ANAMA-da Qayıdış könüllüləri ilə görüş keçirilib

post-img

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin təşkilatçılığı və “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin təşəbbüsü ilə Agentliyin Aparatında 44 günlük Vətən müharibəsində qazanılan Zəfər tarixinin beşinci ildönümünə həsr olunan “Şanlı Zəfərdən Böyük Qayıdışa: təmiz torpaqlar və təhlükəsiz gələcək üçün birgə addımlar” mövzusunda Qayıdış könüllüləri ilə görüş keçirilib.

XQ xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin Aparat rəhbəri Rauf Hüseynov qeyd edib ki, Zəfərimiz bizə həm qürur, həm də böyük məsuliyyət gətirib. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış prosesi həyata keçirilir. Bu qayıdış sadəcə torpaqlarımıza geri dönüş deyil, həm də yeni həyatın qurulması, gələcək nəsillər üçün təhlükəsiz və rifahlı mühitin yaradılması deməkdir. O bildirib ki, müvafiq qurumlar tərəfindən Qarabağ və Şərqi Zəngəzurda humanitar minatəmizləmə fəaliyyəti həyata keçirilir. Lakin bu mübarizədə yalnız dövlət qurumlarının deyil, gənclərin, könüllülərin və vətəndaş cəmiyyətinin fəal iştirakı da olduqca vacibdir.

“Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Nail Şükürov çıxış edərək bildirib ki, şanlı Zəfər tarixindən sonrakı dönəmdə, məhz “Böyük Qayıdış” prosesində gənclərin aktiv iştirakçılığının təmin olunması məqsədi ilə yaradılan “Qayıdış Könüllüləri” Proqramı mina təhlükəsi ilə mübarizədə də ictimai iştirakçılığın və gənclərin fəallığının artırılması, təşəbbüslərinin dəstəklənməsində xüsusi rol oynayır. Bundan sonra da könüllülər Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhali arasında mina təhlükəsinə dair təbliğat və təşviqat, maarifləndirmə işlərində öz töhfələrini verə biləcəklər.

Görüş zamanı könüllülərə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərinin önəmi və bu istiqamətdə gənclərin dəstəyinin, yaradıcı yanaşmalarının vacibliyi qeyd edilib.

Görüşün davamında könüllüləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Müşfiq Mirzə
XQ

Sosial həyat