Heydər Əliyevin ümummilli liderlik salnaməsi

post-img

(əvvəli qəzetin ötən saylarında)

8. Qayıdışdan qurtuluşa
(Naxçıvan, 1990–1993)

Heydər Əliyev Moskvadan Azərbaycana dönüşü ilə keçmiş respublika rəhbərlərinə, bir sözlə, dövlətin və xalqın taleyinə cavabdeh olan şəxslərə tarixi bir nümunə göstərdi. Azərbaycana son dövrlərdə rəhbərlik etmiş Ə.Vəzirov və A.Mütəllibov vəziyyət gərginləşən kimi, xalq və dövlət qarşısında məsuliyyətini bir kənara qoyaraq Moskvaya qaçdılar. Heydər Əliyev isə bütün təqiblərin, çətinliklərin fərqinə varmadan Moskvadan Vətənə – Azərbaycana döndü.

Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın ovaxtkı rəhbərliyi Heydər Əliyevin Bakıya dönüşünə maneçilik törətməyə başladı. A.Mütəllibov Heydər Əliyevə xəbər göndərərək bildirmişdi ki, guya onun gəlişi ilə Azərbaycanda böyük qarışıqlıqlar baş verə bilər. Hətta xalq içərisinə qorxu salmaq üçün sui-qəsdə də əl atıldı. 1990-cı il mayın 30-da Azərbaycanın tanınmış naşirlərindən Əjdər Xanbabayev öldürüldü...

Bütün bunlar Heydər Əliyevin Bakıya dönüşünün qarşısını ala bilmədi. O, iyulun 20-də təyyarə ilə Bakıya qayıtdı. Heydər Əliyevin qayıdışına mane ola bilməyən rəsmi dairələr çirkin əməllərini davam etdirdilər. Hava limanında piket təşkil edilməsinə, onun yenidən geri dönməsinə nail olmağa cəhd edildi. Heydər Əliyev bu sınaqdan da çıxdı. Xalq onun qayıdışını böyük rəğbətlə qarşıladı. Həmin günlərdə şəhərə çıxan Heydər Əliyevin ətrafına xeyli insan toplaşırdı.

Heydər Əliyev yenə də dövlətçilik mənafeyini, Azərbaycanın milli maraqlarını yüksək tutaraq, Bakıda onsuz da mürəkkəb olan vəziyyətin daha da ağırlaşmasına yol verməmək naminə Naxçıvana getdi.

Həmin vaxt – iyulun 22-də Naxçıvanın mərkəzi meydanında Heydər Əliyevlə görüşdə 80 mindən çox adam iştirak etmiş, bununla xalq öz qəhrəman oğluna etimadını göstərmişdi.

Sentyabrın 30-da Azərbaycan SSR xalq deputatları və yerli xalq deputatları sovetlərinə keçirilən seçkilər zamanı Heydər Əliyev həm Azərbaycan, həm də muxtar respublika Ali Sovetinə deputat seçildi.

1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Soveti işə başlayarkən Heydər Əliyev sessiyanın sədri seçildi. Sessiyada muxtar respublikanın adından “sovet sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Dövlət bayrağı kimi qəbul edilməsi, Ali Sovetin Ali Məclis adlandırılması qərara alındı. Noyabrın 21-də keçirilən iclasda isə onun təşəbbüsü ilə 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Beləliklə, qarşıdan gələn Azərbaycan SSR Ali Sovetinin sessiyasına fəaliyyət istiqamətləri barədə nümunə verildi.

1991-ci il fevralın 5-də Bakıda Azərbaycan SSR Ali Sovetinin sessiyası işə başladı. Bütün müqavimətə və əngəllərə baxmayaraq, Heydər Əliyev həmin sessiyada dərin məzmunlu, geniş təhlilə əsaslanan, mövcud problemlərin həlli yollarını göstərən bir çıxış etdi. Heydər Əliyev Ali Sovetin martın 7-də İttifaq referendumunda respublikanın iştirakı məsələsinin müzakirə edildiyi sessiyada yenə də öz sözünü dedi: “Bizim xalqımız üçün 70 illik imtahan bəsdir. Yeni bir ittifaqa girməyi Azərbaycan xalqı üçün rəva bilmirəm”.

Heydər Əliyev qətiyyətli addımlarının davamı kimi iyulun 19-da Sov. İKP sıralarından çıxdığını bəyan etdi. Böyük siyasi liderin tarixi görmək, hadisələri vaxtından əvvəl qabaqlamaq məharəti özünü bir daha təsdiqlədi. Avqust ayında Moskvada baş verən dövlət çevrilişindən sonra, İttifaq müqaviləsinin bağlanması iflasa uğradı. Azərbaycan Respublikası Ali Sovetinin sessiyası avqustun 30-da dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi. Sentyabr ayında isə Azərbaycan Kommunist Partiyası buraxıldı. Heydər Əliyevin günbəgün artan nüfuzu 1991-ci il sentyabrın 4-də onun Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi ilə başa çatdı.

Böyük dövlətçilik təcrübəsinə, güclü iradəyə və Azərbaycanın gələcəyi naminə xoş mərama malik olan Heydər Əliyevin Naxçıvanın rəhbəri seçilməsi böyük tarixi əhəmiyyəti olan hadisə idi. Onun səyi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə önəmli töhfə verildi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi. Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi dövlət həyatının bütün sahələrinə dair yeni qərarlar qəbul etməyə başladı.

Naxçıvan MR Ali Məclisi 1991-ci il 16 dekabr tarixli qərarı ilə 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan etdi. Heydər Əliyev xarici dövlətlərin səfırlikləri ilə əməkdaşlığa da üstün yer verirdi. Dekabrın 27-də ABŞ-ın Moskvadakı səfırliyinin nümayəndələri Naxçıvanda oldular.

Heydər Əliyevin artan nüfuzu Bakıda qısqanclıqla qarşılanır, ona qarşı qeyri-obyektiv kampaniyalarla müşayiət edilirdi. İş o yerə çatmışdı ki, Naxçıvan Ali Məclisi sədrinin Azərbaycan Ali Soveti sədrinin müavini olmasına dair müddəaya əməl edilmirdi. 1992-ci ilin fevralında ermənilərin törətdikləri Xocalı soyqırımı bütün Azərbaycanı sarsıtdı. Müasir dünyada həyata keçirilməsi üsullarına görə görünməmiş bir soyqırımı aktı olan Xocalı faciəsi Azərbaycan xalqının mənəviyyatına ağır zərbə vurdu. Bu cür faciəli günlərdə belə xalqı müdafıə etməyə, qətiyyətli sözünü deməyə qadir olmayan A.Mütəllibov etiraz dalğasında hakimiyyətdən uzaqlaşdırıldı.

1992-ci il mayın ortalarında baş verən yeni hakimiyyət dəyişikliyi zamanı da Heydər Əliyevin Bakıya dəvət edilməsi yenidən gündəliyə gəldi. Lakin AXC-Müsavat birliyi buna yol vermədi. 1992-ci il iyunun 7-də keçirilən seçkidə Əbülfəz Əliyev (Elçibəy) prezident seçildi. Bu zaman Heydər Əliyev Naxçıvanın erməni təcavüzündən müdafiəsi və onun blokadadan çıxarılması üçün fəal siyasət aparırdı. Mayın 18-də ermənilər Sədərəyə hücum etdilər. Heydər Əliyev məsələni Ali Məclisdə müzakirə edərək təxirəsalınmaz tədbirlər həyata keçirdi.

Düşmənin hücumunun qarşısının alınması üçün dərhal hərbi müqavimət təşkil olundu. Baş verən hadisələrə diqqəti artırmaq üçün dünya ictimaiyyətinə müraciət edildi. Bunun nəticəsi idi ki, mayın 22-də 57 dövlət rəsmi surətdə Ermənistanın Sədərəyə təcavüzünü pisləyən bəyanat verdi. Belə bir şəraitdə Heydər Əliyev Naxçıvanla Türkiyə arasında münasibətlərin yeni səviyyəyə qaldırılmasına xüsusi diqqət yetirirdi.

Mayın 24-də Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında Ankarada yardım haqqında müqavilə imzalandı. Mayın 28-də isə Naxçıvanla Türkiyə arasında “Ümid” körpüsünün açılışı oldu. Heydər Əliyev körpünün açılış mərasimindəki çıxışında dedi: “Bu, həqiqətən bizim ümid və arzularımızın körpüsüdür və türk dünyasına pəncərə açmağa kömək edəcəkdir”.

Heydər Əliyev İranla da mehriban qonşuluq münasibətləri yaratmağa nail oldu. Avqustun 24-də Tehranda İranla Naxçıvan arasında müqavilə imzalandı. Azərbaycanın istiqlaliyyətinin təmin edilməsində Heydər Əliyevin rolu günbəgün artmağa başladı. 1992-ci il oktyabrın 16-da bir qrup ziyalı Heydər Əliyevə müraciət etdi. Müraciətdə Heydər Əliyevin yeni siyasi partiyaya rəhbərlik etməsi, vəziyyətdən çıxmaq üçün yollar axtarışı xahiş olunurdu.

Oktyabrın 24-də Heydər Əliyev onlara cavab verdi. Heydər Əliyevin məktubunda deyilirdi: “Hörmətli ziyalılar... Sizin müraciətinizlə böyük diqqət və ehtiramla tanış oldum. Müraciətinizdən, mətbuat və televiziyadan, Azərbaycanın müxtəlif bölgələrindən gələn məktublardan aldığım məlumatlardan aydın olur ki, respublikada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu şəraitdə Azərbaycan ziyalılarının narahatçılığı haqlıdır və təqdirəlayiqdir”.

Heydər Əliyev mövcud vəziyyəti hərtərəfli təhlil etməklə bərabər, çıxış yolları üzərində də dayanırdı. Yaradılacaq Yeni Azərbaycan Partiyasının işində fəal iştirak etməyə hazır olduğunu bildirirdi. Əvvəlki hakimiyyət kimi, AXC-Müsavat cütlüyü də Heydər Əliyevin nüfuzu ilə barışmaq istəmirdi. Ona görə də Heydər Əliyevə qarşı pozuculuq əməlləri təşkil olunurdu. AXC-Müsavat iqtidarı belə gərgin günlərdə Naxçıvanda hər vasitə ilə hakimiyyəti gücləndirmək əvəzinə, Naxçıvanın muxtariyyətinin ləğvinə cəhd etmişdi.

Naxçıvanın muxtariyyəti isə böyük tarixi nailiyyət idi. Heydər Əliyev məhz Naxçıvanın muxtar statusundan istifadə edərək, mühüm tarixi qərarlara imza atmış, ən əsası, onu Ermənistanın təcavüzündən xilas etmişdi.

Prezident Heydər Əliyevin “Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında” 1999-cu il 4 fevral tarixli fərmanında deyilirdi: “XX əsrin 90-cı illərində SSRİ-nin dağılması nəticəsində yaranmış şəraitdən istifadə edən Ermənistan hakimiyyət dairələri Azərbaycana, o cümlədən Naxçıvana qarşı öz ərazi iddialarını artıq müharibə yolu ilə gerçəkləşdirmək qərarına gəldilər... Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı”.

Bu məkrli planla birgə açıq düşmənçilik aktlarına da əl atılmışdı. 1992-ci il oktyabrın 24-də AXC Naxçıvan şöbəsi və Ordubad rayon polisi tərəfindən dövlət çevrilişinə cəhd edildi. Heydər Əliyevin çevriliş cəhdinin qarşısını almaq üçün prezident Ə.Elçibəylə doqquz dəfə telefon əlaqəsi saxlaması belə heç bir nəticə vermədi. Yalnız Heydər Əliyevin dövlətçilik təcrübəsi bu cəhdin qarşısını almağa imkan verdi. Oktyabrın 25-də o, radio ilə xalqa müraciət etdi. Heydər Əliyevin çağırışı ilə 15 mindən çox adam dövlətçiliyin müdafiəsinə qoşuldu, çevrilişə cəhd edənlərin səyi puça çıxdı.

Naxçıvan MR Ali Məclisinin oktyabrın 25-də keçirilən fövqəladə sessiyasında baş verənlər dövlət çevrilişi kimi qiymətləndirildi. Artıq oktyabrın 27-də keçirilən mitinq çevrilişin iflasa uğradığını açıq göstərdi. Noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyev konfransdan sonra demişdir: “Respublika ziyalılarının, geniş xalq kütləsinin təklif və istəyi ilə mən bu partiyanın sədri olmağa razılıq verdim. Partiyanın siyasi məqsədi Azərbaycanın müstəqilliyini möhkəmlətmək, demokratiyanın, aşkarlığın inkişafına təkan verməkdir”.

Rəsmi Bakı isə dövlətin daxili və xarici siyasətində əsaslı dəyişiklik yarada bilmədi. Ermənistanın təcavüzü isə getdikcə artırdı. 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. Hakimiyyətin daxili siyasi böhranı güclənməyə başladı.

9. Azərbaycana ikinci dəfə rəhbərlik
(Bakı, 1993–2003)

Ulu öndər Heydər Əliyev böyük dövlətçilik təcrübəsini müstəqillik dövrünün yeni tələbləri ilə zənginləşdirməyə, Naxçıvanın tarixi inkişafında əvəzedilməz bir səhifə yazmağa nail oldu. Azərbaycan Respublikasının paytaxtında isə siyasi böhran dərinləşməkdə davam edirdi. Vətəndaş müharibəsi vəziyyəti yaranmışdı. Gəncədə bir qrup zabit “hərbi birlik” yaratmışdı, 709 saylı hərbi hissə isə Müdafıə Nazirliyinə tabe olmurdu. Cənub və şimal bölgələrində xalqa zidd separatçı qüvvələr fəallaşmışdılar.

İqtidarın yaranmış vəziyyətdən çıxış üçün aydın fəaliyyət planı yox idi. 1993-cü il iyunun 4-də Gəncəyə hərbi texnika yeridilməsi vəziyyəti daha da gərginləşdirdi. Hökumət qüvvələri məğlub oldu. Qiyamçı hərbi hissələr siyasi tələblərlə Bakı üzərinə yönəldi. AXC-Müsavat iqtidarı ölkədə baş verən təhlükəli proseslərin (vətəndaş müharibəsi, yeni separatizm cəhdləri və s.) qarşısında aciz qalıb, kömək üçün Heydər Əliyevə müraciət etdi.

Heydər Əliyev Azərbaycanın gələcəyi naminə, xalqın təkidli tələbi ilə iyunun 9-da Bakıya gəldi və fəal iş aparmağa başladı. İlk növbədə, vəziyyətlə yerində tanış olmaq üçün Gəncəyə yola düşdü. Bütün imkanlarından istifadə edərək silahlı qarşıdurmanın kəskinləşməsinin qarşısını aldı. Parlamentin sədri, baş nazir, güc nazirliklərinin başçıları istefa verməklə məsuliyyətdən yaxa qurtarmağa cəhd edirdilər. Bu ağır anda bütün nəzərlər Heydər Əliyevə dikilmişdi.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisənin əhəmiyyətini nəzərə alan Azərbaycan parlamenti 1997-ci il iyunun 27-də həmin günü Milli Qurtuluş Günü elan etdi.

Ölkəni bir tərəfdən erməni təcavüzü, digər tərəfdən səriştəsiz idarəçilik nəticəsində düçar olduğu ağır vəziyyətdən çıxarmaq üçün hələ xeyli iş görmək lazım idi. 1993-cü il iyunun 17-dən 18-nə keçən gecə prezident Əbülfəz Elçibəyin Bakını tərk edərək Naxçıvana, Kələki kəndinə getməsi paytaxtda vəziyyəti daha da dramatikləşdirdi. Elçibəyin geriyə qayıtması sahəsində görülən tədbirlər heç bir nəticə vermədikdə, Ali Sovetin iyulun 15-16-da keçirilən iclaslarında prezidentə etimadsızlıq məsələsi qaldırıldı.

Belə bir şəraitdə Elçibəy səlahiyyətlərinin bir hissəsinin Ali Sovetin sədrinə verilməsi haqqında fərman imzaladı. Bunun vəziyyətdən çıxış yolu olmadığını nəzərə alan Ali Sovet bütün prezident səlahiyyətlərinin parlament sədrinə verilməsi haqqında qərar qəbul etdi. Heydər Əliyev prezident səlahiyyətlərini də öz üzərinə götürdü. Hakimiyyət məsələsinin hüquqi yol ilə həlli xətti davam etdirildi. İyulun 29-da Elçibəyə etimad referendumu keçirilməsi qərara alındı.

Avqustun 29-da keçirilən referendumda xalq Elçibəyə etimadsızlıq göstərdi. Oktyabrın 3-də keçirilən yeni seçkilərdə isə Heydər Əliyev səslərin böyük əksəriyyətini toplayaraq prezident seçildi. Oktyabrın 10-da andiçmə mərasimi keçirildi.

Bütün bu dövr ərzində ölkədə vəziyyətin sabitləşməsinə mane olan qüvvələr hər cür pozuculuq fəaliyyətini davam etdirirdi. Orduda başıpozuqluq, hakimiyyət naminə satqınlıq və özbaşınalıq davam edirdi. Bunun nəticəsi idi ki, 1992-ci il iyulun 23-də Ağdam, avqustun 25-də Cəbrayıl və Füzuli, 31-də Qubadlı, oktyabrın 27-də Zəngilan Ermənistan tərəfindən işğal edildi.

Bu cür çətin şəraitdə fəaliyyət göstərən Heydər Əliyev Azərbaycana ikinci rəhbərliyinin ilk günlərindən dövlət həyatının bütün sahələri üzrə fəal və düşünülmüş siyasət yeritməyə başladı.

Dövrün tələbinə görə dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, qanunçuluğun bərpa edilməsi, demokratik və hüquqi dövlət quruculuğu xüsusi əhəmiyyət kəsb edirdi. Bu sahədə həyata keçirilən tədbirlər böyük müqavimətlə qarşılaşırdı. Bu müqavimət güclənərək dövlət çevrilişi cəhdinə çevrilmişdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş qüvvələr fəallaşdılar.

Sentyabrın 29-da Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini A.Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Ş.Rəhimov qətlə yetirildilər. Heydər Əliyevin fıziki cəhətdən məhv edilməsi planı hazırlanmışdı. Oktyabrın 3-4-də Baş nazir S.Hüseynovun rəhbərliyi ilə dövlət çevrilişinin həyata keçirilməsinə başlanmışdı.

Heydər Əliyev oktyabrın 4-də televiziya ilə xalqa müraciət etdi. Oktyabrın 4-dən 5-nə keçən gecə onun çağırışı ilə Prezident Aparatı qarşısına minlərlə adam toplaşdı. Beləliklə, dövlət çevrilişi cəhdinin qarşısı alındı. Oktyabrın 5-də Azadlıq meydanında ümumrespublika mitinqi keçirildi. Heydər Əliyev mitinqdə çıxış edərək baş verən hadisələrin səbəblərini, gedişini, qarşısının alınması yolunda görülmüş bütün işləri ətraflı təhlil etdi.

Heydər Əliyev mitinqdəki çıxışında dedi: “Son günlərdə baş vermiş hadisələr Azərbaycanın müstəqilliyini puça çıxarmağa, onu müstəqillik yolundan döndərməyə, bu yolla irəliləyişinin qarşısını almağa, ölkəmizin daxili ictimai-siyasi sabitliyini pozmağa yönəldilmiş əməllərdir. Onu da bilin ki, bu hadisələr, ümumiyyətlə, Azərbaycanı dağıtmaq, parçalamaq, ölkəmizi bir dövlət kimi məhv etmək üçün qurulan planların bir hissəsidir. Qoy, hamı bilsin və əmin olsun ki, bu bəd niyyətlərin və bu çirkin planların heç birisi həyata keçməyəcəkdir! Azərbaycan xalqı buna yol verməyəcəkdir! Azərbaycan müstəqil bir dövlət kimi yaşayacaqdır”.

1995-ci il martın 13-17-də yeni, ikinci dövlət çevrilişi cəhdi baş verdi. Çevrilişdə əsas rolu, Cavadov qardaşları başda olmaqla, Xüsusi Təyinatlı Polis Dəstəsi oynayırdı. Heydər Əliyevin dövlət çevrilişi cəhdinin qarşısını sülh yolu ilə almaq cəhdi onların günahı üzündən baş tutmadı. Qətiyyətli tədbirlərə əl atıldı və martın 17-də dövlət çevrilişi cəhdi aradan qaldırıldı. Azərbaycanı müstəqil dövlət quruculuğu yolundan döndərmək mümkün olmadı. Dövlət çevrilişi tərəfdarları bir daha baş qaldıra bilmədi.

Azərbaycanda yeni Konstitusiyanın hazırlanması, qəbul edilməsi, konstitusion quruluşun yaradılması böyük uğur idi. Heydər Əliyevədək müstəqil dövlətin Konstitusiyasının hazırlanması sahəsində ciddi bir iş görülməmişdi. 1995-ci ilin iyulunda Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edildikdən sonra işlər fəallaşdı. Heydər Əliyevin rəhbərliyi və əsas ideyaları ilə hazırlanmış Konstitusiya noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olundu.

Heydər Əliyev bununla kifayətlənməmiş, Konstitusiyanın həyatiliyini təmin etmək üçün onun təkmilləşdirilməsi fəaliyyətini davam etdirmişdir. O, 2002-ci ildə Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi haqqında qərar qəbul etmiş, avqust ayında bu məsələlər üzrə referendum keçirilmişdir.

Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində 1998-ci il dekabrın 29-da yaradılmış hüquqi islahat komissiyası da böyük iş görmüşdü. Heydər Əliyev yalnız qanunlar qəbul edilməsinə deyil, onların həyata keçirilməsinə də xüsusi qayğı göstərirdi. 1998-ci ildə respublikada ilk dəfə olaraq Konstitusiya Məhkəməsi yaradılmışdır. “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmiş və reallaşdırılmağa başlamışdır.

Azərbaycan dövlətçiliyinin inkişafında bələdiyyələr haqqında qanun qəbul edilməsi və bələdiyyə institutunun fəaliyyətə başlaması da yeni hadisə idi. 1999-cu il dekabrın 12-də bələdiyyələrə ilk seçki keçirilmiş, 23 min şəxs bələdiyyə üzvü olmuşdur. 2002-ci il iyulun 2-də Heydər Əliyevin təqdimatı ilə Milli Məclis İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) seçmişdi. Azərbaycan Respublikasının beynəlxalq konvensiyalara qoşulması, yerli hüquqi sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması da mühüm əhəmiyyət kəsb etmişdir.

Heydər Əliyev iqtisadi siyasətin hazırlanıb həyata keçirilməsinə, iqtisadiyyatın dinamik inkişafına da daim qayğı göstərmişdir. Burada Heydər Əliyevin neft strategiyası başlıca yer tutur. Onun əsasını 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” təşkil edirdi. Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində respublikada neft çıxarılması artmağa başladı. Neft hasilatı 1993-cü ildəki 10,3 milyon tondan artaraq 2003-cü ildə 15,3 milyon ton olmuşdur.

Neft strategiyasının əsas tərkib hissələrindən biri də onun dünya bazarlarına çıxarılması idi. 1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəməri istifadəyə verildi. Noyabrın 18-də isə ATƏT-in İstanbul sammitində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru neft kəməri ilə nəql edilməsinə dair saziş imzalandı. 2006-cı ilin yayında fəaliyyətə başlayan həmin kəmərə Heydər Əliyevin adı verilmişdir.

Neft Azərbaycan xalqının təbii sərvətidir. Ona görə də neftdən əldə olunan gəlir Azərbaycan xalqı və dövlətinin tərəqqisinə xidmət etməlidir. Bunu nəzərə alan Heydər Əliyev 1999-cu il dekabrın 29-da Dövlət Neft Fondunun yaradılması haqqında fərman imzalamışdır. Heydər Əliyev deyirdi: “Dövlət Neft Fondunun yaradılması Azərbaycan dövlətinin 1994-cü ildən həyata keçirdiyi neft strategiyası nəticəsində mümkün olmuşdur. Biz Azərbaycanda neft strategiyasını hazırlayıb həyata keçirməyə başlayarkən qarşımıza əsas bir böyük məqsəd və vəzifə qoymuşuq: Azərbaycanın zəngin təbii sərvətləri olan neft va qaz yataqlarının xarici şirkətlərlə, onların investisiyalarının cəlb olunması vasitəsilə müştərək işlənilməsini təşkil etmək, bunun nəticəsində zəngin yataqlarımızdan neft və qaz hasilatını təşkil etmək və təbiidir ki, bunların hamısını Azərbaycanın milli mənafelərinin təmin olunmasına yönəltmək. Yəni bütün bu strategiya yalnız və yalnız Azərbaycanın milli mənafeləri üçün həm işlənib hazırlanıb, həm də həyata keçirilir”.

(ardı var)

Kərim ŞÜKÜROV,
AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor



Sosial həyat