Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən uşaqlarda ekoloji biliklərin artırılması, ətraf mühitin qorunmasına məsuliyyətli yanaşmanın formalaşdırılması və təbiətin mühafizəsi sahəsinə marağın gücləndirilməsi məqsədilə həyata keçirilən “ETSN-də bir gün” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, tədbirdə Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyinin üzvü olan 12–15 yaşarası məktəblilər iştirak ediblər.
Tədbir zamanı Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova iştirakçılara hidrometeoroloji müşahidələrin təşkili, məlumatların qəbulu, emalı, vizuallaşması, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesini izah edib, küləyin sürətini ölçmək üçün istifadə olunan meteoroloji ölçmə cihazları haqqında məlumat verib, görünüş məsafəsinin ölçülməsini əyani olaraq göstərib.
Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov tərəfindən ətraf mühitin qorunmasında rəqəmsal texnologiyaların rolu, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Görüşün sonunda uşaqlara simvolik hədiyyələr təqdim olunub.






