“Adsız qəhrəman”ın ekran obrazı

post-img

Nizami Kino Mərkəzində Xocalı soyqırımında qəhrəmancasına şəhid olmuş polis əməkdaşı Məzahir Əbilov haqqında “Adsız qəhrəman” sənədli filminin təqdimatı keçirilib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) “Avrasiya Media Şəbəkəsi” tərəfindən hazırlanmış film 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımında qəhrəmancasına şəhid olmuş polis əməkdaşı Məzahir Yaqub oğlu Əbilovun həyat və döyüş yolundan bəhs edir.

Qarabağ qazisi, jurnalist və filmin ssenari müəllifi Rey Kərimoğlu çıxış edərək film haqqında ümumi məlumat verib. Filmin rejissoru Roman Yaşar jurnalistlərə açıqlamasında filmin təqdimatının anşlaqla keçməsini və belə qəhrəmanların cəmiyyətə tanıdılmasının əhəmiyyətini qeyd edib. Daxili İşlər Nazirliyinin nümayəndəsi polkovnik Mehman Həsənov, BAMF prezidenti Umud Mirzəyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər çıxış edənlər belə filmlərin davamlı çəkilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Əbilov Məzahir Yaqub oğlu 1969-cu il yanvarın 29-da Ağdam rayonunun Muğanlı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1987-1989-cu illərdə hərbi xidmətdə olub. 1990-cı ildə Vətənə olan sevgisi, dinc insanlarımızın həyatından narahatlığı onu Xocalıya aparıb. Xocalıda milis işçisi kimi xidmətə başlayıb. Silahdaşları ilə birgə “Bozdağ”, “Həsənabad”, “Daşbulaq”, “Mehdikənd” və digər əməliyyatlarda iştirak edib.

O, 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri vəhşilik zamanı soydaşlarımızı xilas edərkən itkin düşüb.

XQ

Sosial həyat