19 iyun 2025-ci il tarixində Laçın şəhərində Azərbaycan Respublikası Prezidentinin Laçındakı xüsusi nümayəndəliyi və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransada çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, 8 Noyabr zəfərinin tarixi önəminə diqqət çəkib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə sayəsində suverenliyimizin təmin edildiyini vurğulayıb. O qeyd edib ki, 8 Noyabr zəfəri, bu zəfəri xalqımıza bəxş edən Azərbaycan Silahlı Qüvvələri respublikamızın suverenliyinin, ərazi bütövlüyünün qarantı, xalqımızın və dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır.
Ulu öndər Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” sözlərini yada salan Məsim Məmmədov, Azərbaycanın suverenliyinin də əbədi olduğunu, Prezident İlham Əliyevin liderliyi altında dövlətimizin təhlükəsizliyinin və rifahının hər ötən gün daha da gücləndiyini bildirib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfəri ilə ölkəmizin sadəcə hərbi deyil, siyasi-iqtisadi, mədəni-sosial həyatında yeni bir dönəmin başlandığını qeyd edib. Prezident İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, yüksək siyasi səriştəsi, diplomatik uzaqgörənliyi sayəsində xalqımızın 44 günlük Vətən müharibəsində qələbə əldə etdiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, məhz bu qələbə sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edildiyini vurğulayıb. Polkovnik qeyd edib ki, bu gün xalqımızın, eləcə də hər bir azərbaycanlının qarşısında duran başlıca vəzifə 8 Noyabr zəfərinin nəticələrinin qorunub saxlanılması, anti-Azərbaycan qüvvələrinin məkirli fəaliyyətinə qarşı birgə mübarizənin davam etdirilməsi, xalq-dövlət həmrəyliyinin gücləndirilməsidir.
Vətən müharibəsindən dərhal sonra Azərbaycan dövlətinin işğaldan azad edilən ərazilərdə böyük abadlıq-quruculuq işləri həyata keçirdiyini söyləyən polkovnik Cəlil Xəlilov, ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında böyük iqtisadi-siyasi uğurlara imza atacağına inamını ifadə edib.
Konfransda çıxış edən Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd orta məktəbin Çağırışaqədər Hərbi hazırlıq müəllimi, qazi Taleh İsgəndərli, Laçın rayon ictimaiyyətinin nümayəndəsi Qəzənfər Hüseynov 8 Noyabr zəfərinin tarixi əhəmiyyəti və bu zəfərin regionumuzda yaratdığı yeni status-kvo ilə bağlı maraqlı fikirlər səsləndirib, ölkədəki sabitlik və həmrəyliyin qorunub saxlanılmasının vacibliyinə toxunublar.
Konfransın sonunda Müdafiə Nazirliyinin Gəncə qornizonunun İdeoloji və Mədəniyyət Mərkəzinin “Vətən uğrunda” ansamblının solistləri tərəfindən vətənpərvərlik mahnıları ifa edilib.
P.ƏMİRCANOV
XQ