Azərbaycan humanitar elmi və azərbaycanşünaslıq: konseptual baxış

post-img

I MƏQALƏ

Azərbaycan elmi humanitariyası

“Xalq qəzeti” nin 2026-cı il 10 yanvar tarixli sayında filologiya elmləri doktorları Sərxan Xavəri, Hikmət Quliyev və Səfa Qarayevin akademik Kamal Abdullanın “Gizli Dədə Qorqud: yeni mənalar axtarışında” (Bakı, 2025) adlı monoqrafiyasının elmi-konseptual təhlilinə həsr edilmiş “Ulu söz abidəsinin gizlinlərinə açılan qapı” adlı məqalələri dərc edilmişdir.

Məqalənin məzmunu və təhlilin elmi-idraki hədəfləri başlıqda ifadə edilən fikrin sərhədlərini ciddi şəkildə aşır. Bu “transsemantik proyeksiya”da bütövlükdə Azərbaycan sosio-humanitar elmi təfəkkürünün dərin məsələlərinə kreativ nüfuzetmənin əlamətlərini görürük.

Əlbəttə, məqalənin elmi sanbalı və bütövlükdə koqnitiv məziyyətləri, mənə görə, yüksəkdir. Ancaq burada bizi əsas olaraq müasir Azərbaycan humanitar elmi təfəkkürünün ciddi nəzəri əsaslar, elmi yanaşmalar (“epistemoloji konstruktlar”), fənlərarası metodoloji sistemlər və biliyin fərqli qiymətləndirmə prinsipləri bazasında yenidən “formatlaşdırılması” konteksti maraqlandırır. “Buna ehtiyac varmı?” sualının cavabının silsilə məqalələrin mətninin məntiqi və semantikasının qovşağında aydınlaşacağına ümid edirik.

Bizim yanaşmamızın elmi-idraki təməlində “Müasir Azərbaycan elmi humanitariyası necə olmalıdır?” sualına cavab axtarışlarının son dərəcə yüksək aktual olması əminliyi dayanır.

Bunun bir mühüm səbəbi bütövlükdə Azərbaycan elminin daxili təkamül dinamikasının xüsusiyyətləri ilə bağlıdır. Zaman-zaman elmi-təfəkkürün “özünütəftişi” ciddi ehtiyaca çevrilir. Həmin anda elmi təfəkkürün dərhal fəlsəfi dərketməyə müraciəti “elmi sifariş” halına gəlir. Fəlsəfə və elm tarixi bunu sübut edə biləcək kifayət qədər ciddi faktlara malikdirlər.

Digər səbəb XXI əsrin çağırışlarının əmələ gətirdiyi yeni fəlsəfi-elmi düşüncə mədəniyyətini artıq uyğunlaşmağa başlaması ilə əlaqəlidir. Bu prosesin özəllikləri çoxdur. Bizim üçün burada önəmli olanı XXI yüzildə tərəqqinin elmdənkənar mümkünlüyünün olmadığı qənaətinin dünyada qəbul edilməsi ilə bağlıdır. Doğrudur, buna uyğun olmayan müxtəlif yanaşmalar, izahlar, əsaslandırmalara rast gəlinir. Ancaq bəşəriyyətin praktiki mövcudluq sahəsində elmsiz kiçik bir addım atmaq belə mümkün deyildir.

İndi rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik, informasiya nəzəriyyələri, kosmotexnisizm (yeni fəlsəfi-elmi anlayışdır) və klassik insan təfəkkürü üçün qeyri-adi görünən çoxlu sayda anlayışlar yalnız elm adamlarının deyil, cəmiyyətin praktiki həyatının müxtəlif sferlarında insanların ünsiyyət mədəniyyətinin fraqmentlərində rast gəlirik. Yəni insanların fərd olaraq və onların birgəyaşam üsulu olan “cəmiyyət”in ekzistensiyası (mövcudolma üsulu, imkanları və sərhədləri) “böyük anlamda elmidir”!

Ən maraqlısı odur ki, bütün bu sıçrayışlı və inqilabi dəyişikliklər bir məsələni fəlsəfi və elmi idrakın əsas problemi hesab edirlər – İnsan! İndi “İnsan”ı öyrənmək bütövlükdə dünyanı, kosmosu, qalaktikaların ənginliklərini öyrənmək kimi qəbul edilir. İnsanı yaşatmaq dünyanı yaşatmaq deməkdir. Buradan elmi humanitarlığın cari və strateji aktuallığı ilə funksiyasının sintezinin bütün mənzərəsini yaratmaq olar! Məqsədimiz o deyil. Ancaq aydın olur ki, elmi humanitariya bütövlükdə fərdlər və qövmlər üçün fundamental ekzistensial suallara cavab axtarışlarının başlıca “semantik sahəsi” halına gəlmişdir. Bizim üçün bu “semantik sahənin” ən qiymətli “idraki incisi” Azərbaycan elmi humanitariyasıdır! Çünki biz azərbaycanlıyıq, Azərbaycan Respublikasının ziyalılarıyıq və humanitar elmin müstəqil Azərbaycan dövlətinə xidmət etməli olduğuna dərin, sarsılmaz əminliyimiz vardır!

Son tezisin əsaslılığının sırf nəzəri-konseptual məna sahəsi də mövcuddur. Lakin onun üzərində qəzet çərçivəsində dayanmaq, onsuz da terminoloji baxımdan mürəkkəb olan mənzərəni daha da mücərrəd edər. Ona görə də konkret Azərbaycan elmi humanitariyasının təhlilinə keçək.

Azərbaycan humanitar düşüncəsi

Filologiya elmləri doktorları S.Xavəri, H.Quliyev və S.Qarayev yuxarıda vurğuladığımız məqalələrində yazırlar: “Nə qədər paradoksal səslənsə də, məhz bu rakursdan yanaşdıqda, qədim türk mədəniyyətinin bəşər mədəniyyəti kontekstində yeri və mövqeyi formal vətənpərvərlik və millətçilik düşüncəsi ilə yazılan tədqiqatlarda olduğundan daha aydın, həm də daha şərəfli görünür. Bu mənada, kitabın çox mühüm cəhətlərindən biri (müəlliflər akademik K.Abdullanın “Gizli Dədə Qorqud: yeni mənalar axtarışında” monoqrafiyasını nəzərdə tuturlar – F.Q.) onun Azərbaycan elmi humanitar düşüncəsinin universal antropoloji elmi səviyyəyə iddiasını və imkanını özündə əks etdirməsidir. Bizcə, hazırda belə bir iddiaya Azərbaycan humanitariyasının çox ehtiyacı vardır”.

Bir kitabın təhlilindən bütövlükdə Azərbaycan elmi humanitariyasının nəzəri-konseptual məsələlərinə keçid yeni hadisə deyildir. Bu kimi nümunələrə akademiklər İ.Həbibbəyli, K.Abdulla, N.Cəfərov və digərlərinin yaradıcılığında rast gələ bilərik. Bununla yanaşı, yuxarıdakı iqtibasın birbaşa AMEA-da elmi humanitariyanın inkişafı kontekstinə aiddiyyatı bizi daha çox maraqlandırır.

AMEA-nın fəaliyyətinin birinci prioritet istiqaməti

2024-cü il fevralın 29-da AMEA prezidenti akademik İsa Həbibbəyli Akademiyanın fəaliyyətinin 7 prioritet istiqamətlərini Rəyasət Heyətinin Ümumi yığıncağında elan etmişdir. Birinci prioritet aşağıdakı kimi müəyyənləşdirilmişdir:

– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Andiçmə mərasimində ifadə olunmuş azərbaycançılıq ideologiyasının elmi-nəzəri və tarixi-fəlsəfi əsaslarının işlənib hazırlanması və bütün istiqamətlər üzrə həyata keçirilməsi ölkə elminin, Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında duran əsas vəzifələrdəndir. AMEA-nı ölkəmizin əsas Azərbaycanşünaslıq mərkəzinə çevirmək bizim əsas vəzifəmizdir.

Etiraf edək ki, “Azərbaycan elmi humanitar düşüncəsinin universal antropoloji elmi səviyyəyə” iddiası və imkanı” tezisinin I prioritetin məzmunundan qaynaqlandığı təəssüratı yaranır. Yəni məqalədə vurğulanan nəzəri tezis bir “AMEA elmi hadisəsidir”! Bir neçə ildir ki, Akademiya rəhbərliyinin həyata keçirdiyi yeniləşmə prosesinin elmi yaradıcılıq təzahürlərindən biridir. Onun vacib cəhətlərindən biri Azərbaycan elmi humanitariyasının “universal antropoloji elmi səviyyəyə” yüksəldilməsi məsələsinin azərbaycançılıq məfkurəsinin tədqiqi əsasında Azərbaycanşünaslığın inkişafı ilə sıx bağlılığıdır. Bizi məhz məsələnin bu aspekti maraqlandırır.

Əsas sual belədir: “Azərbaycanşünaslığın elm olaraq inkişafı perspektivləri ilə bütövlükdə Azərbaycan elmi humanitarlığının universal antropoloji səviyyəyə yüksəldilməsi arasında əsaslı elmi münasibətlər necə olmalıdır?”

Azərbaycanşünaslıq elm kimi

Yuxarıda qoyulan suala elmi cavab axtarmaq üçün qısa da olsa, bütövlükdə Azərbaycanşünaslığın tədqiqi vəziyyətinə baxmaq lazımdır. Akademik İsa Həbibbəyli yazır: “Hazırda respublikamızda azərbaycançılıq ən müxtəlif yöndən tədqiq edilib öyrənilməkdədir. Azərbaycanşünaslığın zəruri və gərəkli bir araşdırma istiqamətinə çevrilməsi müstəqil Azərbaycanın elm siyasətinin uğurudur”.

Bir başqa yerdə AMEA prezidenti vurğulayır: “Azərbaycan – ana Vətən və ümummilli ideal; Azərbaycançılıq – milli ideologiya; Azərbaycanşünaslıq – elmdir!”

Akademik Nizami Cəfərov da yazır ki: “...Azərbaycanşünaslıq nə dilçilik, nə ədəbiyyatşünaslıq, nə mədəniyyətşünaslıq, nə də tarixşünaslıqdır. Onun (azərbaycanşünaslığın) işi həmişə elmlərin hər birinin, eləcə də bir sıra digər elmlərin faktlarından, nəticələrindən, ümumi müddəalarından istifadə etməklə Azərbaycan (və Azərbaycan xalqı!) haqqında ümumi təsəvvür yaratmaqdan, Azərbaycanın (və Azərbaycan xalqının!) dünyadakı universal mövqeyini müəyyənləşdirməkdən ibarətdir”.

Başqa nümunələr də gətirə bilərik, lakin vurğulanan fikirlərdən aydındır ki, Azərbaycanşünaslıq konkret tədqiqat predmeti, yanaşma özəlliyi və elmi məqsədi olan, dinamik inkişaf edən konsepsiyadır. Onun fərqli xüsusiyyəti akademik İsa Həbibbəylinin yuxarıdakı tezisinin məntiqindən avtomatik alınır: Azərbaycan idealdır, Azərbaycançılıq milli ideologiyadır, Azərbaycanşünaslıq isə elmdir.

Akademik Nizami Cəfərovun da yanaşmasından bu məntiqi bağlılıq duyulur. Həmin tezisi ümumiləşdirsək, belə bir mənzərə alarıq – Azərbaycanşünaslığın elm kimi təməlində Azərbaycan idealını konseptuallaşdıran Azərbaycançılıq məfkurəsi dayanır.

Başqa sözlə, Azərbaycanşünaslıq Azərbaycançılıq məfkurəsinin semantik, dünyagörüşü və sosial funksionallıq sərhədlərindən kənarda mücərrəd mahiyyət daşıyardı. Bu anlamda Azərbaycanşünaslığı bəlkə də necə əsl azərbaycançı olmağın elmi izahı kimi də təsəvvür etmək olar. Yəni bir tərəfdən, Azərbaycanşünaslıq elmi konsepsiyadır, digər tərəfdən isə fərd və kollektiv mövcudluq kimi azərbaycanlıların Vahid Vətəndə praktiki yaşamalarının “elə fəlsəfəsidir ki, Yaşar Qarayev anlamında estetik zövq səviyyəsinə yüksəldilməlidir”. Bu halda, “Azərbaycan elmi humanitarlığının universal antropoloji səviyyəyə yüksəldilməsi”nə müasir elmi kriteriyalar bazasında nail olmaq mümkündür.

Bunlardan bizim üçün prinsipial konseptual və metodoloji önəm kəsb edən bir tezis alınır: Azərbaycan elmi humanitarlığının universal antropoloji səviyəyə yüksəldilməsinin mərkəzində Azərbaycanşünaslığın müasir elmi tələblər müstəvisində universal antropoloji səviyyəyə yüksəldilməsi dayanmalıdır. Azərbaycanşünaslıq bu keyfiyyətdə mücərrəd nəzəri funksionallıq deyil, bütövlükdə bizim elmi humanitar təfəkkürümüzün əyaniləşmiş və aktuallaşmış rəmzi olmalıdır! Bu məqsədə AMEA-nın yeniləşmə kursunun I prioritet istiqamətinin nəzəri, metodoloji və dünyagörüşü kontekstində çatmaq tamamilə mümkündür!

Vurğulanan məqamlar məsələnin başqa bir nəzəri xüsusiyyətini aktuallaşdırır.

Azərbaycanşünaslıq konsepsiya və ideologiyanın müqayisəsi prizmasında

Azərbaycanşünaslığa “ideya-konsept-konsepsiya” yaradıcılıq nümunəsinin semantik sahəsindən baxanda düşündürücü bir konseptual məqamı görə bilərik. O, ideya, konsept və konsepsiyasının aralarında olan fərqlərlə əlaqəlidir.

Məsələn, konsepsiyanın konseptdən semantik və funksional fərqi nədən ibarətdir? Elmi ədəbiyyatda həmin fərqi konsepsiyada ideoloji komponentin mövcudluğu ilə əlaqələndirirlər. Əgər sosial-humanitar elmlərdə konsept obyektin predmetik tərəfinə aiddirsə, konsepsiya artıq ideoloji aidiyyatı olan və ideyaların sistemli münasibətlərinin mövcudluğu ilə xarakterizə olunan nəzəri konstruktdur. Buna görə Azərbaycanşünaslıq konspesiya kimi mütləq ideoloji komponentə malik olmalıdır. Bu funksiyanı Azərbaycançılıq məfkurəsi yerinə yetirir. Vurğuladığımız kontekstdə İ.Həbibbəylinin yuxarıdakı tezisinə baxsaq, görərik ki, Azərbaycanşünaslıq özündə Azərbaycançılıq məfkurəsini konsepsiya kimi ehtiva edən ciddi humanitar elmdir.

Azərbaycanşünaslığın ideoloji komponenti kimi Azərbaycançılıq məfkurəsinin elmi dərkində aşağıdakı iki məqam baza rolunu oynaya bilər.

Birincisi, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycançılıq məfkurəsini “ümumxalq ideologiyası” kimi xarakterizə etməsidir.

İkincisi, bu fundamental tezisin məzmun, məqsəd və dünyagörüşü çətiri altında akademik İ.Həbibbəylinin ifadə etdiyi Azərbaycançılıq məfkurəsinin 5 prinsipidir. Onlar aşağıdakılardır:

“1. Azərbaycançılıq – ümumtürk mənşəli milli məfkurədir.

2. Azərbaycançılıq – Azərbaycanın ərazi bütövlüyünün, vahid Vətən, vətən-daş həmrəyliyi və milli birlik ideyalarının təcəssümü, ümumiləşmiş ifadəsidir.

3. Milli iftixar və Vətənçilik Azərbaycançılıq məfkurəsinin əsas ideya mənbəyidir.

4. Azərbaycançılıq bəşəri dəyərləri özündə əks etdirən ümummilli məfkurədir.

5. Radikal millətçilik, dini ayrı-seçkilik, separatçılıq Azərbaycançılıq məfkurəsinə ziddir”.

Həmin təsnifdə Azərbaycançılıq məfkurəsi Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, Azərbaycan dili, milli-mənəvi dəyərlər, Azərbaycan ədəbiyyatı və Azərbaycanşünaslıqla sistemli semantik-funksional bütöv təşkil edirlər və ümumi səviyyədə “Azərbaycançılığın” tərkib hissələri olaraq təqdim olunurlar.

Bununla Azərbaycan elmi humanitarlığının universal antropoloji səviyyədə real prosesə çevrilməsi kontekstində “Azərbaycançılıq-Azərbaycançılıq məfkurəsi-Azərbaycanşünaslıq” semantik və məntiqi sahəsində maraqlı və aktual problemlərin elmi dərki sferasına qədəm qoymuş oluruq. Bu koqnitiv keçidin uğurlu olması üçün Azərbaycan elmi humanitar təfəkkürünün fəlsəfi epistemologiyaya (və ya idrak nəzəriyyəsinə) ciddi ehtiyacı vardır və hətta onsuz mümkün deyildir!

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Sosial həyat