Bu gündən müavinət və təqaüdlər artırıldı

post-img

Prezident İlham Əliyevin Fərmanına əsasən, növbəti, 2018-ci ildən ötən dövrdə isə 5-ci sosial islahat paketi çərçivəsində bu gündən - iyulun 1-dən müavinət və təqaüdlər artırılaraq, aşağıdakı məbləğlərdə müəyyən olunub:

Şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü – 700 manat;

Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:

81-100 faiz pozulmasına görə (I dərəcə) — 600 manat;
61-80 faiz pozulmasına görə (II dərəcə) —  500 manat;
31-60 faiz pozulmasına görə (III dərəcə) — 400 manat;

Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü — 2200 manat;

Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü — 2000 manat;

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1700 manat;

Uşağın anadan olmasına görə birdəfəlik müavinət — 600 manat;

Dəfn üçün birdəfəlik müavinət — 600 manat;

Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət:

0-6 yaş arası uşaq üçün — 500 manat;
7-13 yaş arası uşaq üçün — 600 manat;
14-18 yaş arası uşaq üçün — 650 manat;

Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:

81-100 faiz pozulmasına görə (I dərəcə) — 300 manat;
61-80 faiz pozulmasına görə (II dərəcə) — 250 manat;
31-60 faiz pozulmasına görə (III dərəcə) — 180 manat;

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü — 350 manat;

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla)  Prezidentin aylıq təqaüdü — 250 manat;

Övladlığa götürülən hər uşağa görə aylıq müavinət  — 240 manat;

Ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) — 140 manat;

Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət — 140 manat;

Beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət — 140 manat;

Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) — 140 manat;
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət — 140 manat;

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü — 120 manat;

Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:
“Xalq” fəxri adına görə  —  300 manat,
“Əməkdar” fəxri adına görə — 200 manat.

Beləliklə, müavinət və təqaüdlərində artımlar edilmiş vətəndaşlar artıq bu aydan həmin ödənişlərini artırılmış məbləğlərdə alacaqlar.

Ümumilikdə 2018-2025-ci illərdə icra olunan 5 sosial islahat paketi üzrə müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsait 5 dəfə artıb.

Xatırladaq ki, dövlətimizin başçısının 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən icra olunan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən ölkəmizdə minimum aylıq əməkhaqqı 400 manata, minimum pensiya fevralın 1-dən 320 manata çatdırılıb, həmçinin bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə artırılıb.

Cari ilin əvvəlindən reallaşdırılan növbəti sosial islahat paketi üzrə ümumilikdə 3 milyon insana yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılıb və bu artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.

Sosial həyat