“Küçələrə piştaxta düzmüşəm...”

post-img

Sanitar və hüquqi normalardan uzaq olan belə ticarət ictimai narazılıq doğurur

Dünya üzrə geniş yayılmış iqtisadi fəaliyyət növlərindən biri olan küçə ticarəti kiçik sahibkarlığın inkişafını, məşğulluğun artmasını və əhalinin ucuz məhsullara çıxışını asanlaşdırmaqla bərabər, həm də şəhər mühitinin planlaşdırılması, ictimai təhlükəsizlik və vergi intizamı baxımından ciddi qaydalar tələb edir. Azərbaycanda isə bu sahə daha çox qeyri-formal iqtisadiyyatın tərkib hissəsi kimi tanınır. Böyük şəhərlərdə, xüsusilə Bakıda küçə ticarəti əsasən metro çıxışları, bazar ətrafları və piyadaların sıx keçidlərində müşahidə olunur.

Bu fəaliyyətin hüquqi tənzimlənməsi mövcud olsa da, praktikada icra mexanizmləri bəzən qeyri-sabit xarakter daşıyır. Bir tərəfdən sosial səbəblər – işsizlik, aşağı gəlir səviyyəsi və alternativ məşğulluq imkanlarının məhdudluğu küçə ticarətinin geniş yayılmasına şərait yaradır, digər tərəfdən isə şəhər estetikasına, sanitariya normalarına və qanuni sahibkarlığa mənfi təsir göstərir.

Son vaxtlar paytaxtda və digər iri şəhərlərdə küçə ticarətinə qarşı mübarizə tədbirlərinin gücləndirildiyi müşahidə edilir. Keçirilən reydlərlə səkilərin, keçidlərin və hətta yol kənarlarının zəbt olunaraq qeyri-rəsmi satış nöqtələrinə çevrilməsinə son qoyulur, qanunsuz ticarət obyektləri yığışdırılır. Bununla da həmin ərazilərdə bir sıra neqativ hallar, eləcə də antisanitar vəziyyət aradan qaldırılır.

Bu məqamda qeyd edək ki, küçə ticarəti ilə bağlı reydlərin keçirilməsi sistemli və şəffaf xarakter daşımır. Belə ki, bir ərazidə bu şəraitə uzun müddət göz yumulduğu halda, digərində qəfil və sərt müdaxilə baş verir. Vətəndaşlar üçün bu prosesin hansı prinsiplər əsasında gerçəkləşdiyi, küçə ticarəti ilə fəaliyyət göstərən şəxsin nə vaxt və hansı səbəbdən məsuliyyətə cəlb edildiyi aydın olmur. Nəticədə oxucu və ictimaiyyət qarşısında haqlı suallar yaranır: küçə ticarəti hansı qaydalarla həyata keçirilməlidir? Reyd zamanı satıcının malının müsadirə edilməsi nə dərəcədə qanunauyğundur? Və ən əsası, məmur bu prosesi gerçəkləşdirərkən hansı davranış standartlarına əməl etməlidir?

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Sumqayıtda qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı çəkilmiş görüntülərin ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrildiyini xatırlatmaq istərdik. Mağazanın qarşısına düzülərək səkini daraldan məhsulların satıcıdan müsadirə edilməsi ilk baxışdan şəhərsalma və ictimai nizam qaydalarının qorunması baxımından əsaslı və ədalətli görünürdü. Lakin reyd zamanı məmurun satıcıya ünvanladığı “səki piyadalar üçündür, burada satırsansa, almalar sənin deyil” ifadəsi müzakirənin mərkəzində məhz hüquqi prosedurlardan çox, məmur – vətəndaş münasibətlərinin etik çərçivəsini ön plana çıxarırdı.

Məsələnin bu qədər rezonans doğurması isə təsadüfi deyildi. Çünki cəmiyyət çox vaxt küçə ticarətinə qarşı mübarizənin özünə yox, onun hansı üsullarla və hansı hüquqi əsaslarla aparılmasına həssas yanaşır. Eyni zamanda, oxşar mənzərələr Sumqayıtla yanaşı, Bakının “28 May”, “20 Yanvar”, “Əhmədli” kimi metro stansiyaları ətrafında, eləcə də digər şəhər və rayon mərkəzlərində müşahidə edilir, səkilərin, keçidlərin və hətta yol kənarlarının qeyri-rəsmi satış nöqtələrinə çevrildiyi hər gün nəzərə çarpır.

Çıxış yolu isə yuxarıda qeyd edildiyi kimi, qadağalarla yox, aydın qaydalarla, alternativ ticarət məkanlarının yaradılması ilə və ən əsası, məmurun vətəndaş qarşısında davranış mədəniyyətinin yüksəldilməsi ilə mümkündür. Beynəlxalq təcrübə göstərir ki, küçə ticarətini ya şəhərdən silmək, ya da ona göz yummaq yox, onu şəhər həyatına uyğun şəkildə tənzimləmək daha dayanıqlı və ədalətli yanaşmadır. Bunun üçün, ilk növbədə, səkiləri zəbt edərək piyadaların hərəkətinə mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla izahat xarakterli söhbətlər aparılmalıdır.

Eyni zamanda, küçə ticarəti ilə məşğul olanların diqqəti müəyyən ərazilərdə kənd təsərrüfatı məhsullarının satışı üçün nəzərdə tutulan yarmarkalara yönəldilməli və onlara həmin ticarət nöqtələrində satıcılar üçün hər cür şəraitin yaradıldığı barədə məlumat verilməlidir. Qabaqlayıcı tədbirlərin əsas məqsədi piyadaların sərbəst hərəkətinin gerçəkləşdirilməsi, sanitariya-gigiyena normalarına riayət edilməsi və şəhər ərazisində qanunvericiliyin tələblərinə uyğun ticarət mühitinin formalaşdırılması olmalıdır.

Vətəndaşın istifadəsində satış üçün nəzərdə tutulan məhsulun müsadirə hüququ isə yalnız məhkəməyə aiddir. Qanunvericilikdə küçə ticarəti ilə bağlı müəyyən qaydalar mövcuddur. Dövlət qurumları satıcılara ticarətin qadağan olunduğu yerlərlə bağlı xəbərdarlıq etməli, onlara müəyyən vaxt verməli və bundan sonra məhsullar yığışdırılmalıdır. İnzibati cərimə tətbiq oluna bilər, amma vətəndaşa məxsus əmlakın müsadirəsi yolverilməzdir. Etiraz olduqda, müqavimət göstərildikdə isə məsul qurum məhsulu müəyyən saxlanc yerlərinə qoya bilər. Küçə ərazisi təmizləndikdən sonra həmin məhsullar sahibinə qaytarılmalıdır.

Azərbaycan qanunvericiliyinə görə, ictimai məkanlarda, o cümlədən səkilərdə icazəsiz ticarət inzibati xətadır və bu, müəyyən hallarda cərimə, malların götürülməsi kimi tədbirlər nəzərdə tutur. Lakin hüquqi mexanizmin mövcudluğu onun istənilən formada tətbiqinə bəraət qazandırmır. Hüququn aliliyi yalnız cəzanın deyil, prosedurun da qanuna uyğun olmasını tələb edir. Belə ki, müsadirə qərarı müvafiq aktlarla rəsmiləşdirilməli, satıcıya hüquqları izah edilməli, alternativ imkanlar göstərilməlidir.

Unutmaq olmaz ki, küçə ticarəti çox zaman, sadəcə, qayda pozuntusu deyil, eyni zamanda, sosial-iqtisadi reallığın təzahürüdür. Kiçik gəlirli ailələr, işsizlər, kənd təsərrüfatı məhsullarını birbaşa satmaq istəyənlər üçün bu fəaliyyət növü dolanışıq vasitəsidir. Bu faktı nəzərə almadan aparılan reydlər isə problemin kökünü deyil, yalnız zahiri əlamətlərini aradan qaldırır.

Qadağa, yoxsa qayda?

Ekspertlərin əksəriyyəti bu fikirdədir ki, küçə ticarətini tənzimləmək üçün hüquqi çərçivə yaratmaq, lisenziyalaşdırma, məkan və vaxt məhdudiyyətləri tətbiq etmək, sanitar-gigiyena normalarını reallaşdırmaq, vergi sistemini formalaşdırmaq və ictimai qaydanı qorumaq kimi addımlar atılmalıdır. Bunda əsas məqsəd isə ticarətin qanuniləşdirilməsi, şəhər estetikasına uyğunlaşdırılması və həm satıcı, həm də alıcı üçün təhlükəsizliyin gerçəkləşdirilməsidir.

Tənzimləmənin əsas istiqamətlərinə gəldikdə isə, ilk növbədə, qanunvericilik və sənədləşdirmə fəaliyyəti diqqətdə saxlanılmalıdır. Başqa sözlə, küçə ticarəti haqqında xüsusi qanun layihəsi hazırlanmalı, satıcılara icazə (lisenziya) verilməsi üçün qaydalar müəyyənləşdirilməli, fərdi sahibkarlıq qeydiyyatı təşviq edilməlidir. Təbii ki, bu prosesdə məkan və vaxt amili də önə çəkilməlidir. Yəni ticarət aparılacaq ərazilərin (məsələn, parklar, piyada zolaqları) müəyyənləşdirilməsi, belə sahələrdə nəqliyyatın hərəkətinə və piyadaların rahatlığına mane olunmaması zərurəti unudulmamalıdır.

Ticarətə icazə verilən vaxt intervalı təyin etmək (məsələn, yalnız müəyyən saatlarda), ərzaq məhsulları satanlar üçün sanitariya qaydalarına (təmizlik, soyuducu) xüsusi diqqət yetirmək, yanğın təhlükəsizliyi, daşınan stendlərin sabitliyi kimi təhlükəsizlik məsələlərinə mühüm əhəmiyyət vermək, vergi ödənişinə, gəlirlərin leqallaşdırılmasına həssaslıqla yanaşmaq kimi məsələlər də əsas prinsiplər sırasında yer alır. Bütün bunlara əməl olunmasında əsas məqsəd küçə ticarətini tam qadağan etmək yox, onun şəhər həyatına inteqrasiyasını gerçəkləşdirməklə daha keyfiyyətli, təhlükəsiz və tənzimlənən bir fəaliyyət sahəsinə çevirməkdir.

Bu məqamda beynəlxalq təcrübəyə nəzər salmaq yerinə düşür. Belə ki, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə küçə ticarəti mövcuddur, lakin bu fəaliyyət ciddi şəkildə tənzimlənir. Avropa ölkələrində, Asiyada və Latın Amerikasında küçə ticarəti şəhər həyatının ayrılmaz hissəsi hesab olunur. Məsələn, Türkiyədə küçə satıcıları (səyyar satıcılar) bələdiyyələr tərəfindən qeydiyyata alınır, onlara xüsusi icazə sənədləri verilir və fəaliyyət göstərə biləcəkləri ərazilər əvvəlcədən müəyyənləşdirilir. Tarixi yerlərdə və turizm məkanlarında küçə ticarəti xüsusi dizayn edilmiş köşklər və arabalar vasitəsilə həyata keçirilir.

Almaniya və Fransada isə küçə ticarəti əsasən yarmarkalar, həftəsonu bazarları və festival günləri ilə məhdudlaşdırılır. Hər bir satıcı bələdiyyədən icazə alır, vergi ödəyir və sanitar normalara əməl edir. Qaydaların pozulması zamanı isə cərimə tətbiq olunur, lakin malların dərhal və izahatsız müsadirəsi istisna haldır. Asiya ölkələrində, xüsusilə Sinqapurda küçə ticarəti tamamilə sistemli şəkildə fəaliyyət göstərir.

Keçmişdə xaotik olan səyyar ticarət bu gün “hawker centre” adlanan xüsusi məkanlarda keçirilir. Bununla da dövlət həm şəhər estetikasını qoruyur, həm də minlərlə insanın dolanışıq mənbəyini leqallaşdırır. Bu nümunələr göstərir ki, adları çəkilən ölkələrdə küçə ticarətinə yanaşma “olmalıdır, ya olmamalıdır” dilemması ilə deyil, “necə olmalıdır” sualı üzərində qurulmasına üstünlük verilir.

Eyyub HÜSEYNOV,
Azad İstehlakçılar Birliyinin sədri

Respublikamızda küçə ticarəti qanunvericiliklə ciddi şəkildə tənzimlənən sahələrdən biridir. Ümumilikdə, küçə və səki kənarında icazəsiz ticarətin aparılması qadağandır və bu fəaliyyətlə məşğul olan şəxs İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə uyğun olaraq 80 manat məbləğində cərimə edilir. Bu tələb həm ictimai təhlükəsizliyin təmin olunması, həm şəhər mühitinin səliqəli saxlanması, həm də vergidən yayınmanın qarşısının alınması məqsədilə tətbiq olunur.

Bu məqamda bir cəhəti də xatırlatmaq yerinə düşər. Belə ki, ölkənin digər şəhərlərindən fərqli olaraq, Bakıda səyyar və mövsümi ticarət fəaliyyətinin müəyyən qaydalar çərçivəsində həyata keçirilməsinə icazə verilir. Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrıca qaydalar təsbit edilir və yalnız həmin qurum tərəfindən müəyyənləşdirilən ərazilərdə ticarətin aparılmasına icazə verilir. Yəni hər bir şəxs istədiyi yerdə satış fəaliyyəti göstərə bilmir və bunun üçün mütləq rəsmi icazə tələb edilir. Qaydaya görə, səyyar ticarətlə məşğul olmaq istəyən sahibkar fəaliyyət göstərə biləcəkləri ərazi üçün rəsmi müraciət edir, icazə sənədi alır və yalnız bundan sonra ticarətə başlayır.

Bakı şəhərində səyyar ticarət üçün uyğun hesab edilən ərazilər əsasən insanların istirahət etdiyi, sosial fəaliyyətin cəmləşdiyi zonalardan seçilir. Parklar, bağlar, dənizkənarı ərazilər, turistlərin sıx hərəkət etdiyi məkanlar və mövsümi olaraq çimərlik zonaları buna misal göstərilə bilər. Bu cür ərazilər həm ticarət üçün əlverişli şərait yaradır, həm də şəhər həyatına mane olmadan, səliqəli şəkildə fəaliyyət göstərməyə imkan verir. Bununla yanaşı, küçə və prospektlərin hərəkət hissəsində, piyada səkilərində insanların gediş-gəlişinə mane olacaq nöqtələrdə, məktəb və uşaq bağçalarının yaxınlığında, dövlət idarələri və tarixi abidələrin ətrafında səyyar ticarətə icazə verilmir. Bu məhdudiyyətlər təhlükəsizlik, sanitariya və şəhər qaydalarının qorunması baxımından son dərəcə vacibdir.

Qeyd edim ki, Bakı Şəhər Baş Polis İdarəsi paytaxtın görkəminə xələl gətirən, yollarda hərəkət iştirakçılarına maneə yaradan, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirləri daim diqqət mərkəzində saxlayır, metro stansiyalarının giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırır.

Avropa ölkələrində isə küçə ticarəti daha çox institusional və hüquqi çərçivədə təşkil olunur. Məsələn, Almaniya, Fransa, İtaliya və İspaniyada küçə ticarəti üçün xüsusi lisenziya sistemi tətbiq edilir, fəaliyyət zonaları əvvəlcədən müəyyənləşdirilir və vergi öhdəlikləri ciddi şəkildə nəzarətdə saxlanılır. Avropa modelində əsas prinsip küçə ticarətinin tam qadağan edilməsi deyil, onun şəhər planlaması və rəqabət mühitinə uyğun şəkildə inteqrasiyasıdır. Bu yanaşma həm sosial inklüzivliyi gerçəkləşdirir, həm də formal iqtisadiyyatın maraqlarını qoruyur.

Müqayisəli təhlil göstərir ki, Azərbaycan üçün optimal model küçə ticarətinin inzibati repressiya yolu ilə deyil, tədricən formallaşdırılmasıdır. Bunun üçün xüsusi ticarət zonalarının yaradılması, sadələşdirilmiş qeydiyyat və vergi mexanizmlərinin tətbiqi, eyni zamanda, sosial dəstək proqramlarının genişləndirilməsi məqsədəuyğun olardı. Avropa təcrübəsi sübut edir ki, küçə ticarətinin səmərəli idarə olunması yalnız hüquqi məhdudiyyətlər deyil, institusional və sosial siyasətin uzlaşdırılması ilə mümkündür. Başqa sözlə, küçə ticarəti iqtisadi problem olmaqla bərabər, həm də sosial və şəhərsalma məsələsidir. Azərbaycan üçün Avropa təcrübəsindən çıxarılan əsas dərs isə ondan ibarətdir ki, küçə ticarətinin tənzimlənməsi balanslaşdırılmış, şəffaf və inklüziv siyasət tələb edir.

V.BAYRAMOV
XQ



Sosial həyat