2016-cı ilin Aprel döyüşlərində 1994-cü ildən sonra Azərbaycan tərəfi ilk dəfə işğal olunmuş ərazilərdə uğur qazandı. Ancaq qazanılan uğurlar heç də asan əldə olunmadı; bu nailiyyətlər vətən uğrunda canını fəda edən igid oğulların qanı və həyatı bahasına başa gəldi. 2016-cı ilin aprelində cəbhə xəttində baş verən ağır və gərgin döyüşlər zamanı Azərbaycan Ordusu 89 şəhid verdi.
Vətən qurbanları arasında Şəki torpağının yetirdiyi 3 igid – Elnur İsgəndərov, Orxan Hümmətov və Vüqar Süleymanov da var idi. Ötən 10 ildə onlar Azərbaycan xalqı üçün daha da əziz, doğma olublar. Bu gün onları tanıyan, sevən təkcə ailələri, doğmaları olduğu halda bu gün bütöv bir xalq, milyonlarla Azərbaycan vətəndaşıdır.
2016-cı il Aprel döyüşləri zamanı, 27 yaşında şəhidlik zirvəsinə ucalan baş leytenant Elnur İsgəndərovun ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda” medalı 21 may 2016-cı il tarixində onun yeganə övladı, 6 aylıq oğlu Elman İsgəndərovun sinəsindən asılmışdı. Bu gün isə həmin körpə böyüyüb atasına layiq övlad kimi yetişir.
1 iyun 1989-cu il tarixdə Şəkidə, müəllim ailəsində anadan olmuş Elnur atasının çalışdığı Şəki şəhər 11 saylı tam orta məktəbdə təhsil həyatına başlayıb, 2006–2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin müdavimi olub. 2010-cu ildən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlılar bölməsində xidmətə başlayan Elnur İsgəndərov 2016-cı il aprelin 2-də, döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.
Aprelin 11-də onun cənazəsi əllərində Azərbaycan bayraqları daşıyan böyük bir izdihamın “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları altında dəfn olunub. Elnurun qəbri dəfn olunduğu qəbiristanlıqda ilk şəhid məzarı idi. 2020-ci ildə Vətən müharibəsi zamanı Şəkinin ilk şəhidi yenə də 11 saylı orta məktəbin məzunu – Elşən İbrahimov idi. Elşən də eyni qəbiristanlıqda dəfn olundu. Onun ardınca isə məzarlar bir-bir artdı. Bu gün artıq həmin qəbiristanlıq “Şəhidlər” kimi tanınır. Vətən uğrunda canlarını fəda etmiş igidlər yan-yana uyuyur.
Şəkinin ikinci Aprel şəhidi gizir Orxan Hümmətov (1992–2016) 4 noyabr 1992-ci ildə Kiş kəndində anadan olub. 2 aprel 2016-cı ildə 23 yaşında, Azərbaycan – Ermənistan təmas xəttində baş vermiş döyüşdə qəhrəmancasına həlak olub. Aprelin 5-də doğma kəndində dəfn edilib. Ölümündən sonra III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.
20 yanvar 1993-cü ildə Böyük Dəhnə kəndində doğulmuş əsgər Vüqar Süleymanov da Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olub. 2015-ci ildə Bakı Slavyan Universitetini bitirib Vətənə əsgəri borcunu ödəmək üçün hərbi xidmətə yollanmışdı. 23 yaşında şəhid oldu. Onun da arzuları yarımçıq qaldı.
Vətən şəhidlərinin arzuları qazandıqları Aprel qələbəsinin açdığı qapıdan keçərək 2020-ci ilin payızında Qarabağ zəfərinə çevrildi. Bütün şəhidlərimizin intiqamı alındı, onların narahat ruhu əbədi dinclik tapdı.
Zəminə RƏSULOVA,
Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi





