Şəhid övladı – ən dəyərli əmanət

post-img

44 günlük haqq savaşımızın  zəfər şəhidi  Nurlan Əlövsət oğlu Rəhimov.  İndi bu ad onun doğulub boya-başa çatdığı Astara rayonunda kiçikdən tutmuş böyüyə kimi, hamı tərəfindən böyük qürurla, iftixarla çəkilir. Əzəl gündən doğma Vətəninə sevdalanan Nurlan  30 il yağıya  əsir düşən Qarabağımızın azadlığı naminə son damla qanınadək qəhrəmanlıqla vuruşdu.  Qazanılan parlaq qələbəmizdə göstərdiyi hünəri, cəsarəti ilə bir evin oğlundan, bir xalqın övladına  çevrildi.  

Qəhrəmanlığı, igidliyi dillərdə dastana dönən Nurlan Rəhimov qısa və şərəfli ömür yoluna  yaxşı valideyn olmağı da   sığdıra bilib. Əlövsət və Səidə adında iki övladı bizə yadigar qalıb.  Ataları kimi vətənpərvər, ağıllı böyüyən  uşaqların xətri astaralılar üçün çox əzizdir. 

Bu günlər  Yeni Azərbaycan Partiyasının  Astara rayon təşkilatının sədri Həbib Cəfərov,  Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımov, eləcə də bir qrup əməkdaşı  ölümsüzlüyə qovuşan qəhrəmanın  övladının səhhətində  yaranmış  problemlə  əlaqədar  evində olublar.  Ziyarət zamanı  uşağın    sağlamlıq durumunu öyrənib, həm də onu müxtəlif hədiyyələrlə sevindiriblər. Ovqatı yaxşılaşan şəhid övladı öz növbəsində   qonaqlara Vətənlə, qəhrəmanlıqla bağlı  şerlər və Azərbaycanın milli rəqslərdən bir neçə nümunə  ərməğan edib.

Yeni Azərbaycan Partiyasının  Astara rayon təşkilatının sədri Həbib Cəfərov bildirdi ki, hər bir şəhid övladı  Vətənin ən dəyərli əmanətdir. Məqamında onların yanında olmaq, sevincinə, kədərinə şərik çıxmaq isə hər birimizin  ən müqəddəs borcudur.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü







Sosial həyat