I Ümumittifaq Türkoloji Qurultay milli mətbuatda

post-img

1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultayı Azərbaycan jurnalistikası tarixində əlamətdar hadisə olmuşdur. Həmin gün İsmailiyyə binasında Azərbaycan Milli Mətbuatının 50 illiyi geniş miqyasda qeyd edilmişdi, 1875-ci ildən 1925-ci ilə qədər Azərbaycanda ana dilində çap olunmuş bütün qəzet və dərgilərin sərgisi təşkil edilmişdi.

Qurultay yalnız türkdilli xalqların dil, ədəbiyyat və mədəniyyət məsələlərini müzakirə etməklə kifayətlənməmiş, eyni zamanda, milli mətbuatın rolunu da ön plana çıxarmışdır. O dövrdə qəzet və jurnal redaksiyaları qurultayın gündəmini oxucuya çatdırmaq üçün böyük zəhmət sərf etmiş, məruzələrin mahiyyətini və çıxışçıların fikirlərini diqqətlə işıqlandırmışdı.

Doğrudur, qurultayla bağlı zaman-zaman tədqiqatlar aparılsa, kitablar, məqalələr yazılsa da, konfranslar keçirilsə də, Azərbaycan mətbuatının bu tarixi toplantıdakı fəaliyyəti, fədakarlığı araşdırılmamışdır. Qurultayda iştirak və məruzə edən məşhur türkoloqların, dilçilərin Azərbaycana gəlişi, qarşılanması, mətbuata verdikləri müsahibələr, təəssüratlar, məqalələr qurultay barədə daha geniş məlumat əldə olunmasına kömək edir.

Qurultayın gedişi hər gün “Kommunist” (əski əlifba ilə Azərbaycan dilində), “Бакинский рабочий” (rus dilində), “Yeni yol”, “Maarif işçisi” (latın qrafikası ilə) və digər mətbuat orqanlarında işıqlandırılır, iclasların yekunu kimi rəsmi bülletenlər çap edilir. Azərbaycandilli mətbuatda qurultayın gündəliyi, məruzəçilərin çıxışlarının təhlili və onların milli dil siyasəti haqqında fikirləri ön plana çıxarılırdı, “Бакинский рабочий” isə rusdilli oxucular üçün daha çox Avropa türkoloqları ilə əlaqələrə diqqət yetirirdi. Mətbuat yalnız hadisələri müəyyən tarixi çərçivədə təqdim etmir, eyni zamanda, qurultay iştirakçıları ilə ictimaiyyət arasında körpü rolunu oynayır və dil ilə mədəniyyət sahəsindəki məlumatların sistemli şəkildə yayılmasına xidmət edirdi.

Bu yazıların xüsusi əhəmiyyəti ondadır ki, məruzəçilərin mətbuata verdikləri müsahibələr və çap etdikləri məqalələrlə I Ümumittifaq Türkoloji Qurultayın rusca stenoqramı ilə təqdim olunan rəsmi hesabatlar arasında bəzi fərqliliklər mövcuddur. Bütün bunları nəzərə alaraq, qurultayla bağlı Azərbaycan mətbuatındakı yazıları sistemli şəkildə çatdırır, vacib bildiyimiz yazıların tərcüməsini və analitik şərhini veririk.

Belə yanaşma hadisələri tarixi kontekstdə yalnız təqdim etmir, həm də mətbuatın milli-mədəni məsələlərdəki rolunu və əhəmiyyətini akademik şəkildə açıqlayır. Oxucu bu yazılarda həm qurultayın canlı ab-havasını, həm də mətbuat səhifələrində əks olunan ictimai reaksiyaları, dövrün mədəni və siyasi ruhunu daha dərindən duya bilir.

“Yeni yol” qəzeti
1926-cı il, № 51

I Ümumittifaq Türkoloji Qurultayı
27 fevral səhər iclası

Akademik Bartoldun məruzəsi

Türk xalqları tarixinin hazırkı vəziyyəti və onu öyrənmək yolunda olan yaxın məsələlər

Türklər öz yaşayışlarının tarixi gedişatını az bir müstəsna ilə öz dillərində tarixi ədəbiyyat yaradamadılar. Türk xalqları tarixini öyrənmək üçün bir türkoloq olmaq kifayət etmir. Hanki bir əsr, hanki bir dövr ilə maraqlanacağımıza görə eyni zamanda həm sinoloq, həm irançı, həm də ərəbçi olmaq lazım gəlir. Türk dillərini tədqiq etmək üçün ən əhəmiyyətli bu ilk mənbə hesab olunan VIII əsrdəki Orxon kitabələridir. Bunu da unutmamalıdır ki, kitabələrin oxunması hələ bitib qurtarmamışdır və bəzi yerlərin izah olunmaması hələ mübahisəli qalmışdır. Ona görə mövcud olan təcrübələrə əsasən tarixi xülasə və nəticələr də çıxarmaq olmaz.

Professor Pelyonun son verdiyi məlumatlar Çin ədəbiyyatında ayrı-ayrı xalqların törənməsinə dair mövcud materialların olmasını göstərir. Bu materialların elan və tədqiq edilməsi kimi məsələlərdən çəkinmək lazımdır.

Dilçilərin (linqvist, lisaniyyatçı) çuvaş dili haqqındakı nəzəriyyə və çıxardıqları nəticə hunların meydana gəlmələri barəsindəki məsələlərə yenidən baxılmasını doğura bilər. Orta Asiya xalqlarının birinci köçməsi zamanında və bunun da başlıcası olan hunlardan, ola bilsin ki, çuvaşlar törəmiş olarlar.

Daha doğrusu, türk xalqından olmayan və antroloji nöqteyi-nəzərindən birinci olan qırğız xalqı tarixində də bir çox qaranlıq nöqtələr vardır.

P.K.Kozlovun fənni dəstəsi tapıntıları tədqiq edərkən də türk abidələrindəki maddi mədəniyyətin müddət və zamanını təyin etməyi çətinliyi qarşısında qalmışlar.

Ərəb mənbələri ilə istifadə edərkən ərəb ədəbiyyatı, o cümlədən coğrafiya məlumatları, yazı mahiyyətində olduğunu nəzərə almalıdır.

Bu və ya digər müəllifin əsərlərindəki məlumatın çoxu onun zamanına aid olmayıb, onun tərəfindən və sair yazılı mənbələrdən alınmışdır. Bu məlumatın çoxu özündən daha da əvvəlki əsrlərə dairdir. Orta Asiya haqqında kitablardan alınmayıb, fəqət, müəllifin özünün şəxsi müşahidələri və tədqiqatı nəticəsi olaraq yazılan ən doğru bir məlumat Türkiyədə təb edilən Mahmud Kaşğarinin əsəridir.

İndiyə qədər olan mənbələr, hətta Mahmud Kaşğarinin əsəri də buraya daxil olmaqla, Orta Asiyanın qərbi cəhətində yaşayan türklərin tarix mədəniyyətinin baçlıca amil və səbəbləri və onların yavaş-yavaş islamı təsirinə, İran müsəlmanları mədəniyyəti nüfuzuna qapılmaları xüsusunda heç bir material bulunmur.

Türklər arasında islamiyyətin müvəffəqiyyəti islamiyyətin ümumi mahiyyəti ilə bağlıdır. Bu dinin yayılması bir mədəni dünyanın və ya bir irqin məziyyət və xüsusiyyətləri ilə mərbut deyildir.

Öz vaxtında müsəlman Türkiyə (osmanlı) ədəbiyyatının birinci mərkəzi Kaşğar, ikincisi Seyhun çayının (Sır-Dərya) orta və aşağı axıntıları ətrafındakı yerlər də daxil olmaqla Xarəzm idi. Bu ikinci mərkəzə görə də osmanlı dili ərəb və fars dilləri sırasında olaraq müsəlman aləmində üçüncü ədəbi dil məqamını tutdu. Bu xüsusda da XIV əsrin şəhadət verir.

Ancaq Monqol hakimiyyəti zamanında İslam dini bir çox türk xalqlarının dini olmuşdur.

Monqolların hərbi müvəffəqiyyətləri nəticələri köçəri ənənələrini canlandıraraq sonralar türklərə monqolların özlərindən daha çox təsir etmişdir.

* * *

Bu mətn türk xalqlarının erkən tarixi və mədəniyyətinin öyrənilməsində mənbə probleminə diqqət çəkən ümumiləşdirici-elmi yanaşmanı əks etdirir. Müəllif vurğulayır ki, türklər tarixi proseslərin böyük hissəsində öz dillərində sistemli yazılı tarix yaratmadıqları üçün onların keçmişinin tədqiqi yalnız türkologiya ilə məhdudlaşa bilməz; sinologiya, iranşünaslıq və ərəbşünaslıq kimi sahələrin paralel istifadəsi zəruridir. Xüsusilə Orxon kitabələrinin əsas ilkin mənbə kimi göstərilməsi, lakin onların oxunuş və şərhinin hələ tam yekunlaşmaması, erkən türk tarixinə dair qəti nəticələr çıxarmağın elmi baxımdan problemli olduğunu göstərir. Mətn Çin, ərəb və digər xarici yazılı mənbələrin son dərəcə istifadəsinin vacibliyini ön plana çəkir və bu mənbələrdəki məlumatların çox vaxt müəlliflərin öz dövrlərinə deyil, daha əvvəlki mərhələlərə aid olduğunu qeyd edir. Bu kontekstdə Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri Orta Asiya türkləri haqqında birbaşa müşahidəyə əsaslanan nadir və etibarlı mənbə kimi qiymətləndirilir. Eyni zamanda, mətn etnoqenez və dil tarixi məsələlərinə toxunaraq çuvaş dili ilə hunlar arasında mümkün əlaqələri, həmçinin qırğızların mənşəyi kimi mübahisəli problemləri qabardır. Arxeoloji tapıntıların (P.K.Kozlov ekspedisiyası nümunəsində) xronoloji təyinatındakı çətinliklər isə maddi mədəniyyətin tarixləndirilməsində metodoloji problemləri göstərir. Mətnin son hissəsində islamın türklər arasında yayılması məsələsi mədəni və irqi amillərdən asılı olmayan ümumdini proses kimi təqdim edilir; Osmanlı ədəbi dilinin XIV əsrdə müsəlman dünyasında üçüncü böyük ədəbi dilə çevrilməsi isə bu prosesin mədəni nəticəsi kimi izah olunur. Monqol hakimiyyəti dövründə islamın türklər arasında geniş yayılması və monqol köçəri ənənələrinin sonrakı türk siyasi-mədəni formalaşmasına təsiri də ümumi tarixi kontekst daxilində dəyərləndirilir.

Professor Borozdinin məruzəsi
(Şərqşünaslıq Cəmiyyətinin üzvü)

Professor Borozdin göstərir ki, Şuralar İttifaqında türk xalqlarının keçməsi lazımınca və müfəssəl öyrənilməmişdir. Xüsusən mükəmməl olmayan abidə və yazıları boşluğunu doldurmaq üçün mühüm olan maddi mədəniyyət abidələri bi nöqsana malikdir.

Xəzər, bulqar, Orta Asiya və Azərbaycan türk xalqlarının mədəni abidələri ilə tanış olmağın böyük əhəmiyyəti vardır.

Professor Xəzər və bulqar abidələrinin hələ lazımınca öyrənilmədiyini göstərərək, qeyd edir ki, yalnız son zaman Oktyabr dövründən sonra Ədiboyunda və Krımda tatar mədəniyyətini öyrənmək üçün bəzi arxeoloji qazıntılar icra edilmişdir. Bu qazıntılar tatar mədəniyyəti inkişafı xüsusunda elmdə hakim olan bir çox boşboğazlığı məhv etdi.

Təbii olaraq XIII və XIV əsrin tatarlarını fabrik və zavod sənayenin və buxar yanacaq sisteminin tərəqqi etmiş XX əsr insanları kimi təsvir etmək olmaz. Bununla bərabər, biz bir çox mədəni ünsürlər və mədəni təsirlər görürüz ki, nəticə etibarilə Altun Ordanın (Золотая Орда) mədəniyyətini təşkil edir.

Sonra profesor Krım hökumətinin tapşırığı ilə Soltahda icra edilən qazıntılar üzərində müfəssəl surətdə duraraq, nəticədə Türkoloji Qurultay Şərqçilik Cəmiyyəti və Krım Cümhuriyyəti adından Soltahda tapılan qədim abidələrin təsviri albomunu təqdim etdi. Sonra professor Borozdin gələcək Türkoloji qurultaylarda bir çox bu kimi albomların olacağına və türk xalqının istər arxeoloji, istər arxeoqrafik ekspedisiyalar şəklində keçmişin iqtisadi, ictimai və mədəni quruluşunu öyrənmək üçün bu işi davam etdirəcəyinə ümid etmişdir. Borozdinin son sözləri: Yaşasın azad Şərq! Yaşasın böyük mədəni işlərə yol verən və yardım edən Şuralar İttifaqı! Bu sözlər sürəkli alqışlarla qarşılanmışdır.

Bu məsələ üzrə professor Messaroş və Kursin məruzədə bulundular.

Türklər haqqında antropoloji və etnoqrafi kitablar azdır. Təsadüfi olanları isə qiymətsizdir. Poleontoloji tədqiqatlar hənüz başlanğıc haldadır. Türk mədəniyyətini öyrənmək üçün onun nəzəri şəkillərini göz önünə gətirmək və buna görə də ayrı-ayrı olan yaşayış ünsürlərinin coğrafi nöqteyi-nəzərindən yayılması və bizim etniki qrup dediyimiz bioloji vahidini təşkil edən amilləri öyrənmək lazımdır.

Ancaq bunları öyrəndikdən sonra biz tədqiqi lazım gələn fənni məsələləri meydana qoya bilərik. Fəqət o zaman türk xalqlarının qrup və məntəqələri əsarətləri və təbiyyəti haqqında bir şey deyə biləriz.

Məruzəçi öz sözünü insan cəmiyyətlərinin biolojisini qəti öyrənmək yolunda müvəffəqiyyətlər diləyərək, bəşəriyyətin mədəniyyətindəki təkamülü göstərib, diletantlıqdan (sənaye, nəfs və ya başqa bir şeyə həvəskarlıq) doğru müəyyən fənni tətəbbö və tədqiqə keçmək zamanı yetişdiyini söyləmişdir.

* * *

Mətn professor Borozdinin çıxışı əsasında Sovet dövründə türk xalqlarının tarixi-mədəni keçmişinin yetərincə və sistemli şəkildə öyrənilmədiyi fikrini ön plana çıxarır. Xüsusilə yazılı mənbələrin və epiqrafik abidələrin natamamlığı fonunda maddi mədəniyyət nümunələrinin əsas tamamlayıcı mənbə kimi çıxış etməli olduğu vurğulansa da, bu sahədə aparılan tədqiqatların da metodoloji və faktoloji boşluqlarla müşayiət olunduğu qeyd edilir. Bu yanaşma türk tarixinin yalnız mətn əsaslı deyil, arxeoloji və arxeoqrafik materiallar vasitəsilə kompleks şəkildə araşdırılmasının zəruriliyini göstərir. Xəzər, Bulqar, Krım, Orta Asiya və Azərbaycan türklərinə aid mədəni abidələrin öyrənilməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Borozdin Xəzər və Bulqar abidələrinin uzun müddət elmi diqqətdən kənarda qaldığını, yalnız Oktyabr inqilabından sonra Krım və Volqaboyu bölgələrində aparılan arxeoloji qazıntıların tatar mədəniyyəti haqqında elmdə mövcud olan stereotip və qeyri-elmi təsəvvürləri təkzib etdiyini bildirir. Altun Orda mədəniyyətinin sənaye dövrü meyarları ilə deyil, tarixi-mədəni kontekst daxilində dəyərləndirilməli olduğu fikri isə tarixi anaxronizmin tənqidinə yönəlmişdir.

Mətn, eyni zamanda, türkoloji tədqiqatların gələcəyinə dair optimist ideoloji fikir təqdim edir: Soltahda aparılan qazıntıların nəticələrinin Türkoloji Qurultaya albom şəklində təqdim edilməsi, gələcəkdə bu tip arxeoloji və arxeoqrafik ekspedisiyaların davam etdiriləcəyinə dair ümidlər Sovet elmi-siyasi diskursu ilə uzlaşdırılır. Borozdinin yekun şüarları mətndə elmi fəaliyyətin ideoloji legitimləşdirilməsi funksiyasını daşıyır. Son hissədə antropoloji, etnoqrafik və paleontoloji tədqiqatların zəif inkişafı vurğulanır və türk xalqlarının etnogenezi, mədəni strukturu və sosial təşkilatlanmasının yalnız bioloji, coğrafi və mədəni amillərin kompleks şəkildə öyrənilməsi əsasında dərk edilə biləcəyi qeyd olunur. Məruzəçi elmi diletantlıqdan uzaqlaşıb sistemli və metodoloji cəhətdən əsaslandırılmış tədqiqata keçidin zəruriliyini bildirərək, türkoloji araşdırmaların gələcək istiqamətlərinə konseptual formaya salır.

Doyçen Ubeydulinin məruzəsi
(Azərbaycan Darülfünunun doçenti)

Sonra yoldaş Übeydulin türk-tatar xalqlarının indiki vəziyyəti və onların tarixinin öyrənilməsi üçün gələcək vasitələr haqqında məruzədə bulunmuşdur. Məruzəçi türk-tatar xalqının keçmişinin türk-tatar alimləri tərəfindən Avropa metodu üzrə öyrənməyə XIX əsrdə başlandığını qeyd edərək, 1905-ci il inqilabının türk xalqları üçün böyük əhəmiyyəti olduğunu göstərir. Bu inqilabdan sonra Rusiyadakı türk xalqlarının məktəb və mədrəsə proqramına milli tarix dərsi keçilmişdi. Oktyabr inqilabı isə bu məsələyə daha böyük əhəmiyyət verdi. Türk-tatar xalqları istiqlaliyyət qazanaraq, qohum və ya qonşu xalqları öyrənmək lüzumunu hiss etdilər. Bundan sonra ölkənin və xalqın tarixi xalq və hökumət məktəblərində qəti dərs şəklini aldı. Nəhayət, türk-tatar xalqları və məmləkətinin tarixi yeni açılmış ali məktəblərində özünə yer tapdı və buraya da bir çox türk-tatar alimləri cəlb olundu.

Oktyabr dövründə türk-tatar tarixi ədəbiyyatı yeni əsaslar meydana atdı. Hərgah türk alimləri bu vaxta qədər orta dövrü öyrənməklə məşğul idilərsə, oktyabrdan etibarən başlıca olaraq yeni dövrü öyrənməyə başladılar.

Son illərdə türk-tatar alimlərinin tarixini öyrənmək hərəkatı olduqca irəliləmişdisə də, bunların çoxu avamxas şəkildədir, bu da müəllimlərin elmi xalqa yaxınlaşdırmaq arzusu və xüsusi hazırlanmış şəxslərin olmamasından irəli gəlir.

* * *

Mətn Ubeydulinin məruzəsi əsasında türk-tatar xalqlarının tarixi şüurunun formalaşması və bu tarixin öyrənilmə mexanizmlərinin müntəzəm inkişaf mərhələlərini əks etdirir. Müəllif XIX əsrdən etibarən türk-tatar alimlərinin öz keçmişlərini Avropa elmi metodologiyası əsasında tədqiq etməyə başlamasını türk tarixşünaslığında keyfiyyətcə yeni mərhələ kimi təqdim edir. 1905-ci il inqilabının milli oyanış prosesində xüsusi rolu vurğulanaraq, bu dövrdən sonra türk xalqlarının məktəb və mədrəsə proqramlarında milli tarix fənninin yer alması mühüm nailiyyət kimi qiymətləndirilir.

Oktyabr inqilabı isə mətnə görə, türk-tatar tarixşünaslığının məzmun legitimliyini daha da gücləndirmiş, milli istiqlaliyyət ideyasının formalaşması ilə yanaşı, qohum və qonşu xalqların tarixinin öyrənilməsinə ehtiyac yaratmışdır. Bu proses nəticəsində türk-tatar tarixinin xalq və dövlət məktəblərində sistemli fənnə çevrilməsi, ali təhsil müəssisələrində isə ayrıca elmi istiqamət kimi təşəkkül tapması göstərilir. Xüsusilə türk-tatar mənşəli alimlərin ali məktəblərə cəlb edilməsi milli tarixşünaslığın kadr bazasının formalaşması baxımından əhəmiyyətli hesab olunur.

Mətn, həmçinin Oktyabr inqilabı dövründə türk-tatar tarixi ədəbiyyatının tematik istiqamətinin dəyişdiyini qeyd edir: əvvəlki mərhələdə əsasən orta əsrlərin tədqiqinə yönəlmiş araşdırmaların yerini yeni dövr tarixinin öyrənilməsi tutur. Bununla belə, müəllif son illərdə müşahidə olunan canlanmaya baxmayaraq, aparılan tədqiqatların bir hissəsinin elmi baxımdan yetərincə dərin olmadığını, bunun isə kütləvilik, maarifçilik məqsədi və peşəkar hazırlıqlı mütəxəssislərin çatışmazlığı ilə əlaqəli olduğunu vurğulayır. Bu tənqid türk-tatar tarixşünaslığında metodoloji yetkinlik probleminin mövcudluğunu göstərir.

Professor Kursinin məruzəsi
(Macarıstan nümayəndəsi)

Türk xalqlarının etnoqrafi vəziyyəti haqqında Kursin maraqlı bir məruzədə bulunur.

Qafqaziya və Zaqafqaziyanın əksəriyyətini təşkil edən türk xalqları öz yaşayışı və mədəniyyəti ilə pək müxtəlif şəkillərdədir. Öz çoxluğuna və iqtisadi, siyasi həyatda böyük rol oynamalarına baxmayaraq, onlar etnoqrafi nöqteyi-nəzərindən, yəni ki, həyat, ənənə, adətlər, antropoloji, dialektoloji xüsusiyyəti və qeyri-tərəfdən hənuz tədqiqi edilməmişdir. Doğrusu, sosializm təsərrüfat və siyasi quruluş üçün etnoqrafi tədqiqat elmcə, həm də əməli cəhətdən əhəmiyyətlidir.

Bütün Qafqaz xalqlarının etnoqrafisi tətəbbö və tədqiqat üçün ən əvvəlcə bu barədə indiyə qədər nə edildiyini bilmək lazımdır. Buna görə də Kafkaziya xalqlarının etnoqrafiyasını bildirən və öyrədən ədəbiyyat və kitabların biblioqrafi kataloqu düzəldilməlidir. Ondan sonra ərəb, İran, Türkiyə, Avropa müəlliflərinin və sair mənbələrdən Kafkaziyanın türk xalqları haqqında verilən məlumatı bir araya toplayaraq, ayrıca əsərlər təb etdirməlidir. Axırda isə “Kafkaziyanın tük xalqlarının etnolojisi haqqındakı materialları” ya bizdə, yaxud parça-parça çap və ya intisar etməli.

Türk xalqlarını sistematik halda tətəbbö və tədqiq üçün Bakıda etnoloji şöbəsi olmaqla bərabər, bir tədqiqat institutu təşkil etmək lazımdır.

Kafkaziyanın türk xalqlarını öyrənmək üçün Bakıda mərkəzi bir mətbuat orqanı tərtib edib, orada isə etnoloji mahiyyətində olan məsələlər başlıca mövqe tutmalıdırlar.

Kafkaziyadakı türk xalqlarını öyrənmək üçün Bakıda bir muze yaratmalı və yaxud müvəqqəti olaraq Azərbaycan Dövlət muzesi yanında bu məsələyə aid bir şöbə təşkil etməli.

Bakı Dövlət Darülfünununda Kafkaziya türk xalqlarını öyrənmək üçün etnoloji disiplin tədrisini qüvvətləndirməlidir.

* * *

Mətn Kursinin məruzəsi əsasında Qafqazda və Zaqafqaziyada yaşayan türk xalqlarının etnoqrafik vəziyyətinin elmi baxımdan yetərincə araşdırılmadığını ortaya qoyur. Müəllif vurğulayır ki, bu xalqlar say etibarilə çoxluq təşkil etmələrinə və regionun iqtisadi-siyasi həyatında mühüm rol oynamalarına baxmayaraq, onların yaşayış tərzi, ənənə və adətləri, antropoloji, dialektoloji və mədəni xüsusiyyətləri sistemli şəkildə tədqiq olunmamışdır. Etnoqrafik araşdırmaların sosialist təsərrüfat və siyasi quruluşun elmi əsaslandırılması baxımından həm nəzəri, həm də praktik əhəmiyyət daşıdığı xüsusi olaraq qeyd edilir.

Məruzədə metodoloji baxımdan mərhələli tədqiqat proqramı təklif edilir: əvvəlcə mövcud ədəbiyyatın və araşdırmaların vəziyyətinin müəyyənləşdirilməsi, bu məqsədlə Qafqaziya xalqlarının etnoqrafiyasına dair biblioqrafik kataloqun hazırlanması zəruri hesab olunur. Ardınca ərəb, fars, türk və Avropa müəlliflərinin mənbələrində yer alan məlumatların toplanaraq sistemləşdirilməsi və ayrıca nəşrlər şəklində çap edilməsi təklif edilir. Bu yanaşma mənbəşünaslıq və müqayisəli etnologiya prinsiplərinə əsaslanır.

Kursinin təkliflərində quruculuq mühüm yer tutur: Bakıda etnoloji şöbəsi olan xüsusi tədqiqat institutunun yaradılması, mərkəzi elmi mətbuat orqanının təşkili, türk xalqlarına həsr olunmuş muzey və ya muzey şöbəsinin formalaşdırılması, eləcə də Bakı Dövlət Darülfünununda etnologiya fənninin gücləndirilməsi zəruri tədbirlər kimi irəli sürülür. Bu təkliflər Qafqaz türklərinin etnoqrafiyasının təsadüfi müşahidələrdən çıxarılaraq sistemli və elmi əsaslı tədqiqat sahəsinə çevrilməsini hədəfləyir.

(ardı var)

Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor



Sosial həyat