"Telegram"ın tərtibatçıları ismarışların təkmilləşdirilmiş formatlaşdırılması funksiyasını və bot tərtibatçıları üçün genişləndirilmiş imkanları ehtiva edən genişmiqyaslı yenilənmə buraxıblar. Bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.
Yenilənmədən sonra botlar cədvəllərdən, sitatlardan, tapşırıq siyahılarından (to-do lists), riyazi düsturlardan və Markdown işarələnməsindən (".md") istifadə etmək, həmçinin karusellər və kollajlar da daxil olmaqla multimedia elementlərini yerləşdirmək imkanı qazanıblar. Yeni alətlər əsasən məlumatların strukturlaşdırılmış şəkildə təqdim olunmasını tələb edən təhsil, korporativ və xidmət ssenarilərində istifadə üçün nəzərdə tutulub.
Əlavə olaraq, istifadəçilər artıq botları qrup çatlarına inzibatçı (administrator) təyin edə və qrupa qoşulma sorğularının işlənməsini onlara həvalə edə biləcəklər. Bu isə böyük icmaların idarə edilməsini əhəmiyyətli dərəcədə sadələşdirir.
Dəyişikliklər tətbiqdaxili sorğulara da şamil olunub: artıq cavab variantlarına keçid linkləri əlavə etmək mümkündür ki, bu da səsvermələrin keçirilməsi və rəylərin toplanması üçün əlavə imkanlar yaradır.
"Telegram"ın daxili brauzeri isə Markdown işarələnməsi olan faylların dəstəklənməsi funksiyasını və xarici keçidləri açmaq üçün xarici brauzerin sürətli seçimi imkanını əldə edib.
S.ELAY
XQ

