Patent müvəkkili statusu almaq istəyənlərin attestasiyası keçiriləcək

post-img

Patent müvəkkili statusu almaq istəyən şəxslərin attestasiyasının keçirilməsi məqəsdilə Əqli Mülkiyyət Agentliyində Attestasiya Komissiyası yaradılmışdır. Attestasiyadan keçmək istəyənlər tələb olunan sənədləri 2026-cı il 18 fevral - 11mart tarixlərində şənbə və bazar günləri, habelə 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü (bazar günü) ilə üst-üstə düşdüyünə görə qeyri-iş günü sayılan 9 mart tarixi istisna olmaqla 15 iş günü müddətində Agentliyə təqdim edə bilərlər.

Bu barədə XQ-yə agentlikdən məlumat verilib.

Sənədlərin siyahısı Agentliyin copat.gov.az saytının “Patent müvəkkilləri” bölməsində yerləşdirilmiş elanda göstərilib.

Sənaye mülkiyyətinin mühafizəsi sahəsində xüsusi kursu bitirənlər və ya bu sahədə ən azı iki il stajı olanlar, habelə hüququn tətbiqi və tədrisi sahəsində ən azı iki il staja malik hüquqşünaslar patent müvəkkili kimi attestasiya oluna bilərlər.

Attestasiyada iştirak etmək üçün Ərizə nümunəsi və namizədlər üçün “Yaddaş Kitabçası”nın elektron versiyası da Agentliyin copat.gov.az saytının “Patent müvəkkilləri” bölməsinə yerləşdirilmişdir.

Patent müvəkkiliyinə namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı, Azərbaycanda daimi yaşamalı və Azərbaycan dilini bilməlidir.

Patent müvəkkili kimi attestasiya olunmaq istəyən şəxs copat.gov.az saytının “Patent müvəkkilləri” bölməsində göstərilən bank hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı ilə müəyyən edilmiş 20 manat məbləğində haqq ödəməlidir.

Attestasiya iki mərhələdən ibarətdir. Birinci mərhələdə namizədin sənaye mülkiyyəti obyektləri (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici) və müəlliflik hüququ (kəsişmə hallarında) ilə bağlı Azərbaycan Respublikasının normativ hüquqi aktları, habeləAzərbaycan Respublikasının qoşulduğu müvafiq beynəlxalq sazişlər (müqavilələr) üzrə və sənaye mülkiyyəti obyektlərinə hüquqların mühafizəsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənməsinə dair biliklərinin yoxlanılmasıtest imtahanı formasında Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. İkinci mərhələ isə Attestasiya Komissiyası tərəfindən müsahibə formasında keçiriləcək.

Əlavə məlumat almaq istəyənlər 960 - “Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.

Sosial həyat