Sağlam qidalanma mövzusu cəmiyyətdə hər zaman diqqət mərkəzində olub. Xüsusilə də mal ətinin insan sağlamlığına təsiri ilə bağlı fikirlər ziddiyyətlidir. Bir tərəf onu müxtəlif xəstəliklərin mənbəyi kimi təqdim edir, digər tərəf isə bu yanaşmanın elmi əsaslara tam söykənmədiyini bildirir. ABŞ-ın İllinoys Ştatının Texnologiya İnstitutunun alimləri tərəfindən aparılan yeni araşdırma bu mübahisələrə daha təmkinli və balanslı yanaşma təklif edir.
Nüfuzlu “Current Developments in Nutrition” elmi jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, gündəlik emal olunmamış mal əti istehlakı II tip şəkərli diabetin yaranma riskini və orqanizmdə iltihab səviyyəsini artırmır. Tədqiqatda artıq çəkisi olan və diabetöncəsi diaqnoz qoyulmuş 24 şəxs iştirak edib. İştirakçılar 2 ay ərzində növbəli şəkildə iki fərqli qidalanma rejiminə əməl ediblər. Bir mərhələdə gündəlik menyuda 170–200 qram emal olunmamış mal əti yer alıb, digər mərhələdə isə eyni miqdarda quş əti istifadə edilib. Hər bir mərhələ 28 gün davam edib və arada iştirakçıların adi qidalanmaya qayıtdığı qısa bir fasilə verilib. Bu fasilə tədqiqatın nəticələrinin daha obyektiv olmasına, əvvəlki mərhələnin təsirinin sonrakı nəticələrə qarışmamasına xidmət edib.
Aparılan ölçmələr və analizlər göstərib ki, mal əti ilə zəngin rasion insulinə həssaslığı zəiflətmir, mədəaltı vəzinin beta hüceyrələrinin fəaliyyətinə mənfi təsir göstərmir, qanda şəkərin səviyyəsini yüksəltmir və iltihab göstəricilərini artırmır. Ürək-damar və maddələr mübadiləsi ilə bağlı əsas göstəricilər quş ətinin üstünlük təşkil etdiyi qidalanma rejimi ilə müqayisədə demək olar ki, eyni səviyyədə qalıb. Başqa sözlə, orqanizm mal ətini gündəlik rasionun bir hissəsi kimi qəbul etdikdə bu, gözlənildiyi kimi təhlükəli nəticələr doğurmayıb.
Alimlər xüsusilə vurğulayırlar ki, söhbət kolbasa, sosiska və ya bekon kimi emal olunmuş məhsullardan deyil, təbii və emal edilməmiş mal ətindən gedir. Əvvəlki tədqiqatlar məhz emal olunmuş ət məhsullarının xərçəng və metabolik pozuntular riskini artırdığını sübut edib. Bu isə göstərir ki, problemin kökü təkcə ətin özündə deyil, onun hansı formada və hansı qidalanma kontekstində istehlak edilməsindədir.
Mal əti insan orqanizmi üçün vacib olan yüksəkkeyfiyyətli zülal, dəmir, sink və B12 vitamini ilə zəngindir. Bu maddələr əzələ kütləsinin qorunmasında, qan dövranında və sinir sisteminin sağlamlığında mühüm rol oynayır. Lakin alimlərin fikrincə, burada əsas məsələ miqdar və balansdır. Tərəvəz, tam taxıl məhsulları və liflə zəngin qidalarla birlikdə qurulan rasionda mal əti təhlükə mənbəyi deyil, əksinə, düzgün istifadə olunduqda faydalı ola bilər.
Tədqiqatın müəllifləri hesab edirlər ki, ümumi qidalanma vərdişlərini sağlam məcraya yönəltmək vacibdir. Çəkinin nəzarətdə saxlanılması, fiziki aktivlik, şəkərli içkilərdən və rafinə olunmuş karbohidratlardan uzaq durmaq diabet riskinin azalmasında daha həlledici rol oynayır. Bu araşdırma bir daha göstərir ki, sağlam qidalanma sərt qadağalar üzərində deyil, düşünülmüş seçimlər və tarazlıq üzərində qurulduqda daha effektiv və davamlı olur.
Odur ki, sağlam qidalanma məsələlərində qorxu yaradan çağırışlar əvəzinə, elmi sübutlara əsaslanan, ölçülü və balanslı yanaşma daha məqsədəuyğundur. Emal olunmamış mal əti düzgün porsiyalarla və sağlam həyat tərzi çərçivəsində istifadə edildikdə düşündüyümüz qədər riskli olmaya bilər. Qidalanma ilə bağlı qərarlar verərkən fərdi sağlamlıq vəziyyətini və mütəxəssis tövsiyələrini nəzərə almaq isə hər zaman ən doğru seçim olaraq qalır.
Nurəngiz ADİLQIZI
XQ

