Ağsaqqal sözünə ehtiyac və ehtiram

post-img

Şəmkirin ağsaqqalları ilə görüş, hər zaman olduğu kimi, bu dəfə də xüsusi ab-havada keçdi. Söhbət təkcə görülən işlərdən, rəqəmlərdən, layihələrdən getmirdi. Söhbət illərin təcrübəsindən, ömür yollarında qazanılmış hikmətdən, bu torpağa bağlılıqdan gedirdi.

Şəmkirli ağsaqqallar rayonun ictimai-siyasi həyatında həmişə söz sahibi olublar. Onların bir kəlmə məsləhəti, bir xeyir-duası bəzən ən böyük qərarlardan daha təsirli olur. Bu görüşdə də vurğulandı ki, qarşıya qoyulan məqsədlərə doğru inamla addımlayarkən məhz belə insanların – zəngin həyat yolu keçmiş, ağlı və təcrübəsi ilə cəmiyyətə dayaq olan ziyalıların varlığına daim ehtiyac var.

Söhbət əsnasında ötən ilin Şəmkir üçün necə zəhmətli, eyni zamanda, uğurlu keçdiyi xatırlandı. Rayonda həyata keçirilən layihələrdən söhbət açıldı, görülən işlər bir daha yada salındı. Bu işlərin hər birində insanların rahatlığı, rifahı, sabahı dayanır. Qarşıda duran planlar da ağsaqqallarla bölüşüldü. Çünki onların bu torpağın gələcəyinə dair fikri hər zaman qiymətlidir.

Qeyd olundu ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Şəmkirdə geniş tikinti-quruculuq işləri davam edir. 2025-ci ildə dövlət başçısının müvafiq Sərəncamı ilə 20 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə başlanılması rayon üçün mühüm hadisədir. Təbii ki, bu yol kəndləri, insanları, həm də taleləri birləşdirən bir körpü olacaq.

Ötən il Şəmkir şəhərinin 5 küçəsində ümumi uzunluğu 4 kilometr olan yollara yeni asfalt örtüyü salınıb, 6,9 kilometr yolda cari təmir işləri aparılıb. Yol infrastrukturunun yenilənməsi ilə yanaşı, rayonun tarixi mərkəzi də daxil olmaqla 9 küçə və parkda abadlıq işləri görülüb, idman qurğuları və uşaq əyləncə meydançaları quraşdırılıb. 237 yaşayış binasının dam örtüyünün əsaslı şəkildə dəyişdirilməsi isə yüzlərlə ailənin gündəlik həyatına rahatlıq gətirib.

Görüşdə Ağsaqqallar Şurası ilə birgə görülən işlərdən də danışıldı. Xatırlandı ki, ümummilli lider Heydər Əliyev ağsaqqallara hər zaman dərin ehtiram göstərib, onların sözünü uca tutub. Bu ənənə bu gün də davam edir. Dövlət səviyyəsində ağsaqqal sözünə verilən dəyər cəmiyyətin mənəvi sütunlarını daha da möhkəmləndirir.

Xüsusilə vurğulandı ki, Şəmkirdə yas mərasimlərinin sadələşdirilməsi, israfçılığın qarşısının alınması istiqamətində formalaşan sağlam ənənə məhz Ağsaqqallar Şurasının dəstəyi ilə mümkün olub. Bu bizim dəyərlərimizin qorunması, insanlara əlavə yükün olmaması üçün atılmış vicdanlı, gərəkli bir addımdır. Zəhmət çəkən ziyalılara, din xadimlərinə, ictimaiyyət nümayəndələrinə təşəkkür ifadə olundu.

Çıxış edən ağsaqqallar ölkəmizdə, eləcə də Şəmkirdə aparılan quruculuq işlərini yüksək qiymətləndirdilər. Onlar əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərə görə Prezident İlham Əliyevə Şəmkir ağsaqqalları adından minnətdarlıqlarını bildirdilər.

Görüş səmimi notlarla başa çatdı. Ağsaqqalların xeyir-duası, ürək sözləri bir daha göstərdi ki, Şəmkirin gücü yalnız tikilən yollarında, yenilənən binalarında deyil, həm də bu torpağın ağsaqqal sözündə, insanlarının birliyində, gələcəyə olan inamındadır.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Sosial həyat