Bölgədə yeni meşə zolaqları salınır
Füsunkar təbiətli Ağdərəyə növbəti səfərimiz xoş bir məramla bağlıdır. Bu dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Meşələrin İnkişafı Xidmətinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edən 12 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Ağdərə ərazisində apardığı meşə əkininin şahidi və iştirakçısı olmaq məqsədilə yola çıxmışıq.
Elə Xankəndidən başlayaraq Xocalı rayonunun ərazisindən keçən, göz işlədikcə uzanan gözəlliklərlə, insanın ruhunu dincəldən mənzərələrlə əhatələnmiş yolboyu mərkəzin direktoru Söhrab Abbasovla söhbətimiz ermənilərin işğal dövründə törətdikləri ekoloji cinayətlər, flora və faunamıza vurulan yaraların aradan qaldırılması istiqamətində görülən işlər barədə idi.
S.Abbasov bildirdi ki, ermənilər 30 ilə yaxın dövrdə Qarabağ və Şərqi Zəngəzurun təbiətinə, flora və faunasına, ekoloji sisteminə qarşı ekosid törətmişlər. Ekoloji terror ölkə və ya şəxslər tərəfindən digər ölkənin flora və faunasına zərər yetirmək, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Müharibə aparan tərəflər ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməyə borcludurlar. Lakin ermənilər nəinki bu prinsiplərə əməl etməyib, əksinə, onları mütəmadi olaraq kobud surətdə pozaraq işğal etdikləri ərazilərimizin təbiətini viran qoyublar.
Azərbaycanın Bəsitçay və Qaragöl dövlət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri işğalçılar tərəfindən məhv edilib, məqsədli şəkildə yanğınlar törədilib. Bununla da Ermənistan qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları, o cümlədən “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasını pozub”.
Söhrab müəllim söhbət zamanı onu da qeyd etdi ki, işğal zamanı ermənilər yeraltı-yerüstü sərvətlərimizi də vəhşicəsinə talayıblar. Düşmən Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərini qazanc götürmək məqsədilə məhv edərək yarımfabrikat kimi xarici ölkələrə satıb. Xüsusilə işğalın son illərində Ermənistanın Qərb ölkələrinə məxsus şirkətlərin köməyilə meşəçilik sahəsində istehsalı 10 dəfə artırması məhz Azərbaycan meşələrinin qırılması hesabına baş verib.
Belə ki, ümumi sahəsi 8 min hektardan artıq çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistem məhv edilib, flora və faunanın qiymətli növləri ilə zəngin meşələrimiz qırılıb və xaricə daşınıb. Nəticədə, endemik biomüxtəlifliyə ağır zərbə vurulub, yaşıllıq zənginliyinə öyrəşmiş quşlar, heyvanlar bu yerlərdən didərgin düşüb. Təbiətin müvazinəti, balansı pozulub, torpağın erroziyası başlanıb.
Mərkəz direktorunun sözlərinə görə, işğala məruz qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarında, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilərək qorunan 24 fauna və 69 flora növünün xeyli hissəsi ermənilər tərəfindən məhv edilib.
S.Abbasov bildirdi ki, Azərbaycan ermənilərin işğal dövründə dağıdaraq xarabalığa çevirdikləri şəhərləri, kəndləri yenidən qurub-yaratdığı kimi, Qarabağın və Şərqi Zəngəzurun ekologiyasına vurulan yaraların sağaldılması üçün də zəruri addımlar atılır.
Həmsöhbətimin sözlərinə görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, təkcə 2025-ci ilin payızında 290 hektar ərazidə, ümumilikdə, 80 mindən artıq müxtəlif növ ağaclar əkilib, 5 tondan artıq palıd toxumu səpilib. Əkinlər əsasən Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl və Ağdərə rayonlarını əhatə edib. 2026-cı ildə isə daha 400 hektar ərazidə meşə əkini aparılacaq.
...Mənzil başına çatıb Ağdərənin əsrarəngiz mənzərəli ərazisində, 32 hektarda aparılmış meşə əkini ilə tanış olduq. Öyrəndik ki, səliqəli, tələblərə uyğun ardıcıllıqla əkilmiş ağaclar arasında əsasən yerli iqlimə uyğun palıd, vələs, qoz, cökə və digər növlər üstünlük təşkil edir. Üstəlik, sınaq məqsədilə zeytun, şabalıd, daş palıd, Arizona sərvi kimi ağaclar da əkilib. Əgər sınaqlar uğurlu nəticə versə, gələcəkdə adıçəkilən ağacların sayı artırılacaq, Ağdərənin florası daha da zənginləşəcək.
Səfərimizin məqsədlərindən biri də Qarabağımızın təbiətinin bərpasında iştirak etmək olduğu üçün, necə deyərlər, qolumuzu çırmalayıb işə girişdik, biz də “Xalq qəzeti” adından ağaclar əkdik. Ağdərədə böyüyüb, inkişaf edib, iri ağaclara çevriləcək fidanlar arasında bizim də ağaclarımız var!
Mahir RƏSULOĞLU,
“XQ”nin Qarabağ müxbiri
Ağdərə

