Paytaxtda Novruz yarmarkası

post-img

Aşağı qiymət, yüksək xidmət məmnunluq yaradır

Yazın gəlişi ərəfəsində şəhərin mərkəzində günəşli bir səhərin ilk saatlarından etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunan “Kənddən şəhərə” Novruz yarmarkasında canlanma hiss olunurdu. Satıcılar öz məhsullarını səliqə ilə düzür, alıcıları qarşılamağa hazırlaşırdılar.

“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü Faiq Hüseynovun verdiyi məlumata görə, yarmarka ərazisində Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyası fəaliyyət göstərir: “Əsas məqsəd şəffaflığın təmini və vətəndaşları satılan məhsulların keyfiyyətinə əmin etməkdir. Yarmarkada iştirak edən fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz təmin olunublar. İnanırıq ki, bu yarmarka vətəndaşların münasib qiymətə yerli məhsul əldə etmələrinə şərait yaradacaq, həm də bayram əhvali-ruhiyyəsinə töhfə verəcək”.

Budəfəki yarmarkada 25 regiondan 55 fermer 145 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirdilər. Yerli fermerlərin məhsulları xüsusi maraq doğururdu. Novruz ədviyyatları, xonçalıq məhsullar, yüksək zövqlə bəzədilmiş səmənilər, təzə tərəvəzlər, bal və müxtəlif növ mürəbbələr alıcıların diqqətini cəlb edirdi. Satıcılar məhsulların təbii olduğunu vurğulayır, alıcılar isə dadına baxaraq seçim edirdilər.

Novruz əhvali-ruhiyyəsi və kənd təsərrüfatı məhsullarının, meyvələrin bolluğu isə yarmarkanın rəngarəng mənzərəsini yaradırdı. Yarmarkaların təşkili belə tədbirlər yerli istehsalın dəstəklənməsi, kiçik sahibkarların tanıdılması, eyni zamanda, şəhər sakinlərinin təbii məhsullara əlçatanlığını təmin etməklə yanaşı, zəhmət adamlarının əməyinə verilən dəyərin bariz nümunəsidir. Sosial baxımdan yarmarkalar əhalinin rifahının yüksəldilməsinə müsbət təsir göstərir. Bununla yanaşı, yarmarkalar milli ənənələrin yaşadılması, mədəni irsin təbliği və ictimai həmrəyliyin gücləndirilməsi baxımından da əhəmiyyətlidir.

Yarmarkaya gələn paytaxt sakinləri qeyd etdilər ki, bu cür təşkilatçılıq onların ailə büdcəsinə qənaət etməyə imkan yaradır. Fermerlər isə məhsullarının satışında yarmarkaların mühüm rol oynadığını bildirdilər.

Balakənli fermer Sara Həsənova 400 kiloqrama yaxın məhsul gətirdiyini bayram süfrəsinə daha çox çərəzlər, qoz, fındıq, badam, buğda, balqabaq tumu, innab, quru meyvələr qoyulduğu üçün alıcılara bazar qiymətlərindən xeyli aşağı təklif etdiyini bildirir. Hektarlarla torpaq sahəsində əkib-becərdiyi və bu gün paytaxt sakinlərinə təklif olunan məhsullar ailə təsərrüfatının birgə əməyinin bəhrəsidir. Keyfiyyətlərinə də söz ola bilməz. Barlı-bərəkətli torpaqdan əldə etdiyi qazancla övladlarına təhsil verməklə yanaşı, ev-eşik sahibi edib. Onları da zəhmətə alışdırıb.

Qəbələli fermer Vüsal Mürsəlov isə 300 kiloqrama yaxın məhsul satışa çıxarıb. Piştaxtasını əsasən həyətyanı sahəsinin məhsulları bəzəyir. Şabalıd, qoz, fındıq, xurma, lobya alıcıların ən çox aldığı məhsullardır. Fermer bildirir ki, Novruz bayramında sakinlərə lazım olanların hamısını gətirmişik. Qiymətlər də münasibdir. Bazar və marketlərdən hiss ediləcək dərəcədə fərqlənir. Elə vaxt olur ki, istənilən bir məhsulun satışında alıcı ilə razılaşmalı oluruq. İndi Ramazan ayıdır. Hamı bir-birinə kömək etməli, əl tutmalıdır.

Fermer Fazil Rüstəmov Qubadlının Başarat kəndindəndir. Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1410 metr hündürlükdə Kiçik Həkəri çayı sahilində yerləşən doğma dağ kəndinə 80 arı ailəsini köçürüb. İsti ocağını tərk etməzdən əvvəl də dolanışıq yeri torpaq olub. İndi isə kəndinə dönüb birdəfəlik məskunlaşacağı günü səbirsizliklə gözləyir. Kəndə köç etdikdən sonra hansı işlərlə məşğul olacağının planlarını qurub. Fazil dayı yarmarkaya paytaxt sakinləri üçün xalis bal, müxtəlif növ kəklikotu, solmazçiçəyi, əvəlik çıxarıb. Bunlar doğma kəndinin məhsullarıdır. Yaradılan şəraitdən razılığını bildirən fermer Başaratın bərəkətli məhsullarını növbəti yarmarkalarda satacağına tam əmindir.

Bakı şəhər sakini Rauf Əliyev qiymətlərdən və məhsulların keyfiyyətindən razılığını bildirir: “Novruz bayramı yaxınlaşdıqca, fikirləşirdim ki, haradan bazarlıq edəcəm. Yarmarkanın keçirilməsi ilə bağlı məlumatı oxuduqda sevindim. Burada qiymətlər olduqca münasibdir. Bayram əhvali-ruhiyyəsi də hiss olunur. Əsas odur ki, məhsullar keyfiyyətlidir. Satıcı-alıcı münasibətləri yüksək səviyyədə olduğundan bəzən güzəşt də edirlər. Yarmarkada gigiyenik qaydalara da yüksək səviyyədə əməl olunur. Bu cür yarmarkaların mütəmadi keçirilməsi həm yerli istehsalın təşviqi, həm də əhalinin sosial rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çox istərdim yarmarkalar daimi olsun, həm büdcəmizə qənaət etmiş olarıq, həm də orqanik məhsullardan yararlanarıq. Əsas odur ki, məhsulları birbaşa istehsalçılardan alırıq. Həm də istənilən növ məhsulları seçmək imkanımız var. Zəhmət adamlarına təşəkkür edirəm. Onlar ilboyu əkib-becərirlər. Çəkdikləri əziyyət, axıtdıqları alın təri ölçüyəgəlməzdir. Biz paytaxt sakinləri məhz kənd əməkçilərinin zəhməti sayəsində hər növ keyfiyyətli qida məhsulları ilə təmin olunuruq. Bir anlığa diqqət etsək, görərik ki, piştaxtalarda nələr yoxdur? Bu məhsullar onların qabar əllərinin bəhrəsidir”.

Yarmarkaların düzgün və mütəşəkkil təşkili bazar münasibətlərinin sağlam inkişafına, əhalinin maddi təminatının yaxşılaşdırılmasına və cəmiyyətin iqtisadi fəallığının artmasına xidmət edir.

Onu da qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunan “Kənddən Şəhərə” Novruz yarmarkası martın 18-dək davam edəcək.

Müşfiq MİRZƏ
XQ

Sosial həyat