Zəngilan qəddini dikəldir...

post-img

İşğaldan azad edildikdən sonra müasir üslubda bərpa olunan Zəngilan rayonu yeni inkişaf mərhələsinə qədəm qoyub. Doğma yurda dönən sakinlər Ağalı və Məmmədbəyli kəndlərində torpağa yeni nəfəs verir, təsərrüfat fəaliyyətini genişləndirirlər.

Artıq bu kəndlərdə torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az portalı vasitəsilə müraciətlərin qəbuluna başlanılıb. Məmmədbəyli sakinləri üçün müraciət prosesi martın 13-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir ki, torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı Fərmanın 4.1-ci bəndinə və Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş müvafiq Qaydalara əsasən həyata keçirilir.

Əkin üçün nəzərdə tutulan sahələr minimum 5 hektar olmaqla suvarılan və əkinə hazır vəziyyətə gətirilmiş torpaqlardır. Burada şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, pomidor, xiyar, badımcan, bibər, soğan, lobya, çuğundur, kök, kələm, qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, süfrəlik üzüm, tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, yonca və digər yem bitkilərinin əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sistemləri qurulmalıdır.

Eyni zamanda, Ağalıda kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün adıçəkilən sayt vasitəsilə sonuncu müraciətlərin qəbuluna başlanıb. Sakinlər EKTİS-də qeydiyyatdan keçərək fermer elektron kabineti əldə edir, sonra təlimlərə cəlb olunur, müqavilələri imzalayırlar. Onların torpaq sahələrinin yerində tanıdılması aprel ayından başlanacaq. İcarə müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik əkinlər üçün isə 5 il müəyyən edilib və istifadə nəticələrinə uyğun olaraq uzadılacaq.

Zəngilanlılar dövlətin qayğısını və təşəbbüsünü böyük sevinclə qarşılayırlar. Torpağa bağlılığı ilə tanınan fermer Bəhmən Amanov ilkin müraciət edənlərdəndir. Söhbət zamanı dedi ki, hər iki kəndin əhalisi zəhmətkeşliyi ilə tanınır. Onun anası – Sosialist Əməyi Qəhrəmanı Maral Quliyeva torpağa bağlılıq və zəhmətsevərlik ənənəsini gənc nəslə ötürənlərdən olub. Bu səbəbdən də Bəhmən Amanov və yerliləri həyatlarını “Öldür məni – dirildim səni” deyən torpaqla ünsiyyətsiz təsəvvür etmirlər.

Aqrar sahə üzrə ali təhsilli mütəxəssis olan digər sakin – Bərxudar Hüseynov da dövlət qayğısını yüksək qiymətləndirərək, bu imkanların kənd təsərrüfatının inkişafına və əhalinin güzəranının yaxşılaşdırılmasına böyük təkan verəcəyini vurğuladı.

Məcburi köçkünlük illərində də torpaqla həsbi-halda olmuş Famil Xankişiyev isə qazandığı təcrübəni doğma kəndində tətbiq etmək niyyətindədir. O, uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və Qusar rayonunda yaratdığı fermer təsərrüfatını Məmmədbəyliyə köçürmək istədiyini bildirdi.

Bəli, bu gün Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri yurd yerlərinin bərəkətli torpaqlarından bəhrələnərək, məhsullarının sorağını ölkə hüdudlarından kənara yaymaq əzmindədirlər. 30 illik ayrılıqdan sonra doğma yurda qovuşan zəngilanlılar torpağı öz nəfəsləri ilə qızdırırlar. Sahələrə toxum səpilir, bağlara yeni pöhrələr əkilir.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Sosial həyat