Babək Rayon İcra Hakimiyyətində “Hərbi vətənpərvərlik: vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi və Naxçıvan Hərbi Kollecinin əməkdaşlarının iştirakı ilə keçirilib. Həmçinin tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sabina Abbasova, rayon icra hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi zamanı müddətli həqiqi hərbi xidmət və səfərbərlik üzrə çağırış məsələlərinə toxunub, gənclər arasında hərbi sahəyə marağın artırılmasının, vətənpərvərlik ruhunun gücləndirilməsinin, habelə Konstitusiya ilə müəyyən edilmiş vəzifə və məsuliyyətlərin əhəmiyyətini vurğulayıblar.
Qeyd edilib ki, bu cür maarifləndirici tədbirlər gənclərin və cəmiyyət üzvlərinin hərbi xidmətə hazırlıq səviyyəsinin artırılmasında, vətəndaşlıq borcunun düzgün dərk olunmasında mühüm rol oynayır.
Səbuhi HƏSƏNOV

