Şirvanda Qərbi Azərbaycan həqiqətləri dərsi

post-img

Şirvan şəhər 11 saylı tam orta məktəbində “Qərbi Azərbaycan Azərbaycanın əzəli torpağıdır!” mövzusunda açıq dərs təşkil olunub. Məşğələdə pedaqoji kollektiv, yuxarı sinif şagirdləri və qonaqlar iştirak ediblər. 

Direktor vəzifəsini icra edən Yusif Haxverdiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərə əsaslanan fikirləri xüsusilə gənclər üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan gəncliyi bu həqiqətləri düzgün və dərindən öyrənməli, bu mövzuda maarifləndirmə işləri sistemli şəkildə həyata keçirilməlidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova Qərbi Azərbaycan həqiqətlərinin, tarixi faktların, xronoloji mənbələrin və xəritələrin geniş auditoriyalara, xüsusilə gənc nəslə çatdırılmasının vacibliyini qeyd edib. O bildirib ki, tarixi torpaqlarımıza qayıdış hərəkatı ilə bağlı həm dövlət qurumlarının, həm ictimai təşkilatların, həm də təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Professor qeyd edib ki, Qərbi Azərbaycan məsələsi artıq xalqın və gənc nəslin milli kimliyinin ayrılmaz tərkib hissəsinə çevrilib və bu istiqamətdə maarifləndirmə işləri daha da gücləndirilməlidir.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov XX əsrdə azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya siyasətindən, tarixi-mədəni irsin məhvindən və toponimlərin dəyişdirilməsindən bəhs edib. O söyləyib ki, 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi Qərbi Azərbaycana qayıdışın siyasi və hüquqi əsaslarını formalaşdırıb və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının uzaqgörən və ardıcıl siyasəti nəticəsində Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş soydaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılıb. 

Açıq dərs interaktiv formada təşkil olunub, şagirdlər verilən sualları fəal şəkildə cavablandıraraq müzakirələrdə iştirak ediblər.

Açıq dərsə yekun vurularkən Elm və Təhsil Nazirliyinin əməkdaşları Rövşən Ağayev və Hilal Salmanov dərsin müasir tələblərə uyğun təşkil olunduğunu, şagirdlərin mövzuya yüksək maraq göstərdiklərini bildiriblər. Qərbi Azərbaycan həqiqətlərinə həsr olunmuş tədbirlərin davamlı keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Sonda məktəbin ərazisində yaşıllaşdırma aksiyası keçirilib, müxtəlif növ ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

 





Sosial həyat