Narkomaniyaya qarşı Hərbi Prokurorluqla birgə maarifləndirmə tədbirləri keçirilmişdir

post-img

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyasında və “Şəmkir” sərhəd dəstəsində Respublika Hərbi Prokurorluğunun əməkdaşları ilə birgə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”nın icrası çərçivəsində tədbir keçirilmişdir.

Çıxış edənlər şəxsi heyətə narkomaniyanın fəsadlarından, narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən, xüsusilə mərkəzi sinir sisteminə, psixi sağlamlığa və ümumi həyat keyfiyyətinə mənfi təsirlərindən danışmış, onun sosial-mədəni problemlərə yol açdığını, ailə münasibətlərinin pozulması, iş qabiliyyətinin azalması, eləcə də kriminal fəaliyyətlərin artması kimi ciddi nəticələrə səbəb olduğunu qeyd etmişlər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən XQ-yə bildirilib ki, belə görüşlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçular arasında sağlam həyat tərzinin təşviqi, hüquqi biliklərin artırılması və narkotik vasitələrə qarşı ictimai həssaslığın gücləndirilməsidir.

Tədbirin sonunda şəxsi heyətin sualları cavablandırılmış, fikirləri dinlənilmiş və narkomaniyaya qarşı mübarizədə fərdi məsuliyyətin önəmi xüsusi vurğulanmışdır.







Sosial həyat