BMT-də qadınların zorakılıqdan müdafiəsi ilə bağlı Azərbaycan təcrübəsindən bəhs edilib

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türkiyənin təşəbbüsü və Azərbaycanın həmtəşkilatçılığı ilə BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası çərçivəsində təşkilatın İqtisadi və Sosial Şurasında (ECOSOC) keçirilən yan tədbirdə çıxış edib.

B. Muradova qadınların ədalətə çıxış imkanlarının texnoloji vasitələrlə genişləndirilməsinin beynəlxalq səviyyədə müzakirəsinin böyük əhəmiyyət daşıdığını qeyd edib. Komitə sədri bildirib ki, hüququn mövcudluğu ilə yanaşı, ona real çıxışın təmin olunması vacibdir. O, ədalətə çıxışın yalnız hüquqi mexanizm deyil, eyni zamanda inkişafın, təhlükəsizliyin və insan hüquqlarının əsas şərtlərindən biri olduğunu deyib.

B.Muradova, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin gender bərabərliyini nəzərdə tutan 5-ci məqsədilə sülh, ədalət və güclü institutları hədəfləyən 16-cı məqsədinin bir-birini tamamladığını diqqətə çatdırıb. O qeyd edib ki, rəqəmsal transformasiya ədalət sistemlərinə yeni imkanlar açır. Elektron müraciət sistemləri, onlayn hüquqi məlumat bazaları və rəqəmsal monitorinq mexanizmləri qadınların müdafiə imkanlarını genişləndirərək hüquqi prosedurların daha operativ həyata keçirilməsinə şərait yaradır.

Komitə sədri, Azərbaycanda qadınların zorakılıqdan müdafiəsi və ədalətə çıxışının gücləndirilməsi istiqamətində hüquqi və institusional mexanizmlərin təkmilləşdirildiyini, qanunvericiliyin beynəlxalq öhdəliklərə uyğunlaşdırıldığını, mühafizə orderləri və sosial dəstək mexanizmlərinin genişləndirildiyini qeyd edib.

Bahar Muradova bildirib ki, rəqəmsal ədalət əlçatanlıq, təhlükəsizlik, məxfilik və insan mərkəzli yanaşma prinsiplərinə əsaslanmalı, süni intellekt və avtomatlaşdırılmış sistemlərin tətbiqində gender həssaslığı və qərəzsizlik təmin edilməlidir. Əlavə edib ki, əks halda alqoritmik qərəz mövcud bərabərsizlikləri dərinləşdirə bilər. Çıxışının sonunda o vurğulayıb ki, ədalətin gələcəyi texniki baxımdan rəqəmsal olsa da, mahiyyət etibarilə etik prinsiplərə və insan hüquqlarına əsaslanmalı, tətbiq olunan texnologiyalar isə inklüziv olmalı və yeni rəqəmsal uçurumlar yaratmamalıdır.

Z.BƏŞİRQIZİ
XQ





Sosial həyat