İsveçin Höteborq şəhərində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Qarabağ Mərkəzinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Höteborq və ətraf şəhərlərdə yaşayan azərbaycanlılar bir araya gələrək milli birlik və həmrəylik nümayiş etdiriblər. Tədbirin aparıcıları mərkəzin fəal gənc üzvləri Məsumə Rüstəmli və Gülnisə İbrahimova açılış nitqlərində iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edərək bu günün xaricdə yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Mərasim Azərbaycan xalqının Vətən uğrunda canlarını fəda etmiş şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Höteborqda ana dili müəllimi Bəyim Rəhimova Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mənəvi əhəmiyyətinə toxunaraq qeyd edib ki, 31 dekabr təkcə təqvimdə bir gün deyil, bu tarix dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları bir amal, bir Vətən ətrafında birləşdirən rəmzi gündür.
Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri və İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Höteborq üzrə koordinatoru Ülviyyə Nəcəfova çıxışında həmrəylik ideyasının xüsusilə gənc nəsil üçün vacibliyini qeyd edib.
“Həmrəylik Günü bizə kimliyimizi, köklərimizi və birliyimizin gücünü xatırladır. Xaricdə yaşayan azərbaycanlılar olaraq milli dəyərlərimizi qorumaq və gələcək nəsillərə ötürmək bizim əsas missiyamızdır”, - deyə Ü.Nəcəfova bildirib.
Tədbirdə həmçinin cənublu soydaşımız Eldar Qaradağlı çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən danışıb və bildirib ki, bu gün bütün azərbaycanlıların ortaq səsinin və iradəsinin ifadəsidir.
Bayram proqramı milli musiqi əsərlərinin səsləndirilməsi, uşaqların rəqsləri, vətənpərvər şeirlərin oxunması ilə davam edib. Tədbirin sonunda uşaqlara Yeni İl münasibətilə hədiyyələr paylanıb.






