Ölməzlik məbədinin sütunları

post-img

Onlar müxtəlif zamanlarda yaşasalar da, bizim günlərdə eyni hikmət mülkünün sütunlarından sayılırlar. Biri kainatın sirlərinə körpü salmış elm dahisi, o biri haqq aşiqi kimi canından keçmiş irfan zirvəsi, 3-sü isə çoxəsrlik qəzəl sənətinə zəmanəmizdə yeni nəfəs vermiş ustad şairdir.

Nəsirəddin Tusi

Riyaziyyatın mürəkkəb qanunauyğunluqlarına dərindən bələd olan və kainatın nizamını rəqəmlərin dili ilə izah edən dahi mütəfəkkir Nəsirəddin Tusi öz zəkasının qüdrəti ilə antik elmi irsi yeni mərhələyə daşımış, Şərq intibahının fəlsəfi və dəqiq elmlər ənənəsini eyni müstəvidə birləşdirərək elmin üfüqlərini genişləndirmişdir.

Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il fevralın 18-də qədim Tus şəhərində dünyaya göz açmışdır, məhz Tus torpağında doğulub boya-başa çatdığı üçün bəşər tarixində “Tusi” nisbəsi ilə iz qoymuşdur.

Hələ gənc yaşlarından iti zəkası ilə hökmdarların diqqət mərkəzində olan Tusi otuz yaşında Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəmin dəvətini qəbul edərək, hikmət və fəzilət çırağı sayılan məşhur “Əxlaqi-Nasiri” əsərini qələmə almışdır. Lakin taleyin amansız gərdişi onu saray ehtiramından Ələmut qalasının sıldırım qayalıqlarına – dustaq həyatına sürükləmişdir. On iki ildən artıq davam edən bu məcburi sürgündə mənəvi sıxıntılar içində qovrulsa da, o, elmin nurundan qopmamış, ən ağır şəraitdə belə İbn Sinanın fəlsəfəsinə yeni nəfəs verən “Şərh əl-İşarat” kimi fundamental əsərlərini tamamlamışdır.

1256-cı ildə Hülaku xanın yürüşü ilə azadlığa qovuşan Tusi, öz geniş biliyi və uzaqgörənliyi ilə Elxanilər dövlətinin ali məsləhətçisi məqamına yüksəlmişdir. Elxani hökmdarlarının Azərbaycana, xüsusilə Marağa və Təbrizə olan marağını elmi intibahın xidmətinə verən dahi alim 1259-cu ildə məhz burada bəşər tarixinin ən möhtəşəm elm məskənlərindən birini – Marağa rəsədxanasını təsis etmişdir. Türk və monqol mədəniyyətinə, dilinə və adətlərinə dərindən bələd olması onu həm də dövlətin siyasi sütunlarından birinə çevirmişdi.

Nəsirəddin Tusinin elmi fəaliyyəti orta əsrlər Şərq elminin zirvəsi hesab olunur. O, astronomiya elmində yeni bir mərhələ açan “Zic-i Elxani” cədvəllərini tərtib etməklə ulduzların koordinatlarını və göy cisimlərinin hərəkət qanunauyğunluqlarını riyazi dəqiqliklə müəyyən etmişdir.

Tusi təkcə göylərin deyil, həm də rəqəmlərin mütləq hakimi idi. O, “Şəklül-qita” əsəri ilə triqonometriyanı müstəqil bir elm sahəsi kimi riyaziyyat tarixinə daxil etmiş və bu sahədə Avropa alimlərini yüz illərlə qabaqlamışdır. Alimin mineralların təsnifatından bəhs edən “Tənsuqnaməyi-Elxani” və dövlət idarəçiliyinin iqtisadi əsaslarını izah edən risalələri onun ensiklopedik zəkasının hüdudsuzluğunu göstərir.

75 il ömür sürən bu böyük zəka sahibinin elmi mirası bu gün də bəşəriyyətin yoluna işıq salmaqdadır.

İmadəddin Nəsimi

Gərçi bu gün Nəsimiyəm,
haşimiyəm, qureyşiyəm,
Məndən uludur ayətim,
ayətü şanə sığmazam

Bu mənəvi ucalığın müəllifi–1369-cu il fevralın 18-də qədim Şamaxı şəhərində dünyaya göz açmış, mübariz ruhu ilə Şərq təfəkkürünü sarsıtmış intibahın memarı İmadəddin Nəsimi varlığın hikmətini insanın özündə axtaran, “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyərək bəşər övladını ilahi zirvəyə yüksəldən ruhun tərcümanıdır.

Şamaxının odövrkü elmi-ədəbi mühitində püxtələşən mütəfəkkir dövrünün ən mürəkkəb elmlərinə – astronomiya, məntiq və fəlsəfəyə dərindən vaqif olmuşdur. Lakin onun əsl missiyası Nəimi tərəfindən təməli qoyulmuş hürufizm təlimini bir inanc və eşq fəlsəfəsi kimi bütöv coğrafiyaya yaymaq idi. Bu yolda qarşılaşdığı zülm və təqiblər onu yolundan döndərməmiş, əksinə, dərisini soysalar belə, haqqın carçısı olaraq əbədiyyət qazanmışdır.

Nəsimi gənc olanda bir sufi idi. O zamanlar çox sakit, dünyadan əl çəkən bir dərviş kimi yaşayırdı. Deyirdi ki, mən Allahın qarşısında bir zərrəyəm, bir kölgəyəm. Bu dövrdə yazdığı şeirlərdə bir qulluq, bir təslimiyyət var idi.

İlk vaxtlarda o əsərlərini “Hüseyni”, “Seyid Hüseyni”, “Seyid” təxəllüsləri ilə yazır. Lakin sonradan Fəzlüllah Nəiminin adından ilhamla “Nəsimi” təxəllüsünü götürür. Klassik Şərq ənənəsində şagird özünə təxəllüs seçərkən çox vaxt ustadının adına uyğun bir ad seçərdi. “Nəimi” sözü “nemət”, “xoşbəxtlik” mənasına gəldiyi halda, “Nəsim” sözü ərəbcə “yumşaq və xoş meh”, “səhər küləyi” deməkdir. Şair bu adı götürməklə sanki ustadının hürufilik ideyalarını bir meh kimi hər yana yayacağını simvolizə edirdi.

Nəsimi poeziyası Şərqin intellektual dəyərlərini özündə cəmləyən xəzinədir. Fəzlüllah Nəiminin hürufi ideyalarını bədii zirvəyə yüksəldən şair ana dilimizin zənginliklərindən elə bir ustalıqla istifadə etmişdir ki, onun xitab və təkrarlar üzərində qurulmuş misraları zamanın hüdudlarını aşır.

Şairin fəlsəfi düşüncələri çox keçmədən Orta Asiya, Türkiyə və İran coğrafiyasına yayılaraq bəşəri bir rəğbət qazanır. Nəsimi adı öz əqidəsi uğrunda ölümdən qorxmayan cəsarət və sarsılmaz sədaqət rəmzinə çevrilir, onun ideyalarını təbliğ edənlər bu müqəddəs yolun əzablarına böyük bir eşqlə qatlaşırlar.

Mütəfəkkirin elmi-ədəbi irsinə verilən dəyər sonrakı əsrlərdə də davam edir. Onun divanı Azərbaycanda və İranda müxtəlif illərdə, xüsusən “Gecə qaranlığında Simurq” kimi poetik adlarla dəfələrlə nəşr olunmuşdur. Qeyd etmək yerinə düşər ki, İmadəddin Nəsiminin əlyazma nüsxələri dünyanın bir çox kitabxana və muzeylərində qorunub saxlanır. Qardaş Türkiyənin kitabxana və əlyazma mərkəzlərində Nəsiminin əsərlərinin 170-dək əlyazması mövcuddur. Bununla yanaşı, şairə aid edilən bir çox nəsr əsərləri mövcuddur ki, onların xüsusi tədqiqata ehtiyacı var.

Əliağa Vahid

Hər yerdə, Vahid, indi sənin
söhbətin gedir,
Xalqın sevən bir aşiq olarmı
fəsanəsiz?

Bu beyti ilə poetik ünvanını nişan verən başqa bir ünlü şairimiz isə əruzun sirlərinə bələd olub, söz mülkündə özünə taxt qurmuş qəzəlxan Əliağa Vahid təbinin qüdrəti ilə klassik qəzəl ənənəsini yeni nəfəs, yüksək ovqatla dirçəltmiş, onu zamanın ruhu ilə həmahəng sənət zirvəsinə yüksəltmişdir.

1895-ci il fevralın 18-də Bakıda dünyaya göz açan şair qəzəl aləmini öz qələmi ilə fəth edənlərdən idi. Gənc Əliağa təhsilinə mədrəsədə başlasa da, taleyin hökmündən qaça bilməmişdi. Məişət sıxıntıları və ehtiyac onu təhsildən ayırıb, xarrat dükanında işləməyə məcbur etmişdi. Xarratlıq edib quru ağaclara forma versə də, ruhu tam başqa bir aləmdə – ədəbi mühitdə pərvaz edirdi. Çünki Vahidin qəlbi söz eşqinin atəşi ilə alovlanırdı.

Bakının məşhur “Məcməüş-şüəra” məclisi onun üçün məktəb oldu. Azər və Müniri kimi ustadlardan bəhrələnir, cəmiyyətdəki əyri-əskiyi, zülmün və cəhalətin törətdiyi fəsadları itizəkalılıqla duyur, satira qılıncı ilə ifşa edirdi. Elə bu ruhla da “Tamahın nəticəsi” adlı ilk əsərini ərsəyə gətirmişdi.

XX əsrin əvvəllərində zamanın çarxı döndü, məmləkətə fərqli nizam gəldi, Azərbaycanda Sovet hakimiyyəti quruldu. Vahid bu dövrdə də dayanmadı. “Molla Nəsrəddin” və “Kommunist” səhifələrində xalqın səsini ucaltdı. Onun “Kupletlər” və “Mollaxana” kitabları yeniliyə qarşı çıxanlara dərs oldu .

Vahid xalqın mənəvi oyanışı üçün çalışırdı. O, “Məktəb nə deməkdir?” şeiri ilə cəmiyyətin paslanmış düşüncələrinə işıq salır, elmi qaranlıqları yaran bir məşələ bənzədirdi. Onun üçün məktəb millətin istiqbalını nurlandıran, xalqı cəhalət zəncirindən azad edən müqəddəs ocaq idi. Şair inanırdı ki, maariflənməmiş cəmiyyət azadlığın dadını duya bilməz.

Vətən göylərini qara buludlar alanda, Vahidin qəzəlləri əsgər üçün məlhəmə çevrildi. Onun “Döyüş qəzəlləri” kitabı qələbəyə olan inamın təzahürü idi. Düşmənə olan nifrətini alovlu misraları ilə hayqırır, Vətən məhəbbətini isə hər beytində müqəddəs and kimi ucaldırdı.

“Bu fəxrdir mənə Vahid ki,
xalq şairiyəm,
Böyük Füzulilərin
xaki-payinin biriyəm,

Bütün bəşər yaşadıqca mən ölmərəm, diriyəm” – deyən şairin bu misraları yaradıcılıq yolunun xülasəsidir. Qəzəli saray dilindən çıxarıb, xalqın başa düşdüyü sadə və səmimi dilə gətirən, Füzuli məktəbinin sadiq xələfi Vahid həm də muğamın ruhuna can verən nəğməkar idi. Bu gün oxunan muğamların, təsniflərin çoxunun Vahid qəzəlləri üzərində qurulması təsadüfi deyil, qəzəlxanın sözləri musiqi ilə elə birləşib ki, biri olmadan digəri tamamlanmır.

1965-ci il oktyabrın 1-də vəfat edən şairin irsi zamanla dəyər qazanaraq milli sərvətimizə çevrilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarına əsasən, Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Hazırladılar:
Fidan ƏLİYEVA,
Ləman TƏHMƏZ
XQ

Sosial həyat