Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, qəhrəman zabitin dünyaya gəlişindən 51 il ötür.
General-mayor Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailəsi ilə birgə Sumqayıt şəhərinə köçdüyündən orta təhsilini buradakı 28 və 34 nömrəli məktəblərdə alıb. Sonra o, taleyini hərbçi peşəsinə bağlamaq üçün indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib.
Tağım komandirliyindən general-mayor ali hərbi rütbəsinədək yüksələn Polad Həşimov cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib.
Polad Həşimov 2016-cı ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusu qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Sərəncamına əsasən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib.
Polad Həşimov 2020-ci il iyulun 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Prezidentin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Səngərlər ona yad deyildi, torpaq onu tanıyırdı...
Polad Həşimov səngər generalı idi. Səngərdə onun addımı ümid kimi yayılır, varlığı əsgərə güc verirdi.
Arxa cəbhədən deyil, ön xətdən idarə etməyi seçən iradə idi Polad Həşimov. O, general olmağı əmr verməkdə yox, birgə keşik çəkməkdə görürdü.
Səngərlər ona yad deyildi, torpaq onu tanıyırdı.
Onun baxışlarında qorxu yox, məsuliyyət vardı. Çünki o, rütbəni deyil, əmanəti daşıdığını bilirdi.
Səngərlər onun üçün, sadəcə, torpaq deyil, xalqın ümidini qoruyan müqəddəs xətt idi.
Polad Həşimov ömrünü sözlə yox, əməli ilə yazan insanlardan oldu. O, ön sırada dayanmaqla əsgərinə “yalnız deyilsən” deməyi bacarırdı.
Polad Həşimov qazanılan Qələbənin mənəvi və strateji təməlində xüsusi yeri olan şəxsiyyətlərdən idi. O, 2020-ci ilin iyulunda şəhid oldu və 44 günlük Vətən müharibəsini görmədi. Lakin onun illərlə formalaşdırdığı komandanlıq üslubu, ön xətt ruhu və əsgər–zabit birliyi müharibə zamanı öz bəhrəsini verdi.
Onun şəhadəti cəmiyyətdə misilsiz həmrəylik və milli ruh yaratdı. İllərlə xidmət etdiyi bölgələrdə yetişən zabit və əsgərlər Vətən müharibəsində mühüm tapşırıqları layiqincə yerinə yetirdilər. 44 günlük haqq savaşımızda döyüşə atılan əsgər və zabitlər onun adını bir and kimi çəkirdilər.
Bu baxımdan Polad Həşimov Vətən müharibəsinin qəhrəmanlıq ruhunun simvolu, Qələbəyə aparan yolun mənəvi sütunlarından biri oldu.
Onun ömrü yarımçıq qalsa da, qoyduğu iz Qələbə ilə tamamlandı.
Bu torpaq, bu xalq səngər generalını heç vaxt unutmayacaq.

