Sadiq Gözəlov – 70
Ömürlərinin 30 ilinə Qarabağ bəlasının ağrı-acıları hopmuş 40 – 45 il əvvəlin gəncliyi bu gün 65 – 70 yaşlı bir nəslili təmsil edir. O vaxtın gəncliyinin keçdiyi sınaqların, çəkdiyi əziyyətlərin ən yüksək əvəzi olaraq 1991-ci ildə Azərbaycan müstəqillik qazandı. 2020-ci ildə isə Qarabağ savaşı tarixə qovuşdu.
1978 – 1983-cü illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 1004-cü qrupunda oxumuş 26 gəncin ən böyük amalı sovet cəmiyyəti daxilində nüfuzlu söz sahibi olmaq, ulu ustadımız Həsən bəy Zərdabinin məzarı üstündə içdiyimiz milli varlığımıza xidmət andına sadiq qalmaq idi. O zaman milli jurnalistikamızın ənənələrinə sadiqlik andını qəbul etmiş tələbə yoldaşlarımızın birinin adı elə Sadiq idi.
Sadiq Gözəlov 1956-cı il fevralın 11-də Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 8 illik təhsilini kənd məktəbində, orta təhsilini Bakıdakı 1 nömrəli fizika-riyaziyyat təmayüllü orta məktəbdə bitirib. Sovet ordusu sıralarında qulluq edib. Onu jurnalistikaya heç nə ilə əvəz edilməyən sevgi, yetərli orta təhsil biliyi, görüb-götürmək, bilib-öyrənmək təşnəliyi gətirib. Sumqayıtda böyük bir müəssisənin çoxtirajlı qəzetində keçdiyi təcrübə məktəbi onu seçdiyi peşədə xeyli püxtələşdirib. Respublika mətbuatındakı çıxışları da mövzu və yetkinlik baxımından seçilirdi.
Onun ən gənc yoldaşlarımızdan 4–5 yaş böyük olmağı təhsildə də, ictimai işlərdə, məişət və əyləncə məsələlərində də özünü göstərirdi. Həyat məktəbi keçmişdi. Davranışlarında oturuşmuş, münasibətlərində təcrübəli bir yoldaşımız, “gənc ağsaqqalımız” idi. Yuxarı kurslarda fakültənin gənclər təşkilatına, təbii olaraq, onu seçmişdik. Müəllimlərimiz də onu özlərinə bir köynək yaxın bilir, qrupumuzla bağlı yaxşı-pisi bizə onun dilindən çatdırırdılar. Biz isə özümüzdən qabaqkı nəsillərin, xüsusən “Əkinçi” yolunu davam etdirmiş qələm sahiblərinin böyük irsini söz-söz, cümlə-cümlə mənimsəməyə çalışır, nüfuzlu qələm sahiblərimizin sırasında yer almağa can atırdıq.
Sadiq universiteti bitirənədək əlaçılıq estafetini əldən vermədi, qırmızı diplom aldı. Həm də köhnə kişilər kimi ağır-batman idi. Ona söz deməkdən, onunla ünsiyyət qurmaqdan çəkinərdik bəzən. Az danışan, çox iş görən idi. İllər keçdikcə onun da xarakteri özünü bütün çalarları ilə açıb göstərdi. Ürəyiyumşaqlıq onun xeyirxahlığına geniş meydan açdı. Tələbəlik illərində də, sonralar da ondan kömək istəyənlərə heç vaxt yox demədi.
Belə bir mühitdə yaranan tələbə yoldaşlığımız həyatda dostluğa, tale qardaş-bacılığına çevrilməklə bugünədək davam edir. Universitetdən sonra ayrılan yollarımızda məşhur imzalar da oldu, mötəbər mövqelər də, başqa sahələrdə çalışanlar da, evdar xanımlar da, dünyasını tez dəyişənlər də...
1983-cü ildə ali təhsilli jurnalist Sadiq Gözəlovun təyinatı doğulub böyüdüyü Naxçıvana verilmişdi. İxtisası üzrə boş yer olmadığından və tələbəlik illərindəki təcrübəsini nəzərə alaraq onu muxtar respublikanın Komsomol Komitəsində işə götürmüşdülər. 4 il burada müxtəlif vəzifələrdə çalışmasına baxmayaraq, jurnalistikadan uzaq düşməmişdi, teleradio və mətbuatda çıxışlarını da davam etdirmişdi.
1987-ci ilin martında Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin Naxçıvan üzrə xüsusi müxbiri postu boşalanda bir neçə namizədin arasında təcrübəli və perspektivli jurnalist kimi onun təmsilçiliyinə üstünlük verilmişdi. 1995-ci ilə kimi bu vəzifədə uğurla çalışmışdı.
1988-ci ilin may ayında, erməni quldurları Vedi rayonunun Şirazlı kəndində azərbaycanlı əhalinin evlərini daş-qalaq edərək yandırdıqdan, onları dədə-baba yurdlarını tərk etməyə məcbur etdikdən bir neçə gün sonra, o zaman muxtar respublikanın daxili işlər naziri olmuş Ramil Usubovun köməyi ilə, teleoperatoru Ənvər Rəhimovla birlikdə gizli yollarla həmin kənddə olub.
Taleyin ümidinə buraxılaraq qardaş Türkiyə ilə sərhədə - Araz qırağına sığınmış, azərbaycanlıların yaşadıqları Şiddi və Xəlisə kəndlərinə pənah aparmış sakinlərlə görüşüb. Onların acınacaqlı vəziyyətindən 45 dəqiqəlik çox mühüm əhəmiyyətli süjet hazırlayıb və bu çəkiliş sayəsində ölkə rəhbərliyi ermənilərin orada yaşayan günahsız əhaliyə, soydaşlarımıza qarşı necə amansızcasına rəftar etdiklərinin, bütün vəhşiliklərinin real mənzərəsinin şahidi olublar.
Erməni quldurlarının muxtar respublikanın Sədərək, Şərur, Şahbuz, Ordubad, Babək rayonlarına hücumları zamanı dəfələrlə həmin qaynar nöqtələrdə olub. Mərd naxçıvanlıların düşmən hücumlarının qarşısını necə qətiyyətlə, canları bahasına aldıqlarını lentin yaddaşına köçürərək Azərbaycan Televiziyasına göndərib...
1991-ci ilin avqust ayında Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları sonuncu kəndin - Mehri rayonunun Nüvədi kəndinin rus hərbçilərinin köməyi ilə zorla evlərindən qovulmuş, Zəngilanın Vejnəli kəndinə və dəmiryol stansiyasına sığınmış sakinləri ilə görüşərək onlardan müsahibələr alıb. Zəngilan və Cəbrayıl rayonlarından, habelə son hadisələrin pik həddinə çatdığı Mehri ərazisindən xüsusi reportajlar hazırlayıb.
Çəkilişlər zamanı operator Ənvər Rəhimovla birlikdə dəfələrlə ölüm təhlükəsi ilə üzləşiblər. Blokada şəraitində yaşayanan muxtar respublika ilə bağlı xəbərlərin Azərbaycan tamaşaçısına operativ çatdırılmasındakı xidmətlərinə görə Naxçıvan MR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.
Həmin illərdə Bakıdan Naxçıvana gedən sərnişin və yük qatarları tez-tez Mehri rayonu ərazisində dayandırılır, dəmiryol relsləri partladılır, bəzən sərnişinlər girov götürülürdü. Ərzaq və yanacaq çatışmazlığı, həftələrlə elektrik enerjisinin verilməməsi, qazın ümumiyyətlə olmaması naxçıvanlıları olumla ölüm arasında qoymuşdu...
Belə bir vaxtda Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin blokada şəraitində yaşayan Naxçıvana gəlişi adamların qəlbində ümid işığı yandırdı, onların gələcəyə olan inamını özünə qaytardı. Sonradan baş verən hadisələr, Ulu öndərin Azərbaycan Respublikası Ali Məclisin Sədri seçilməsi, orada qəbul olunan qərarlar bütövlükdə respublikamızın müstəqilliyinin və milli azadlığının əldə olunmasında mühüm rol oynadı. Heydər Əliyev Naxçıvanın və bütün Azərbaycanın xilaskarı oldu.
1990 – 95-ci illərdə Muxtar Respublika Ali Məclisinin deputatı olmaq şərəfi Azərbaycan Televiziyasının xüsusi müxbiri Sadiq Gözəlova da nəsib olur. Ulu öndərin Naxçıvanda yaşayıb işlədiyi dövrdə müxtəlif görüşlərində, qəbullarında və səfərlərində iştirakı onun həyatında silinməz izlər buraxıb.
O illərdə respublika rəhbərliyinin dahi Heydər Əliyevin şəxsiyyətinə olan qısqanc münasibətinə, televiziya rəhbərliyinin Naxçıvan Ali Məclisi Sədrinin muxtar respublikanın ayaqda qalması və blokadadan çıxarılması istiqamətində gördüyü böyük işlərin ölkə tamaşaçısına çatdırılmasına mane olmaq istəyinə baxmayaraq, Sadiq Gözəlov çətinliklə də olsa, televiziyadakı Heydər Əliyev sevərlərin köməyi ilə hazırladığı bir çox xəbərlərin, çəkdiyi verilişlərin və süjetlərin yayılmasına nail olur...
Məhz dahi rəhbərin tövsiyəsi ilə Azərbaycan Teleradiosunun Naxçıvan müxbiri Sadiq Gözəlov 39 yaşında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsinə gətirilib. 22 il həmin vəzifədə peşəkarcasına, şərəflə çalışıb. 1998–2003-cü illərdə Polis Akademiyasında ikinci ali təhsil alaraq hüquqşünas ixtisasına da yiyələnib.
Polis polkovniki Sadiq Gözəlov ölkə mediasında daxili işlər orqanlarının fəaliyyətinin peşəkarlıqla işıqlandırılmasına görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb və “İgidliyə görə” medalı ilə təltif edilib. Jurnalistikamıza xidmətlərinə görə isə “Qızıl qələm” və Həsən bəy Zərdabi mükafatçısı adı qazanıb.
Xidmət illərində 32 dəfə müxtəlif həvəsləndirmə təltifləri ilə, o cümlədən 13 dəfə Daxili İşlər Nazirliyinin Fəxri fərmanları ilə, Azərbaycan Polisinin 95 illiyi və 100 illiyi yubiley medalları ilə, “Əla xidmətlərə görə” döş nişanı, “Qüsursuz xidmətə görə” medalının hər 3 dərəcəsi və s. ilə mükafatlandırılıb.
Təqaüdə çıxdıqdan sonra yeni vəzifəyə – Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmış “Daxili İşlər Orqanlarının maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi Fondu”nun icraçı direktoru vəzifəsinə təyin olunub və burada da vicdanla, şərəflə çalışır.
Keçmiş tələbə yoldaşımız, əziz dost və sirdaşımız Sadiq Gözəlov ömrünün ən müdrik, kamil dövrünə qədəm qoyub. Bu yaş insan ömrünün zəngin həyat təcrübəsinin toplandığı, ölçülü, düzgün qərarlar verə bildiyi, çəkili sözə sahib olduğu bir dövrüdür. Bu yaş həm də gənc nəslə yol göstərən, keçilən yollar, öz-özünə hesabat verən, şərəfli keçmişinə görə şükranlıq edən, vicdanla yaşadığı illərin çiynində yük deyil, həyatında böyük dəyər yaradan zaman olduğunu anladan ömür zirvəsidir.
Yarım əsrlik sadiq dostumuz, nüfuzlu həmkarımız Sadiq Gözəlovu ömrünün 7-ci onilliyinin tamamında ən səmimi duyğularla yada salır, bir daha cəmiyyətə təqdim edir, ona ən xoş arzularımızı təbrik və hədiyyə olaraq ünvanlayırıq.
Əntiqə QONAQ,
Əməkdar jurnalist

