Kamil bir papaqçı olanda insan...

post-img

Papaq isə təkcə baş örtüyü deyil

Qədim sənətlərdən biri olan papaqçılıq əsrlər boyu Azərbaycan kişilərinin gündəlik həyatında və ictimai mövqeyində mühüm rol oynayıb. Keçmiş dövrlərdə xüsusi hörmət qoyulan bu geyim təkcə soyuqdan qorunmaq vasitəsi deyil, həm də şərəf, qeyrət və kişilik rəmzi kimi qəbul edilib. Papaq həm də kimliyin və ənənələrin yaşadılmasında mühüm rol oynayıb. Bir sözlə, papaq Azərbaycan xalqının tarixini, mədəniyyətini və mənəvi dəyərlərini özündə əks etdirən əvəzsiz irs nümunəsidir. Hətta birinin papağının oğurlanması sahibinə qarşı düşmən hücumu kimi qiymətləndirilirdi.

Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanıb. Kişi baş geyimləri içərisində aşılı qoyun dərisindən tikilmiş papaq xüsusi yer tutub. Qaragül dərisindən tikilən papaqlar isə daha qiymətli sayılıb. Onun forması adətən dairəvi və bir qədər hündür, rəngləri isə əsasən qara, boz və ya ağ olub.

Azərbaycanın müxtəlif bölgələrində papağın fərqli növləri mövcud olub. Məsələn, buxara papaq, şiş papaq və s. Hər bir növ həm formasına, həm də istifadə olunan materialına görə fərqlənib. Bu müxtəliflik isə ölkənin zəngin mədəni irsinin göstəricisidir.

Bu gün papaq əvvəlki kimi gündəlik həyatda geniş istifadə olunmasa da, milli bayramlarda, folklor tədbirlərində və xüsusi mərasimlərdə öz yerini qoruyub saxlayır. Hər biri müəyyən bölgəni, zövqü və sosial mənanı ifadə edir. Çoxlarının istifadə etdiyi Qaragül papağı ən məşhur papaq növlərindən biridir, yumşaq, parlaq və qara rəngdə olur. Daha çox zadəganlar və nüfuzlu şəxslər tərəfindən istifadə edilir. Dağlıq bölgələrdə daha çox yayılan şiş papaq isə adından göründüyü kimi, hündür, bir qədər sivri formada, qoyun dərisindən hazırlanır. Buxara papağı Orta Asiya təsiri ilə Azərbaycanda da yayılıb. Bahalı xəzlərdən hazırlanan, görkəmi ilə daha zəngin və diqqətçəkən bu papaq xüsusi günlərdə istifadə edilib.

Ağsaqqallarımızdan eşitdiyimizə görə, vaxtilə hər məhəllənin öz papaqçısı olub. Hazırda milli papaqlara maraq azaldığından indi bu qədim sənəti yaşadan sənətkar papaqçı tapmaq, onunla söhbətləşmək sanki samanlıqda iynə axtarışına bənzəyir.

25 ildən çoxdur ki, papaqçılıqla məşğul olan Ramin Fərzəliyev 15 yaşından bu sənəti yaşadır. O, sadəcə, usta deyil, babasından miras qalan ənənəni qoruyan və gələcəyə daşıyan sənətkardır.

“Papaqçılıq mənim üçün peşədən daha çox ailə mirasıdır. Babam bu sənətə ömrünün 70 ilini sərf edib. Mən isə onun nəfəsini bu gün də işimdə hiss edirəm”, – deyir Ramin. Əslən İrəvandan olan babası Nazim Nəcəfov illərlə balaca dükanında papaq tikib. Ramin isə o emalatxanada böyüyüb: “8–9 yaşımda bu sənətə marağım başladı, 15 yaşımda artıq özüm sərbəst papaq tikirdim” - usta fəxrlə söyləyir. Raminin babasının atası da papaqçı olub. Emalatxanasını babalardan yadigar qalmış qədimi əşyalarla yanaşı, əsri haqlamış qəliblər də bəzəyir.

Həmçinin @Millipapaq_Azerbaijan hesabının yaradıcısı Raminin yüksək zövqlə tikdiyi papaqların çeşidi olduqca genişdir: Milli papaq, Ziyalı, Səfir, General modelləri, idman üslubu... Onun sözlərinə görə, bölgələrə görə də fərqlər var: “Qazax papaqları bir az hündür olur, Şəki papaqları isə daha yığcam”.

Sosial şəbəkələrdəki videolarında papağın tikiliş prosesi, tarixi incəlikləri, müxtəlif modellərin hazırlanma mərhələləri izləyicilərə təqdim olunur. “Uğurun sirri səmimiyyətdədir. Hər videoda hiss olunur ki, bu sənət bizə ailədən miras qalıb”, – deyir usta. Videolara baxan izləyicilər maraqlanır, həm də sifariş verirlər. Beləcə, sosial şəbəkə onun üçün maarifləndirmə və müştəri qazanma vasitəsinə çevrilib.

Ustanın sifarişçiləri həm gənclər, həm də ağsaqqallardır. Hətta dövlət qurumları və din xadimləri də müraciət edir. Tanınmış xanəndələrimiz mərhum Ağaxan Abdullayev, Alim Qasımov və Elnur Məmmədov üçün papaqlar tikib. Ordu generalları, zabitlər, vaxtilə babasının müştəriləri və onların övladları Raminin ünvanına üz tutanlar arasındadır. Papaqların modellərinə görə də qiyməti fərqlidir. 150-300 manat arasında dəyişir. Bu isə yalnız zəhmətin, əməyin tələb olunması ilə bağlıdır. Papağın neçə günə tikilməsinə gəlincə, Ramin bu müddətin papağın növünə görə dəyişdiyini bildirdi: “Bir papağın tikilib başa çatması bəzən 3-4 saat, bəzənsə 3-4 gün vaxt aparır. Əvvəlcə papaq üçün müəyyən edilmiş dərinin növü seçilir. Sonra sifarişçinin baş ölçüsünə uyğun olaraq biçilib-kəsilir. Papağa hazırlanan içlik dəriyə tikilir və qəlibə qoyulur”.

Maraqlısı odur ki, sifarişlər təkcə Azərbaycandan deyil, Türkiyə, İngiltərə, Rusiya, Almaniya, İsveçrə, Hollandiya və İsraildən də gəlir. Belə ki, müştərilər sosial şəbəkələr vasitəsilə müraciət edirlər. Tikiş üçün dəriləri Özbəkistandan (buxara dəriləri), Əfqanıstandan (əfqan qaragül dəriləri) və Afrikanın Namibiya ölkəsindən (swakara dəriləri) sifariş edir. Gün ərzində 3-4, bir ayda 40-a yaxın papaq satır.

Raminin gələcək planları daha genişdir: “İstəyirəm papaqda istifadə olunan dərinin hazırlandığını, necə seçildiyini izləyicilərə, ümumiyyətlə, papağın necə ərsəyə gəldiyini canlı olaraq sosial şəbəkələrdə göstərim. Çünki saxta materiallardan hazırlanan məhsullar çoxdur. İnsanlar doğru ilə yanlışı ayıra bilməlidirlər”.

Papaqçı Ramin Fərzəliyev bu gün, sadəcə, bir sənəti deyil, həm də milli dəyərləri yaşadır. Onun tikdiyi papaqlar keçmişin yadigarı olmaqla yanaşı, bugünün trendlərinə də çevrilir. Bu qədim sənət insanların maraq dairəsinə qaytarılır, hətta sərhədləri aşaraq dünyaya yayılır.

Usta papaqçının qabarlı əlləri sanki illərin zəhməti ilə bərkiyib, hər toxunuşunda isə bir incəlik gizlənir. Qara quzu dərisini sığallayarkən keçmişlə bu günü birləşdirir, hər lifdə bir xatirə oyadır. Emalatxanasındakı dərinin qoxusu, alətin səsi, iynənin səssiz rəqsi – bunlar hamısı bir sənətin deyil, sanki bir həyatın melodiyasıdır. Bir usta əlində iynə ilə keçmişi qoruyur, onu gələcəyə ötürür. Çünki papaqçılıq yaddaşın, kimliyin və mədəniyyətin canlı izidir.

Müşfiq MİRZƏ
XQ

Sosial həyat