Göygöl rayonu: "müsəlləh əsgərəm, mən də bu gündən!"

post-img

Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Heydər Əliyev parkında təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Dövlət Xidmətinin rəhbər heyəti, valideynlər, şəhid ailələri, müharibə iştirakçıları, rayon ictimaiyyəti və digər qonaqlar iştirak ediblər. 

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. 

Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev  qeyd edib ki, gənclərin ordu sıralarına böyük ruh yüksəkliyi ilə yola düşməsi xalqımızın milli-mənəvi dəyərlərə sədaqətinin və vətənpərvərlik hisslərinin təzahürüdür. 

Ordunun qüdrəti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı əldə edilən zəfər barədə də danışan icra hakimiyyətinin başçısı çağırışçılara uğurlar arzulayıb. 

Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılov və Dövlət Xidmətinin yerli bölməsinin rəisi, polkovnik-leytenant Abidin Rüstəmov gənclərə Vətənə layiqli xidmət etməyi, hərbi bilik və bacarıqlara dərindən yiyələnməyi, əsgər yoldaşları ilə bir-birinə dayaq olmağı tövsiyə ediblər. Güclü və peşəkar ordu Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin əsas dayaqlarındandan olduğunu vurğulayaraq,  hərbi xidmətə yola düşənlərə öz tövsiyələrini çatdırıblar. 

Sonra hərbi orkestrin müşayiəti ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komanda bölüyünün nümunəvi çıxışı qonaqlar tərəfindən maraqla izlənilib. 

Tədbirin sonunda hərbi xidmətə yola düşən çağırışçılar dövlət bayrağını öpərək Vətənə şərəflə xidmət edəcəklərinə söz verib, təyin olunduqları hərbi hissələrə yola düşüblər.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri





























Sosial həyat