Tarixin bütün dövrlərində Azərbaycan qadını mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan məhəbbəti ilə nəsillərə örnək olmuşdur. Ağıllı, cəsur sələflərimiz iradəsi, cəsarəti, adil davranışı, mərdliyi və qeyrəti ilə tarixin ayrı-ayrı dövrlərinə işıq salmış, yüz illərdən bəri formalaşmış milli dəyərlərimizin mədəniyyət və mənəviyyatımızın ən etibarlı ötürücüsü sayılmışlar. Tarixi keçmişin unudulmaz səhifələrində yenilməz iradəyə malik görkəmli qadın şəxsiyyətlərimiz, dərin zəkaları və tükənməz potensialları ilə özlərindən sonra gələn nəsillərə məktəb olmuşlar.
Tomris xatun, Sara xatun, Möminə xatun, Tutibikə xatun, Xurşidbanu Natəvan, Ağabəyim ağa kimi xanımlarımız həm milli oyanış, maarifləndirmə, publisistika sahəsində tarixi rol oynamış, həm də ədəbiyyatın, təhsilin, musiqinin şeiriyyatın inkişafına özlərinin incə ruhları ilə təsir göstərmişlər. Ən önəmlisi isə bu incə duyğulu xanımlar diplomatiyada, tarixin kəskin dönəmlərində, tarixi hadisələrin gedişatında önəmli təsir edən qərarları, ədalətli yanaşmaları ilə öz sözlərini demişlər. Azərbaycan qadınları dünya tarixində iti zəkaları, qətiyyətləri ilə bərabər zərif duyğuları və sınmaz ədalət hissləri ilə də tarixə həmişə müsbət yöndə istiqamət vermişlər. Bu xarakterləri ilə də hər zaman ən ağıllı, diplomatik, mütəfəkkir qadın obrazları ilə yaddaşlarda qalmışlar.
Dünya elminin inkişafında uzaq keçmişlə, yaxın keçmişi əlaqələndirəndə Azərbaycan xanımının elmdə göstərdiyi yüksək nailiyyətləri son əsrlərdə öz sözünü demiş alim xanımlarımızda daha bariz şəkildə görə bilirik.
Dünyada olduğu kimi XIX əsrin sonları və XX əsrin əvvəlləri Azərbaycan cəmiyyəti, xüsusən Azərbaycan xanımları üçün yeni bir dönəmin başlanğıcı sayıla bilər.
Bu xanımlardan əməkdar elm xadimi, professor, ilk oftalmoloq qadın Sona Vəlixan, ilk qadın redaktor, publisist, naşir Azərbaycanın ilk qadın həkimi və ilk qadın məcmuəsi “İşıq” qəzetinin banisi Xədicə Əlibəyova, maarifçi, publisist Şəfiqə Əfəndizadə, motor yanacaqları və neft məhsulları sahəsində texniki elmlər üzrə professor və mühüm ixtiralar müəllifi Fatma Əsgərova, biologiya elmləri doktoru Validə Tutayuq, akademik, həkim-oftalmoloq, dünya səviyyəsində ilk tədqiqatçı alim Zərifə Əliyeva, Azərbaycanın ilk qadın riyaziyyatçı professoru Tamilla Nəsirova və akademik, şərqşünas alim Aida İmanquliyeva Azərbaycan elmini dünyaya tanıdan ziyalı xanımlarımızdır.
Müasir dövrümüzün tanınmış ziyalı xanımlarından akademiklər- biologiya elmləri doktoru, AMEA - nın vitse - prezidenti İradə Hüseynova, filologiya elmləri doktoru Gövhər Baxşəliyeva və tarix elmləri doktoru Nərgiz Axundova kimi ziyalı xanımların adlarını çəkmək olar.
Ulu Öndər Heydər Əliyevin demiş olduğu: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi və millətinə, torpağına olan hədsiz məhəbbət və gözəlliyi ilə tanınmışdır" —fikirlərinin bu çəkdiyimiz misallar timsalında özünü necə doğrultduğunun bir daha şahidi oluruq.
Belə bir məqamda bizim ölkəmizin çətin dövrlərində, müharibə dövrlərində, xüsusən də Vətən müharibəsində xanımlarımızın özlərini necə göstərməkləri Azərbaycan əsgər və zabitlərinə dayaq olduqlarını dilə gətirmək istərdim. Mənə elə gəlir ki, bu gün biz əsgər və zabitlərimizlə çiyin -çiyinə dayanmış Azərbaycan xanımlarından danışarkən istər alim, istər sadə Azərbaycan qadınının tariximizə, bu günümüzə verdiyi töhvələri xatırlamamaq doğru olmazdı.
daAzərbaycanda elm sahəsində fəaliyyət göstərmiş və Vətən uğrunda canlarını fəda edən şərəfli qadınlarımız var, onlara ən parlaq nümunələr milli qəhrəman, jurnalist Salatın Əsgərova, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Birinci Qarabağ müharibəsi şəhidi, kəşfiyyatçı Qaratel Hacımuradova və Milli Qəhrəman, I Qarabağ müharibəsinin şəhidi Gültəkin Əsgərova kimi qəhrəmanlardır. Onlar elm və təhsil sahəsində çalışan xanımların cəsarətini, Vətənə olan bağlılığını simvolizə etmişlər. Vətənin keşiyində durmağı bacaran, döyüşdən qorxmayan, lazım gələrsə, silaha sarılan Azərbaycan qadınlarının hər birinin həyat yolu igidlik, qəhrəmanlıq, şücaət məktəbidir.
Tarixin müəyyən dövrlərində ona yön vermiş Azərbaycanın mütəfəkkir, alim qadınları ilə bərabər humanist duyğulu, savadlı, ədalət duyğularını özündə əks etdirən tarixi şəxsiyyətləri, qərəmanları tərbiyə edib böyüdən, Azərbaycan anası da hər zaman xüsusi önəmə malikdir.
Bu gün Azərbaycan qadını tarixin ən qüdrətli dövrünü yaşayan, qalib ölkənin qadınları kimi Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayırlar.
Bu yolda mücadilə aparan, qadınlar arasında şəhid anaları, xanmları da xüsusi yer tutur. Şəhid anaları, xanımları, bacı və qızları cəmiyyətimizin mənəvi sütunudur. Onlar bu gün də cəmiyyət həyatında fəal iştirak edir, gənclərə vətənpərvərlik, qürur və məsuliyyət hissini aşılayırlar. Bu yerdə şəhid xanımlarından Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Qabil qızı Hüseynovanın adını çəkmək olar. Könül xanım Vətən müharibəsi şəhidi pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşıdır. O, klassik musiqi janrlarında əsərlər və vətənsevərlik ruhunda mahnılar bəstələyib. Könül xanım eyni zamanda Azərbaycan musiqi mədəniyyətinə dair elmi əsərlərin müəllifidir. “Tərəqqi” medalı ilə təltif olunmuş şəhid xanımıdır. Başqa bir şəhid xanımımız Aprel döyüşləri şəhidi, “Murov qartalı” adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadənin adını çəkmək olar. Bu gün Sevinc xanım bir hüquqşünas kimi, həm də “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri vəzifəsində çalışır.
Vətən müharibəsi şəhidlərinin xatirəsini yaşadan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Qarbağ müharibəsi qəhrəmanları fondu olaraq qəhrəman oğullarımızın analarına, bacılarına, xanımlarına minnətdarlıq hissimizi bəyan edərdik. Onların hər biri fədakrlığına, dözümlərinə, yaşadıqları ağır itkinin qarşısında mərd - mərdanə möhkəm durub, özlərini daima iradəli göstərdiklərinə görə alqışa layiqdirlər. Bir şəhid bacısı kimi anamın timsalında şəhid, qazi, qalib əsgərlərin analarına demək istəyirəm ki, onların dünyəvi baxışları sayəsində bu cür vətənpərvər oğullar yetişiblər. Onların hər birinin arxasında mərd, dözümlü, qürurlu Azərbaycan anası, Azərbaycan qadını dayanır.
Röksanə Səfərzadə
AMEA MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri

