verir.

İnstitusional baxımdan Üçtərəfli Komissiya əmək bazarında münasibətlərin şəffaf və iştirakçı əsasda formalaşmasını təmin edir. Bu yanaşma həm biznes mühitinin proqnozlaşdırıla bilən olmasına imkan yaradır, həm də işçilərin hüquqlarının qorunmasına sistemli zəmanət verir. Nəticədə, əmək bazarında əmək münasibətlərinin tərəfləri arasında etimad səviyyəsi yüksəlir və uzunmüddətli iqtisadi planlaşdırma üçün sağlam institusional mühit formalaşır.

Söhbətimizin sonunda E.Süleymanov regional əmək bazarı və çevik məşğulluq, potensialın reallaşdırılması, həmçinin sosial siyasət və pensiya sistemi ilə bağlı da məlumat verdi:

– Regionların sosial-iqtisadi inkişafı əmək bazarının strukturlaşmasında mühüm rol oynayır. Son illər regionlarda infrastruktur layihələrinin, sənaye parklarının və aqroparkların yaradılması məşğulluq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Bu proses regionlarda iqtisadi fəallığın artmasına və yerli əmək resurslarının daha səmərəli istifadəsinə imkan yaratmışdır.

Regional əmək bazarının potensialının tam reallaşdırılması üçün mövsümi, layihə əsaslı və çevik məşğulluq formalarının hüquqi baxımdan tanınması xüsusi əhəmiyyət daşıyır. Son dəyişikliklər bu sahədə regionların əmək potensialını formal və dayanıqlı məşğulluq formatına çevirməyə imkan verir. Beləliklə, çevik məşğulluq regional inkişaf üçün risk deyil, institusional imkan kimi formalaşır.

Əmək bazarının inkişafı ilə sosial sahədə aparılan islahatlar arasında sıx və qarşılıqlı gücləndirici əlaqə mövcuddur. Prezident İlham Əliyev tərəfindən imzalanmış “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam bu əlaqənin praktik və sistemli təzahürüdür. Pensiyaların indeksləşdirilməsi, pensiya kapitallarının artırılması və bütün proseslərin proaktiv qaydada elektron sistem üzərindən həyata keçirilməsi sosial müdafiəni əmək bazarının leqallaşması ilə birbaşa əlaqələndirir.

Pensiya kapitallarının hər il indeksləşdirilməsi əmək müqaviləsi ilə çalışan və sosial sığorta sistemində iştirak edən vətəndaşlar üçün güclü motivasiya mexanizmi yaradır. Vətəndaşlar sosial sığorta ödənişlərinin yalnız cari öhdəlik deyil, gələcək rifah üçün real dəyər formalaşdırdığını görürlər. Bu isə qeyri-formal məşğulluğu problemdən çox, institusional inkişaf üçün hədəf və ehtiyat potensial kimi təqdim edir.

Beləliklə, Əmək Məcəlləsində 2025–2026-cı illərdə edilən dəyişikliklər texniki-hüquqi düzəlişlərdən daha geniş strateji məna daşıyır. Bu dəyişikliklər əmək bazarında institusional keyfiyyətin yüksəldilməsi, insan kapitalının qorunması və iqtisadi inkişafın dayanıqlı əsaslar üzərində qurulması istiqamətində ardıcıl və məqsədyönlü addımlar kimi qiymətləndirilməlidir.

Əmək bazarının inkişafı ilə hüquqi modernləşmə arasında formalaşan qarşılıqlı gücləndirici əlaqə Azərbaycanın orta və uzunmüddətli perspektivdə rəqabətqabiliyyətli, sosial baxımdan ədalətli və iqtisadi baxımdan dayanıqlı inkişaf modelinin əsas sütunlarından birinə çevrilir.

Söhbəti hazırladı:
Zərifə BƏŞİRQIZI
XQ





Sosial həyat