Yaxın Şərqdən baş qaldıran ekoloji kabus

post-img

Bölgədə hərbi əməliyyatların yaratdığı geniş çirklənmə dalğası Azərbaycana çata bilərmi?

Fevralın 28-dən etibarən İran ərazisində davam edən hərbi əməliyyatların təkcə hərbi və siyasi deyil, həm də ciddi ekoloji nəticələr doğura biləcəyi ilə bağlı narahatlıqlar getdikcə artır. Xüsusilə neft emalı zavodları və yanacaq anbarlarının hədəfə alınması nəticəsində atmosferə daxil olan qara tüstü buludları regionun bir sıra ölkələri üçün potensial ekoloji təhlükə yaradır. Ekoloqların fikrincə, bu çirklənmə hava axınlarının istiqamətindən asılı olaraq qonşu dövlətlərə yayıla və hətta Şimali Qafqaz regionuna qədər çata bilər. Belə bir vəziyyət isə Azərbaycan üçün də ekoloji təhlükə ehtimalını gündəmə gətirir.

Raketlər səmanın bağrını yarır

Tarix boyu müharibələr insan itkilərinə səbəb olmaqla və infrastruktura ziyan vurmaqla yanaşı, həm də uzunmüddətli ekoloji fəsadlarla yadda qalıb. Enerji infrastrukturu, xüsusilə neft emalı zavodları, neft anbarları və yanacaq bazaları müasir münaqişələrdə ən həssas obyektlərdən hesab edilib. Belə obyektlərə endirilən zərbələr hər zaman böyük miqdarda karbohidrogenlərin yanmasına və atmosferə zəhərli qazların buraxılmasına səbəb olub. Ekoloqlar qeyd edirlər ki, savaş dönəmlərində neft məhsullarının yanması nəticəsində atmoferə daha çox müəyyən maddələr – karbonmonoksid və karbon qazı, kükürd dioksid, benzol və digər aromatik karbohidrogenlər, eləcə də ağır metal tərkibli hissəciklər yayılıb.

Bu maddələrdən ibarət qara tüstü buludu böyük məsafələr qət edə bilən aerozol qatları formalaşdırır. Belə hallarda atmosferdə yaranan çirklənmə yalnız zərbə endirilən ölkə ilə məhdudlaşmır. Bu cür genişmiqyaslı yanğınlar nəticəsində əmələ gələn tüstü kütlələri bəzən min kilometrlərlə məsafəyə yayılaraq regional ekoloji böhran yaradır.

Atmosfer axınları ilə çirklənmənin yayılması təhlükəsi barədə söhbət açan ekoloq Aydın Nəcəfov bunun bir neçə əsas amildən – küləyin istiqaməti və sürəti, temperatur, hava təzyiqi fərqləri, relyef xüsusiyyətləri, eləcə də atmosferin sabitlik səviyyəsi ilə asılı olduğunu vurğulayır. O, eyni zamanda, Cənubi Qafqaz regionunda hava axınlarının mühüm hissəsinin cənub və cənub-qərb istiqamətlərindən şimala doğru hərəkət etdiyini, bunun isə nəzəri olaraq İranda yaranan tüstü və toz buludlarının müəyyən şəraitdə Azərbaycanın üzərinə doğru yönələ bilməsi ehtimalının artırdığını da bildirir.

A.Nəcəfovun fikrincə, əgər genişmiqyaslı yanğınlar uzun müddət davam edərsə, bu zaman tüstü hissəcikləri yüksək atmosfer qatlarına qalxa və orada günlərlə, hətta həftələrlə qala bilir. Belə hallarda çirklənmə tədricən geniş ərazilərə yayılır. Məhz bu səbəbdən bəzi ekoloji monitorinq qurumları tərəfindən tüstü buludlarının güclü təsiri nəzərə alınaraq çirklənmənin, hətta Şimali Qafqaz regionunu əhatə edəcəyi istisna olunmur.

Partlayış və yanğınların qara buludları regionu təhdid edir

Ekoloq Həsən Hüseynov vurğulayır ki, neft məhsullarının yanması nəticəsində yaranan ən təhlükəli maddələrdən biri karbohidrogen tərkibli toz dumanıdır. Əsasən mikroskopik hissəciklərdən ibarət olan həmin toz dumanı insanın tənəffüs sistemi üçün ciddi təhlükə yaradır. Belə kişik hissəciklər daha çox bronxit və astma, ağciyər xəstəlikləri, ürək-damar problemlərini ağırlaşdırır, uzunmüddətli təsirdə isə onkoloji riskləri artırır, eyni zamanda, ağciyərlərə daxil olaraq qana keçir. Bu səbəbdən həkimlər tərəfindən belə hallarda hava keyfiyyətinin ciddi monitorinqinin aparılması vacibliyi vurğulanır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən isə atmosfer çirklənməsinin xüsusilə uşaqlar, yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxslər üçün daha təhlükəli olduğu bildirilir.

H.Hüseynovun sözlərinə görə, İran Yaxın Şərqin və Cənubi Qafqazın ən böyük enerji istehsalçılarından biridir. Ölkədə çoxsaylı neft emalı zavodları və neft-kimya müəssisələri fəaliyyət göstərir. Bu obyektlərdən bir neçəsinin zədələnməsi atmosferə böyük həcmdə çirkləndirici maddələrin buraxılmasına gətirib çıxarır. Ekoloji domino effekti isə bir neçə mərhələdə baş verir. Bu isə, ilk növbədə, neft məhsullarının yanması, tüstü buludlarının yaranması, atmosfer axınları ilə regiona yayılması, turşulu yağışların əmələ gəlməsi, habelə, torpaq və su ehtiyatlarının çirklənməsində özünü göstərir. Belə bir proses uzun müddət davam edərsə, onun təsiri yalnız havanın keyfiyyəti ilə məhdudlaşmır, eyni zamanda, bitki örtüyü, kənd təsərrüfatı məhsulları və su mənbələri də risk altına düşür.

Ekoloq mövcud təhlükənin Azərbaycana təsiri ilə bağlı bildirir ki, son illər ölkədə ekoloji monitorinq sisteminin gücləndirilməsi istiqamətində müəyyən addımlar atılıb. Atmosfer havasının keyfiyyətinin müxtəlif bölgələrdə yerləşdirilən monitorinq stansiyaları vasitəsilə ölçülməsinə başlanılıb. Bu stansiyalar vasitəsilə zərərli qazların və hissəciklərin səviyyəsinin real vaxt rejimində izlənilməsinə imkan yaradılıb. Xüsusilə paytaxt Bakıda və sənaye zonalarında hava keyfiyyətinə nəzarət gücləndirilib. Monitorinq sistemləri ilə potensial transsərhəd çirklənmə hallarında operativ məlumatın əldə edilməsinə də əlverişli imkan yaradılıb.

H.Hüseynov hesab edir ki, bu gün regionda baş verən hərbi qarşıdırmalar fonunda atmosfer monitorinqinin genişləndirilməsi, peyk müşahidələrinin artırılması, meteoroloji modellərin tətbiq olunması, səhiyyə sisteminin mümkün risklərə hazırlanması və Xəzər hövzəsi üçün mümkün risklərin qarşısının alınması kimi tədbirlər daim diqqət mərkəzində saxlanılır. Lakin bu məqamda unudulmamalıdır ki, bir sıra hallarda ekoloji təhlükə yalnız atmosferlə məhdudlaşmır. Belə ki, əgər hərbi əməliyyatlar nəticəsində neft infrastrukturu ciddi zədələnərsə, bu zaman su hövzələrinin çirklənməsi riski də müşahidə oluna bilər.

Regionun əsas ekoloji sistemlərindən biri olan Xəzər dənizi üçün belə ssenari daha çox narahatlıq doğurur. Çünki Xəzər hövzəsi qapalı su sistemi olduğundan burada baş verən çirklənmələrin uzun müddət mövcudluğunu saxlaması mümkündür. Neft mənşəli maddələrin suya qarışması isə balıq ehtiyatlarına və biomüxtəlifliyə ciddi zərər verir. Bu səbəbdən region ölkələri üçün ekoloji təhlükəsizlik məsələləri milli xarakter daşımaqla yanaşı, həm də regional əməkdaşlığı zəruri edən bir sahəyə çevrilir.

Transsərhəd zəhərlənmə bəşəri cinayətdir

Atmosfer çirklənməsinin sərhəd tanımaması beynəlxalq ekoloji hüquqda mühüm məsələdir. Çünki bir ölkədə yaranan sənaye və ya hərbi mənşəli çirklənmə digər dövlətlərə də təsir göstərə bilir. Bu səbəbdən bir çox beynəlxalq konvensiyalar dövlətlərin ekoloji məsuliyyətini nəzərdə tutur. Müasir ekoloji diplomatiyada “transsərhəd çirklənmə” anlayışı geniş şəkildə tətbiq olunur. Belə hallarda hər hansı ölkənin fəaliyyətinin digər dövlətlərin ekoloji təhlükəsizliyinə zərər verməməsi əsas prinsiplərdən biridir. Mütəxəssislər hesab edirlər ki, mövcud vəziyyətin hələlik potensial risk mərhələsində qiymətləndirilməsi zəruridir. Çünki çirklənmənin real miqyası zərər görmüş obyektlərin sayı, yanğınların davametmə müddəti, atmosferin dövr etməsi (sirkulyasiyası) və yağıntı səviyyəsi kimi amillərdən asılıdır. Əgər yanğınlar qısa müddətdə söndürülürsə, ekoloji təsirin miqyası məhdud qala bilir. Lakin uzunmüddətli yanğınlar atmosferdə böyük miqdarda tüstü və aerozolun toplanması ilə nəticələnir.

Bu baxımdan erkən xəbərdarlıq sistemləri mühüm rol oynayır. Müasir dünyada ekoloji təhlükəsizlik getdikcə milli təhlükəsizlik anlayışının ayrılmaz hissəsinə çevrilir. Sənaye qəzaları, hərbi əməliyyatlar və iqlim dəyişiklikləri regional ekoloji təhlükə ehtimalını artırır. Enerji infrastrukturu üzərində baş verən hərbi zərbələr isə xüsusilə təhlükəli hesab olunur. Ona görə ki, bu obyektlər alovlanmaqla böyük miqdarda zəhərli maddələr ehtiva edir. Ekspertlərin fikrincə, region ölkələri belə vəziyyətlərdə bir sıra istiqamətlər üzrə əməkdaşlığı gücləndirməlidir. Məsələn, ekoloji məlumat mübadiləsi, regional monitorinq şəbəkəsi, fövqəladə vəziyyətlərə hazırlıq, ətraf mühitin qorunması kimi ortaq strategiyaların icrası diqqətdə saxlanılmalıdır.

Beləliklə, İranda davam edən hərbi əməliyyatların ekoloji təsirləri region üçün yeni təhlükələr yaradır. Neft emalı zavodları və yanacaq anbarlarının zədələnməsi ilə yaranan tüstü buludlarının atmosfer axınları vasitəsilə geniş ərazilərə yayılmaq təhlükəsi ciddi narahatlıq doğurur. Bu prosesin real təsir miqyası hələ tam aydın olmasa da, ekoloqlar tərəfindən mümkün risklərin diqqətlə izlənilməsinin vacibliyi vurğulanır. Çünki atmosfer çirklənməsi, karbohidrogen tərkibli toz dumanı və transsərhəd ekoloji təsirlər region ölkələri üçün ciddi çağırışdır.

Belə şəraitdə ekoloji monitorinq sistemlərinin gücləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi xüsusi önəm kəsb edir. Çünki müasir dövrdə müharibələrin görünməyən, lakin uzunmüddətli təsirə malik ən təhlükəli nəticələrindən biri məhz ekoloji fəlakətlərdir. Bu isə ekoloji təhlükəsizlik məsələlərinə daha həssas yanaşılmasını zəruri edir.

Cavid HÜSEYNOV,
iqlim eksperti

ABŞ, İsrail və İran arasında gərginliyin hərbi qarşıdurmaya çevrilməsi siyasi və humanitar problemlərlə yanaşı, ekosistemlərin dağılması, təbii resursların tükənmək təhlükəsi ilə üz-üzə qalması və uzunmüddətli ekoloji çətinliklərin yaranması ilə də müşahidə edilir. Başqa sözlə, bu münaqişə ilə, eyni zamanda, regionun ekoloji sisteminə 3 əsas istiqamətdə – hava çirklənməsi, dəniz ekosistemlərinin zədələnməsi və canlı aləmə (fauna və flora) təsir göstərilir.

Müasir raket və bombaların partlayışı nəticəsində atmosferə böyük həcmdə zəhərli qazlar, ağır metallar və partlayıcı qalıqları buraxılır. Hərbi partlayışlar zamanı metallar və kimyəvi maddələr havaya yayılır, bu isə həm insan sağlamlığı, həm də ekosistem üçün təhlükə ilə nəticələnir. Raketlərin yanacağında və partlayıcı maddələrində tez-tez istifadə olunan kimyəvi komponentlər isə atmosferdə uzun müddət qala bilir. Belə halda şəhərlərdə hava keyfiyyətinin kəskin pisləşməsi, turşulu yağışların yaranma riskinin artması, eləcə də torpaq və su hövzələrinin kimyəvi çirklənməsi müşahidə edilir.

Son günlər İranda müşahidə olunan hava çirkliliyi həm təbii (toz fırtınaları), həm də texnogen (sənaye və hərbi gərginlik fonunda yaranan tüstü) amillərlə bağlıdır. Narahatlıq doğuran belə hava çirkliliyinin və toz hadisələrinin Azərbaycana keçməsi elmi baxımdan mümkündür, lakin bu, hər dəfə baş vermir və daha çox küləklərin istiqaməti və meteoroloji şəraitdən asılıdır.

Martın 7-8-də İranda (Tehran və digər şəhərlər) baş verən partlayışlar və neft anbarlarındakı yanğınlar nəticəsində atmosferə çox miqdarda toksik maddə (kükürd və azot oksidləri) atılıb. Bu cür toz və tüstü kütlələrinin ölkəmizə çatması üçün çox güclü cənub küləklərinin əsməsi tələb olunur ki, indiki proqnozlar bunu göstərmir.

Hazırda Azərbaycan ərazisində əsasən qərb və şimal-qərb küləkləri üstünlük təşkil edir. Bu, o deməkdir ki, İranda (xüsusilə cənub və mərkəzi hissələrdə) yaranan tozlu hava kütlələri adətən cənub-şərq istiqamətinə, yəni bizdən uzağa doğru hərəkət edir. Azərbaycanın rəsmi qurumları mütəmadi olaraq havanın keyfiyyətini monitorinq edir. Son məlumata görə, Bakı və Abşeron yarımadasında, eləcə də digər bölgələrdə hava keyfiyyəti norma daxilindədir. Sərhədyanı bölgələrdə, xüsusilə Naxçıvanda hərbi gərginliklə bağlı lokal tozlanma olsa da, bu, ümumi ekoloji fəlakət səviyyəsində deyil.

Beləliklə, hərbi əməliyyatlar təkcə şəhərləri deyil, eyni zamanda, təbiəti də məhv edir. Raket zərbələri və artilleriya atəşləri meşələrdə və otlaq sahələrində yanğınlara səbəb olur. Bu isə ekosistemlərin məhv olmasına gətirib çıxarır. Müharibənin fauna və flora üzərində əsas təsirləri isə meşə və bitki örtüyünün məhv olması, heyvanların yaşayış mühitinin dağıdılması, miqrasiya yollarının dəyişməsi və kütləvi heyvan ölümləridir.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat