Türk dünyasının ailə siyasəti daim yenilənir

post-img

Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” adlı yan iclas keçirilib. Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkil etdiyi məclis türk dünyasında ailənin önəmindən bəhs edən video-çarxın nümayişi ilə başlayıb.

Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş türk dünyasının ortaq dəyərlərindən biri olan ailəni qorumağın və gələcək nəsillərə çatdırmağın vacibliyini qeyd edib. Vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2025-ci ilin “Ailə ili” elan edilməsi, bu sahədə Türkiyənin qətiyyətini və baxışını əks etdirir: “Ötən il Türkiyədə ilk dəfə həyata keçirdiyimiz ailə və sosial siyasət sahəsindəki görüşlər, türk dünyasında ailə siyasətinə dair əməkdaşlığın güclənməsinə mühüm töhfələr vermişdir”.

Nazir bildirib ki, türk dövlətləri, ortaq tarix və mədəniyyət zəminində ailə mərkəzli siyasətlər ətrafında birləşərək bu sahədə əməkdaşlığı gücləndirir. Bu isə ailənin qorunması və gücləndirilməsi istiqamətində atılan addımlar gələcəyin formalaşmasında böyük rol oynayacaq. O, bu mövzuda əməkdaşlığın inkişafında Azərbaycanın xüsusi rolunu vurğulayıb və görüşün Türk Dövlətləri Təşkilatı üçün faydalı olacağına inamını ifadə edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qardaş Turkiyənin ailə və demoqrafik tərəqqini hədəfləyən addımlarını və bu sahədəki qətiyyətli mövqeyini alqışlayıb. Bildirib ki, ailə dəyərlərinin qorunması artıq təkcə mədəni məsələ deyil, həm də strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan bu reallıqları nəzərə alaraq ailə siyasətini daim yeniləyir və onu zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirir.

Komitə sədri TDT çərçivəsində ailə siyasətləri üzrə əməkdaşlığın gücləndirilməsini vacib hesab etdiklərini qeyd edib. Ortaq layihələrin həyata keçirilməsi, daimi əlaqələndirmə imkanlarının nəzərdən keçirilməsi, gənc ailələr və valideynlər üçün ortaq təlim və maarifləndirmə platformalarının yaradılması kimi təşəbbüsləri dəstəklədiklərini bildirib. Xüsusilə ortaq elmi tədqiqatların və məlumat mübadiləsinin əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, bu cür əməkdaşlıq ailə siyasətlərinin daha uyğun formalaşmasına töhfə verəcək. Gənclərin ailə dəyərləri ilə bağlı maarifləndirilməsinə daha çox ehtiyac olduğunu vurğulayan B.Muradova, Gənc Ailə Forumu kimi təşəbbüslərdən yaranan müsbət sinerji, gənclərin ailəyə bağlılığını və ailə həyatına hazırlığını artırmaq üçün mühüm platformaya çevrilə biləcəyini əlavə edib.

Rəqəmsal transformasiyanın yaratdığı imkanlar və risklər fonunda ailələrin, xüsusilə uşaqların informasiya təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayan komitə sədri, rəqəmsal savadlılıq sahəsində ortaq təşəbbüslərin həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirib. O, yaşıl inkişaf kontekstində ailə siyasətlərinə yeni yanaşmaların daxil edilməsinin də əhəmiyyətini qeyd edib. Ailə daxilində ekoloji dəyərlərin təşviqi və qadınların yaşıl iqtisadiyyatda iştirakı sahəsində birgə layihələrin aktuallığını vurğulayıb. Postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərindən bəhs edərək, yeni sosial infrastrukturun qurulmasının ailə, qadın və uşaq rifahını prioritetə çevirdiyini bildirib. Bu prosesin TDT ölkələri ilə əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayıb.

Sonda Bahar Muradova, Türk Dövlətləri Təşkilatının “ailə” anlayışını gələcəyin əsas dayağı kimi qəbul etməsini təqdir etdiklərini bildirib və ortaq dəyərlər, ortaq məsuliyyət, ortaq gələcək prinsipi əsasında əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiq olduqlarını bəyan edib.

Daha sonra Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə Naziri Sadık Gardiyanoğlu, Türkmənistanın Əmək və Sosial Müdafiə nazirinin müavini Halbibi Tachjanova, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və Ailə Məsələləri Komitəsinin sədri Kairat Kambarov  və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin Ailə və Gənclər Məsələləri Komitəsinin sədri cənab Kayrat Kambarov, və Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocamanın çıxışları dinlənilib.

Toplantı  çıxışlar ətrafında müzakirələrlə davam edib.

Zərifə HÜSEYNOVA
XQ



Sosial həyat