Gələn ilin dövlət büdcəsi bu tarixi uğuru təcəssüm etdirir
Milli Məclisin dekabrın 9-da payız sessiyası çərçivəsində keçirilən növbəti plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edildi. Bununla da ölkənin növbəti il üçün əsas maliyyə sənədi təsdiqlənərək, sosial-iqtisadi kursun siyasi çərçivəsi rəsmiləşdi. Milli Məclis müzakirələri 2026-cı il dövlət büdcəsinin Azərbaycanın maliyyə planı, eləcə də maliyyə idarəçiliyində yeni mərhələnin başlanğıcı olduğunu bir daha göstərdi.
Xatırladaq ki, son illər dünya iqtisadiyyatında narahatlıq doğuran qeyri-müəyyən vəziyyət, maliyyə bazarlarında nəzərəçarpan dalğalanmalar, regional risklər və geosiyasi gərginliklər ölkələrin vergilər və dövlət xərcləri vasitəsilə iqtisadiyyatı tənzimləyən siyasətini yenidən nəzərdən keçirməyi tələb edir. Azərbaycan da bu proseslər fonunda həm milli iqtisadiyyatın transformasiya prioritetlərini, həm də dövlət xərclərinin səmərəliliyini artırmağı hədəfləyir.
Milli Məclis müzakirələrində 2026-cı il büdcəsinin əvvəlki illərin ekspansiv (genişlədirici) maliyyə kursundan fərqli olaraq daha çevik, daha səmərəli, balanslaşdırılmış və uzunmüddətli dayanıqlılığa hesablanmış xarakter daşıdığı xüsusi vurğulandı. Eyni zamanda, xərclərin daha dəqiq müəyyənləşdirilməsi, maliyyə intizamının gücləndirilməsi, neft qiymətlərindən asılılığın azaldılması, qeyri-neft gəlirlərinin, dövlət vəsaitlərinin səmərəliliyinin artırılması kimi əsas prioritetlərin önəmi yüksək qiymətləndirildi. Bu yanaşma ilə ölkənin 2022-ci ildən başlayan postpandemiya bərpa və postmüharibə yenidənqurma mərhələsindən çıxaraq uzunmüddətli moderniləşmə dövrünə keçdiyini təsdiqlədi.
Bu məqamda xatırladaq ki, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac potensialının artırılması, regional siyasətin davam etdirilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının, şəffaflığın gücləndirilməsi kimi məsələlərə daha çox önəm verilir. Bütün bunlarla bərabər, büdcənin sosialyönümlü xarakter daşıması da diqqət mərkəzində saxlanılır.
Bütün bunlar təsadüfi xarakter daşımır. Çünki indiyədək respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifahının gerçəkləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl layihələr milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Sahibkarlığın genişlənməsi məqsədilə yeni müəssisələrin işə salınması məqsədilə uğurla reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkəmizin məşğulluq strategiyasının səmərəliliyinə əlverişli şərait yaradıb.
2026-cı il dövlət büdcəsi də bu baxımdan mühüm önəm daşıyır. Büdcə gəlirlərində neft-qaz sektoru hələ də mühüm paya malik olsa da, qeyri-neft gəlirləri artım trendini davam etdirir. Bu, həm vergi inzibatçılığının təkmilləşdirilməsi, həm də iqtisadi fəallığın genişlənməsi ilə sıx bağlıdır. Yeri gəlmişkən, xərclər üzrə dövlət sosial öhdəlikləri tam şəkildə gerçəkləşdirir, müdafiə və təhlükəsizlik xərclərinə xüsusi diqqət yetirir, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa layihələrini davam etdirir, təhsil və səhiyyədə struktur islahatlarına maliyyə dəstəyini artırır və dövlət investisiyalarında səmərəlilik meyarlarını gücləndirir.
Müzakirələrdən həm də belə bir nəticə hasil oldu ki, “büdcə konsolidasiyası” (bir neçə müəssisənin maliyyə hesabatlarının vahid bir sistemdə birləşdirilməsi prosesi) məsələsinin diqqətdə saxlanılması, büdcəyə qənaət və ya xərclərin ixtisarı kimi baxılması ilə bərabər, həm də dövlət gəlirləri və xərcləri vasitəsilə iqtisadiyyata təsir etmək təşəbbüsünün reallaşdırılması, bu məqamda maliyyə intizamının gücləndirilməsi prioritet istiqamətlərdən biridir. Eyni zamanda, təkrarlanan və səmərəsiz layihələrin maliyyələşmədən çıxarılması, investisiya portfelinin optimallaşdırılması, borclanma siyasətinin riskdən qorunması da xüsusi əhəmiyyətə malikdir.
Ekspertlərin fikrincə, belə bir konsolidasiya modeli Azərbaycanın 2022-ci ildən bu yana həyata keçirdiyi ortamüddətli xərclər çərçivəsi prinsiplərinə uyğundur. Yəni 2026-cı il büdcəsi təkcə növbəti ilin əsas maliyyə sənədi deyil, həm də 2026–2028-ci illəri əhatə edən fiskal (dövlətin maliyyə məsələlərini, xüsusən də büdcəni, vergiləri və dövlət xərclərini tənzimləməklə iqtisadiyyata təsiretmə) strategiyanın ilk addımıdır.
Deputatların müzakirələrdə qeyd etdikləri vacib məsələlərdən biri də gəlirlər üzrə risklərin düzgün idarə olunması idi. Bu, təsadüfi deyil. Çünki qlobal enerji bazarlarında qiymət dalğalanmalarının davam etdiyi ilk vaxtlardan etibarən Azərbaycan hökuməti tərəfindən iqtisadi təhlükəsizliyin gerçəkləşdirilməsi məqsədilə Dövlət Neft Fondundan transfertlərin optimal səviyyədə saxlanılması, qeyri-neft gəlirlərinin genişləndirilməsi, dövlət borcunun ÜDM-ə nisbətinin aşağı səviyyədə qorunması əsas hədəflər kimi kimi müəyyənləşdirilib. Bütün bunlar respublikamızın maliyyə sabitliyinin orta və uzun müddətdə möhkəmləndirilməsinə hər zaman müsbət təsir göstərib. Xüsusilə də Qarabağ regionunda aparılan irimiqyaslı bərpa və quruculuq işlərinin davam etdiyi bir dövrdə fiskal dayanıqlılığın güclü olması gələcək maliyyə öhdəliklərini müəyyən risklərdən qoruyur.
Yeri gəlmişkən, 2026-cı il büdcəsi dövlət idarəçiliyində “keyfiyyət dəyişikliyinə keçid” fəlsəfəsinin davamı kimi də səciyyələndirilir. Bu yanaşmada iki əsas komponent var ki, onlardan biri nəticəyönümlü büdcə modelidir. Burada hər bir xərc maddəsi qarşıya qoyulan ölçüləbilən hədəfə bağlanır. Belə bir model hökumətin iqtisadi artımı innovasiya, insan kapitalı və rəqəmsal iqtisadiyyat üzərində qurmaq niyyətini daha da dəqiqləşdirir. İkincisi isə səmərəlilik və hesabatlılıq mexanizmlərinin gücləndirilməsidir. Burada isə dövlət qurumlarının fəaliyyətinə dair konkret nəticə indikatorlarının tətbiq edilməsidir. Bu, xüsusilə təhsil, səhiyyə, sosial müdafiə, rəqəmsallaşma layihələri və dövlət investisiya proqramlarında özünü göstərir.
Ekspertlər bildirirlər ki, büdcə konsolidasiyası xərclərdə qənaət təəssüratı yaratsa da, sosial sektorun maliyyələşməsində heç bir azalma anlamı vermir. Əksinə, prioritet istiqamətlərdə artım davam edir, minimum sosial standartlar qorunur, pensiya və sosial ödənişlərin maliyyə təminatı gerçəkləşir, aztəminatlı ailələr üçün ünvanlı sosial yardımlar reallaşır, sağlamlıq, təhsil və əmək bazarı proqramları uğurla icra olunur. Bu siyasət həm də göstərir ki, iqtisadi islahatlar sosial sabitliklə qarşı-qarşıya qoyulmur, əksinə, sosial siyasət fiskal islahatların mühüm dayağı kimi qorunur.
Maliyyə mütəxəssislərinin sözlərinə görə, 2026-cı il dövlət büdcəsinin mühüm istiqamətləri sırasında regionların iqtisadi fəallığının artırılması, aqrar sektorun innovativ mexanizmlərlə dəstəklənməsi, sənaye zonalarının inkişafı, kiçik və orta sahibkarlığın maliyyə çıxışının genişləndirilməsi kimi məsələlər xüsusi yer tutur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları isə növbəti ildə də strateji maliyyə prioriteti olaraq qalır. İşğaldan azad olunan ərazilərdə bərpa prosesinin məhz modern texnologiyalarla, “ağıllı şəhər – ağıllı kənd” konsepsiyası ilə davam etdirilməsi əlavə büdcə yükü yaratsa da, uzunmüddətli iqtisadi dividendlərin əsasını qoyur.
Hazırda ölkənin əsas investisiya layihələri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə bağlıdır. Azərbaycan Prezident İlham Əliyevin birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işləri görülür. 2020-ci ildən 2026-cı il də (3,5 milyard manat) daxil olmaqla düşməndən təmizlənən ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb. Bu vəsaitin böyük hissəsi infrastruktur layihələrinə yönəldilib.
2026-cı il dövlət büdcəsinin üçüncü oxunuşda qəbulu göstərir ki, Azərbaycan iqtisadiyyatında keyfiyyət, səmərəlilik, dayanıqlılıq və balanslı artım kimi yeni mərhələ başlayır. Bu büdcə növbəti ilin maliyyə çərçivəsi olmaqla bərabər, həm də ölkənin orta və uzunmüddətli iqtisadi strategiyasının maliyyə əsaslarını təşkil edən sənəddir. Azərbaycanın sosial prioritetləri qorunmaqla, iqtisadiyyatın modernləşdirilməsi və dövlət xərclərində yüksək səmərəlilik hədəfləri bütövlükdə yeni inkişaf ideologiyasının formalaşdığını göstərir. Gələn ilin büdcə ilə dövlət iqtisadiyyatın keyfiyyət transformasiyası istiqamətində növbəti mühüm addımını atır.
Yuxarıda vurğulanlara əsaslanıb deyə bilərik ki, 2026–2029-cu illəri əhatə edən növbəti ortamüddətli dövr hazırkı inkişaf meyilləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır. Əsasən ölkə iqtisadiyyatında qabarıq nəzərəçarpan dinamik yüksəliş bu prosesin uğurla gerçəkləşməsinə dərin əminlik yaradır. Bu, bir sıra beynəlxalq reytinq agentliklərinin məlumatlarında, o cümlədən Dünya İqtisadi Forumunun 2025-ci il üzrə “Qlobal risk hesabatı”nda da diqqət çəkir. Sənəddə bildirilir ki, müəyyən qlobal risklərə baxmayaraq, bu ilin 11 ayında ölkəmizin makroiqtisadi göstəriciləri dayanıqlıdır. Güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük həcmdəki vəsaitləri respublikamızın əsas müsbət göstəricilərini şərtləndirir.
Qeyd edək ki, cari ilin 11 ayında Ümumi Daxili Məhsul 1,6 faiz çoxalıb, o cümlədən qeyri-neft-qaz sektorunda 3,2 faiz artım, neft-qaz sektorunda isə 1,8 faiz azalma qeydə alınıb. İqtisadi artımın dinamikasında nisbətən zəifləmə isə neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsi ilə bağlı olub. Ölkəmizin strateji valyuta ehtiyatları da bu ilin əvvəlindən əhəmiyyətli dərəcədə – 12,5 milyard dollar artaraq 83,5 milyard dollara (142 milyard manat) yüksəlib. Bu da 2025-ci ilə gözlənilən ÜDM-in həcmini (130 milyard manat) üstələyib. Hazırda valyuta ehtiyatlarımız xarici borcdan 17 dəfə çoxdur.
Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı səsləndirilən bir məqama da toxunmaq istərdik. Belə ki, “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası, eləcə də onların növbəti mərhələsi ortamüddətli dövr üçün əsas çağırışlar hesab olunur. Bu gün artıq 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya və Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanır. 2026-2029-cu illərdə dövlət xərclərinin istiqamətlərinə gəldikdə isə, demək olar ki, dayanıqlı iqtisadi artımın dəstəklənməsi, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma layihələrinin davam etdirilməsi, müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, sosial müdafiə və sosial təminat istiqamətində işlərin davamlı icrası əsas prioritetlərdir. Şübhəsiz ki, qarşıdakı dövrdə dövlət xərclərinin istiqamətləri sırasında təhsilin və innovativ inkişafın dəstəklənməsi, səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması önəmli yer tutur.
Proqnozlar nədən xəbər verir?
Son illər dövlət proqramları çərçivəsində görülən işlər, həyata keçirilən layihələr, əldə olunan real iqtisadi nəticələr gələn ilin dövlət büdcəsinin də uğurla icra ediləcəyinə, iqtisadiyyatın davamlı inkişafının təmin olunacağına əminlik yaradır. Bu, qarşıdakı dövrün proqnozlarında da özünü qabarıq büruzə verir:
– gələn il icmal büdcənin gəlirlərinin, təqribən, 45 milyard manat, xərclərinin isə 48,8 milyard manat olacağı gözlənilir;
– icmal büdcə kəsirinin ÜDM-ə nisbətinin 2,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır;
– makroiqtisadi proqnozlara əsasən, 2026-cı ildə qeyri-neft sektoru üzrə ÜDM-in 5 faizlik real artım tempi gözlənilir;
– ortamüddətli dövrdə iqtisadiyyatın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaq. Əgər 2022-ci ildə ÜDM həcminin 52 faizini qeyri-neft sektoru təşkil edirdisə (2025- 72 faiz), bu nisbət 2029-cu ildə 80 faizi üstələyəcək.
Hazırda hökumətin əsas xərc istiqamətlərindən biri də təhlükəsizliyin, hərbi-müdafiə potensialının daha da gücləndirilməsidir. Başqa sözlə, bu, Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin artırılması, ölkənin sərhədlərinin möhkəmləndirilməsi, daxildə və xaricdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi daşıyır. Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin ümumi büdcə xərclərinin, təqribən, 21 faizini (8,7 milyard manat) təşkil etməsi də vurğulanan fikrin bariz ifadəsidir. Yeri gəlmişkən, bu gün respublikamızda hərbi sənaye sürətlə inkişaf edir və uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır və diqqət göstərilir. Azərbaycan artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edir.
Onu da deyək ki, gələn ilin dövlət büdcəsi də sosialyönümlüdür. Belə ki, son illər ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin, eləcə də vətəndaşların yüksək rifahının reallaşdırılması istiqamətində həyata keçirilən layihələr respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyir. Eyni zamanda, yeni dövrün çağırışlarına uyğun iqtisadi artımın dayanıqlılığı və rəqabət qabiliyyətinin yüksəldilməsi insan kapitalının keyfiyyətindən bilavasitə asılı olduğunu göstərir. Əhalinin real gəlirlərinin artımı və sosial şəraitinin yaxşılaşması məqsədilə gələn ilin dövlət büdcəsində cəmi sosialyönlü xərclərin 17,1 milyard manat nəzərdə tutulması da bunun bariz ifadəsidir.
Sonda xatırladaq ki, 2026-cı ilin dövlət büdcəsində investisiyayönümlü dövlət proqramlarının maliyyə təminatı üçün kifayət həcmdə vəsait nəzərdə tutulur. Bu, onunla bağlıdır ki, hazırda Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradır. Zəngəzur dəhlizi isə həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat marşrutu kimi mühüm əhəmiyyət kəsb edir.
Zəngəzur dəhlizinin investisiyayönümlü əhəmiyyətindən danışarkən onu da qeyd edək ki, hesablamalara əsasən, Çindən Avropaya gedən yük qatarı bu dəhliz vasitəsilə 12 gün ərzində 7 min kilometr məsafə qət edir. Bu da Asiya ilə Avropa arasında qlobal ticarətdə adıçəkilən infrastrukturun nə qədər sərfəli və təhlükəsiz olduğunu göstərir. Halbuki eyni qatar Cənub Dəhlizi üzrə Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometrdən keçməli olur. Bu mənada Azərbaycan reallaşmasına töhfə verdiyi Orta Dəhliz öz imkanları ilə, şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm həlqələrindən biri kimi diqqət çəkir. Zəngəzur dəhlizinin də Orta Dəhlizə inteqrasiya ediləcəyi nəzərdə tutulur. Belə halda Azərbaycan ərazisindən illik, təxminən, 35 milyon ton yükün daşınmasına imkan yaranar.
Eyyub KƏRİMLİ,
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert
2026-cı il dövlət büdcəsi Azərbaycan üçün həm sosial sabitlik, həm təhlükəsizlik, həm də iqtisadi dayanıqlılıq baxımından balanslaşdırılmış sənəd kimi qiymətləndirilə bilər. Büdcə aşağıdakı əsas strateji xətti özündə birləşdirir:
Büdcə sosial xərclərin prioritet saxlanması, yəni əhali qruplarının müdafiəsi, təhsil və səhiyyənin inkişafı, işğaldan azad edilmiş ərazilərin bərpası, bu sahədə uzunmüddətli iqtisadi genişlənmə üçün baza yaradılması, neftdən asılılığın azaldılması, qeyri-neft gəlirlərinin payının artması, Neft Fondu transfertlərinin azalması, borc yükünün aşağı səviyyədə saxlanması və infrastruktura, eləcə də qeyri-neft sektoruna investisiyalar yatırılması kimi əsas strateji istiqamətləri özündə birləşdirir. Büdcənin strukturu iqtisadi artımın dayanıqlılığını gücləndirməklə yanaşı, ölkənin sosial rifah və təhlükəsizlik prioritetlərini də balanslaşdırılmış şəkildə gerçəkləşdirir.
2026-cı il üçün təsdiq olunan dövlət büdcəsi layihəsi həm makroiqtisadi sabitliyin qorunmasını, həm sosial öhdəliklərin yerinə yetirilməsini, həm də orta və uzunmüddətli strateji hədəflərə uyğun fiskal çərçivənin formalaşdırılmasını əks etdirir. Büdcənin gəlirləri 38,6 milyard manat, xərcləri 41,7 milyard manat, kəsiri isə 3,1 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bu göstəricilər müvafiq olaraq ÜDM-in 28,8 faiz, 31,1 faiz və 2,3 faizinə bərabərdir ki, bu da Azərbaycan üçün təhlükəsiz fiskal zonaya uyğun göstəricilər hesab olunur.
Xərclərin ÜDM-ə nisbətdə 31,1 faiz, gəlirlərin 28,8 faiz olması büdcənin genişləndirici fiskal siyasət elementi daşıdığını göstərir. Bu, sosial və müdafiə xərclərinin artımı fonunda iqtisadi aktivliyi stimullaşdırmaq məqsədi güdür. Büdcənin həm xərclər strukturu, həm də gəlirlər üzrə formalaşma mənbələri ölkənin iqtisadi istiqamətləri, sosial siyasəti və strateji inkişaf prioritetlərini aydın şəkildə əks etdirir.
2026-cı ilin büdcəsi ənənəvi olaraq sosialyönlü xəttini qorumaqla yanaşı, bu sahədə əhəmiyyətli genişlənmə nümayiş etdirir. Dövlət büdcəsinin ümumi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi, yəni 17,1 milyard manat sosial sahəyə yönəldiləcək. Bu göstərici 2024-cü ilin icrası ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz artım deməkdir. 2022-ci ildən başlanan ortamüddətli dövr ərzində artım isə 48 faizə çatır.
Sosial siyasətin bir qolu olaraq keçmiş məcburi köçkünlərlə bağlı xərclər 285 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da Böyük Qayıdış proqramının sosial komponentinin gücləndirildiyini göstərir. Yeri gəlmişkən, işğaldan azad olunan ərazilərin bərpası 2026-cı ildə də büdcənin əsas prioritetlərindən biridir. Bu məqsədlə ayrılan vəsait 3,5 milyard manat və ya dövlət büdcəsi xərclərinin 8,4 faizi səviyyəsindədir. Layihələrin maliyyələşməsi həmin ərazilərdə infrastrukturun – yolların, enerji təchizatının, ictimai obyektlərin, yaşayış məntəqələrinin yenidən qurulmasını təmin edir. Bu, təkcə humanitar cəhətdən deyil, həm də iqtisadi genişlənmə üçün yeni regional mərkəzlərin formalaşması baxımından vacibdir.
Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üzrə xərclər 1,2 milyard manat təşkil edir və bu, aqrar ÜDM-in 15 faizinə bərabərdir. Formalaşdırılan struktur ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı risklərin azalmasına, daxili istehsalın gücləndirilməsinə və suvarma infrastrukturunun səmərəliliyinə xidmət edir. Bu, iqtisadi artımın dayanıqlılığını təmin edən kapital qoyuluşlarının əsas istiqamətidir.
Onu da qeyd edim ki, 2026-cı ildə əsaslı vəsait qoyuluşu xərcləri 2,7 milyard manat səviyyəsində müəyyənləşdirilib. İnvestisiyalar enerji, qaz, su təchizatı, nəqliyyat və sosial infrastruktur layihələrini əhatə edəcək. Bu siyasət qeyri-neft sektorunda struktur dərinləşməsinə təkan verir. İnfrastruktur layihələri regionların iqtisadi potensialını artırır və özəl investisiya axınlarını stimullaşdırır.
Vaqif BAYRAMOV
XQ


