Üzeyir Hacıbəyli və Gəncə

post-img

Gəncədə bu mövzuda müzakirə Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə təşkil olunmuşdur.

Dəyirmi masanı giriş sözü ilə AMEA Gəncə Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik Fuad Əliyev açaraq ölkə başçısının sərəncamını tariximizdə və mədəniyyətimizdə böyük izi olan Üzeyir Hacıbəylinin xatirəsinə və irsinə yüksək diqqət və ehtiram nümunəsi, eləcə də milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm addımlardan biri kimi dəyərləndirmişdir. O, həmçinin Üzeyir Hacıbəylinin Azərbaycan Elmlər Akademiyasının üzvü və incəsənət üzrə ilk akademik olduğunu diqqətə çatdırmışdır.

Əməkdar müəllim, sənətünaslıq doktoru, professor Sevda Qurbanəliyeva “Üzeyir Hacıbəyli və Gəncənin musiqi mədəniyyəti” mövzusunda elmi məruzə ilə çıxış etmişdir. Natiq böyük şəxsiyyət, ictimai xadim, Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini, yaradıcılığını xalqımızın milli sərvəti kimi qiymətləndirmişdir.

Gəncə Dövlət Universitetinin tələbə kamera xorunun qızları, musiqi fənləri kafedrasının baş müəllimi Leyla Nəbiyevanın rəhbərliyi və dirijorluğu ilə görüşə Üzeyir musiqisinin sehrli ruhunu qatmışlar. “Leyli və Məcnun” operasının 4-cü pərdəsindən və “Arşın mal alan” operettasının 2-ci pərdəsindən qızların xoru ifa olunmuşdur.

Sonra AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, GDU-nun mədəniyyət və incəsənət şöbəsinin dosenti İradə Abdurəhmanova, AMEA-nın Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutunun ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva, Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Aynur Şıxıyeva və AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Samirə Qasımova mövzu ilə bağlı çıxış etmişlər.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə

Sosial həyat