Beynəlxalq təcrübənin ölkəyə transferi strateji prioritetdir

post-img

Bəzən bir görüş təkcə cari niyyətlərin  deyil, bütöv bir ilin planlarının yenidən düşünülməsi, daha fərqli, dərinləşdirilmiş perspektivlər və istiqamətlər üçün stimul yaradır.

Bu günlərdə Bakıda olmaq fürsətindən istifadə edərək Böyük Britaniyada akademik və elmi fəaliyyət göstərən iki dəyərli azərbaycanlı alim — Aygün Azadova və Fərid Ədilov ilə keçirilən görüş məhz belə təsirli və ruhlandırıcı anları ilə yaddaşıma həkk olundu..

Onların Azərbaycana səfərinin ilin sonuna, yeni ilin astanasına təsadüf etməsi qarşıdakı dövr üçün planlarımızda müəyyən müsbət korrektələr aparmağa, bəzi ideyaları daha konkret və hədəfli şəkildə formalaşdırmağa da təkan verdi. Xüsusilə elmin, təhsilin və dövlət siyasətinin bir-birini tamamladığı sahələrdə yeni yanaşmalar üzərində düşünmək üçün bu görüş əhəmiyyətli zəmin oldu.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Aygün Azadova Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Essex Universitetində doktorantura təhsilini uğurla başa vurmuş, süd vəzi xərçəngi ilə bağlı elmi tədqiqatını yüksək səviyyədə müdafiə etmişdir. O, eyni zamanda iki il ərzində həmin universitetdə müəllim və fənn rəhbəri kimi biologiya ixtisasını tədris etmiş, tələbələrlə uğurlu və nəticəyönümlü işi 2024-cü ildə "Təhsildə Mükəmməllik” mükafatı ilə dəyərləndirilmişdir. Bu uğur azərbaycanlı alimlərin beynəlxalq akademik mühitdə etimad qazandığının bariz göstəricisidir.
Fərid Ədilov isə uzun illər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, o cümlədən Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri kimi çalışaraq dövlət siyasətinin formalaşdırılması və icrası sahəsində dərin praktiki təcrübə əldə edib. Hazırda Essex Universitetinin Sosiologiya və Kriminologiya Departamentində doktorantura təhsili alır və müəllim kimi fəaliyyət göstərir. Onun tədqiqatı Azərbaycanın keys araşdırması əsasında qadınların milli qanunvericilik orqanlarında təmsilçiliyinin qərar qəbuletməyə təsirini tədqiq edir.  Bu tədqiqatın nəticələrinin növbəti ildə Oxford Universitetində təqdim ediləcək olması ölkəmizdə bu sahədə həyata keçirilən siyasətin beynəlxalq elmi platformalarda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Xüsusi məmnunluq doğuran məqamlardan biri də odur ki, Aygün və Fərid 15–16 dekabr 2025-ci il tarixlərində Qarabağ Universitetinin biznes və iqtisadiyyat fakültəsində akademik tərkib və tələbələr üçün yüksək səviyyəli təlimlər keçiblər. Akademik heyət üçün təşkil olunan “Ali təhsildə tədris və öyrənmə” mövzulu təlimdə Birləşmiş Krallığın ali təhsil təcrübəsi, QAA yanaşmaları və Professional Standards Framework 2023 (PSF) çərçivəsi əsasında müasir tədris, qiymətləndirmə və keyfiyyət meyarları müzakirə olunub. Tələbələr üçün təşkil edilən “Akademik oxu və yazı” təlimi isə onların beynəlxalq akademik standartlara uyğun bacarıqlarının inkişafına mühüm töhfə verib.

Təsadüfi deyil ki, ölkə Prezidenti Qarabağ Universitetinin yeni korpusunun açılışında xaricdə təhsil alaraq  Universitetin tədris və elmi potensialına töhfə verən müəllimləri xüsusi olaraq qeyd etmişdi.
Bu yanaşma bir daha göstərir ki, dövlət üçün insan kapitalına yatırım və beynəlxalq təcrübənin ölkəyə transferi strateji prioritetdir.

Bu baxımdan görüş zamanı xüsusi olaraq vurğuladım ki, Aygün və Fəridin elmi fəaliyyətlərini davam etdirdikləri universitetlərlə Azərbaycan universitetləri arasında institusional əməkdaşlıqların, birgə tədqiqatların və akademik mübadilələrin qurulması olduqca vacibdir. Və onlar bu sahədə etibarlı körpü rolunu oynaya bilərlər.

Eyni zamanda, Fəridin tədqiqat sahəsi nəzərə alınaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə elmi əsaslı əməkdaşlıq imkanlarının genişləndirilməsi, ölkəmizdə bu sahədə həyata keçirilən siyasətin uğurlu nəticələrinin daha geniş beynəlxalq auditoriyaya çıxarılması üçün yeni təşəbbüslər üzərində çalışma niyyətimizi ifadə etdim.

Nəhayət, xüsusi olaraq vurğulamaq istərdim ki, elmə, təhsilə və birgə akademik fəaliyyətə söykənən bu sağlam əsaslı ailə təkcə peşəkar uğurları ilə deyil,  istinad etdikləri dəyərlərlə də yeni qurulan ailələr üçün əsl örnəkdir.

Eyni mərkəzdə çalışan, bir-birinin elmi yoluna dəstək olan, həyata, dəyərlərimizə və ölkəmizin qarşısındakı hədəflərə çatmaq istiqamətində fəaliyyətə qatqılarında da bir-birini yaxşı tamamlayan bu cütlüyün nümunəsi göstərir ki, ailə və karyera bir-birinə maneə deyil, əksinə, düzgün yanaşma olduqda bir-birini  yeni uğurlara həvəsləndirə, həmçinin ailəni gücləndirə bilər.

Əminəm ki, belə alimlərimizin ölkə ilə bağlarının daha da möhkəmlənməsi, onların bilik və təcrübəsinin Azərbaycan elminə və dövlət siyasətinə inteqrasiyası qarşıdakı illərdə daha böyük nəticələrə yol açacaq.

Sonda Aygünlə Fəridi elmi fəaliyyətləri, şəxsi və ictimai həyatda qazandıqları nailiyyətlər və bayramlar münasibətilə ürəkdən təbrik edir, bu gözəl ailə örnəyimizə rifah və səadət arzulayıram!

Bahar MURADOVA
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Sosial həyat