Kəşfiyyatçı Fuadın son döyüşü

post-img

Fuad Əliyev 2001-ci il mayın 10-da Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. 2007–2018-ci illərdə M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Fuad digər həmyaşıdları kimi 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün dəstəyə yazılıb və keçilən təlimləri bacarıqla başa vurub. Çətin məşqlər onu yorsa da bərkidib. Fuad kəşfiyyatçı peşəsinin sirlərini mənimsəyib.

Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Fuad Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə qatılıb. Kəşfiyyatçının ilk döyüş yolu Murovdağdan başlayıb. Hündür dağ silsiləsində sərt hava şəraitində irəliləmək, verilən tapşırığa uyğun kəşfiyyatçı vəzifəsinin öhdəsindən gəlmək nə qədər çətin olsa da, Fuad gənc olmasına baxmayaraq, işinin öhdəsindən bacarıqla gəlib. O, dəfələrlə düşmənin arxasına keçib, çox vacib məlumatlarla geri dönüb əks-tərəfin yerləsdiyi ərazi, hərbi qüvvəsi haqqında bilgilər gətirib. Onun arzusu heç vaxt üzünü görmədiyi, xəyalında canlandırdığı, izini-cığırını şəkillərdən tanıdığı Cıdır düzünün, Şuşanın azadlığını görmək olub. Suqovuşanın, Hadrutun, Füzulinin, Zəngilanın işğaldan azad edilməsində fərqlənib, xüsusi təyinatlı olaraq, ağır kəşfiyyatçı peşəsinin öhdəsindən bacarıqla gəlib. Gətirdiyi məlumatlar əsasında yoldaşları düşmənə gözləmədiyi istiqamətdən hücum ediblər və döyüş uğurla başa çatıb. Kəlbəcərdən evə zəng edəndə oranın dağlarının Əsrik Cırdaxanın dağlarına bənzədiyini deyib. Onun son günləri Şuşanın azadlığı uğrunda gedən vuruşmada keçib. Ailəsi ilə əlaqə saxlayıb, “artıq Şuşa bizimdir. Qələbə bizimdir. Biz qalib gəldik.”– deyə sevincini bölüşüb. Təəssüf ki, Fuad Əliyev növbəti məsul tapşırığı yerinə yetirərkən noyabrın 8-də Şuşa şəhəri uğrunda gedən son və qəti qələbə ilə bitən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şuşanı görmək arzusu gerçəkləşən Fuadın nəşi noyabrın 12-də doğma torpağına gətirilib. Hərbi qulluqçuların, rayon ictimaiyyətinin iştirak etdiyi böyük izdihamla Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub. Ona təqdim edilən Azərbaycan bayrağını bağrına basan atası Ramin Əliyev kövrək və boğuq səslə “Vətən sağ olsun!”– deyib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı Fuad Əliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ötən həftə, mayın 10-da Tovuz rayon ictimaiyyətinin nümayəndələri, “Ulus şəhid ailələrinə qayğı” İctimai Birliyi Turan ailəsi, eyni zamanda, şəhid ailələrinin üzvləri, doğmaları onun qəbrini ziyarət etdilər. İctimai Birliyin rəhbəri bu dərdi qürurlu dərd adlandırdı. Digər şəhid ailələrinin üzvləri də igidimizə Allahdan rəhmət dilədilər, ailəyə başsağlığı verdilər. Fuadın nənəsi Nailənin fəryadı, anası Rəsmiyyənin yanıqlı bayatıları qəlbləri sızlatdı. “Dur, bala, dur ayağa, evimizə gedək. Ad gününü orada qeyd edək. Mənim özü körpə, gördüyü işlər böyük olan, ordenli, medallı balam, qardaşların Dilavər, Əfsun, Üzeyir sənsiz darıxıblar. Sən mənim başımı ölümünlə uca etdin. Qəlbim parçalanır, amma o biri şəhid analarına baxıb özümü sakitləşdirirəm. Vətən yolunda şəhid olan tək mənim balam deyil ki. Kaş ailə quraydın, bir yadigarın qalaydı, onunla təskinlik tapardım. ”– deyən anaya mərasimə toplaşan dərddaşları– şəhid anaları təskinlik verdilər.

Anım toplantısında şəhidin ruhuna dualar oxundu, ölkəmizin bir də müharibə görməməsi, qapıları şəhid xəbərləri döyməməsi, insanların dərddən, ağrı-acıdan uzaq olmaları arzulandı. Fuad 19 yaşında qəhrəman oldu. Vətəninin azadlığı yolunda canından keçdi. Şəhidlərin hər biri qəhrəmanlıq, rəşadət, mərdlik nümunəsidir. Digər şəhidlərimiz kimi, Fuadın da ruhu şad, məkanı cənnət olsun.

Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Fuad Əliyevin xatirəsinə 2021-ci ildə kənddə bulaq inşa edilmişdir. Bulağın açılışı günü ehsan verilmiş, toplantı keçirilmişdir. Bildirilmişdir ki, şəhidlər Vətənə sevgi sözünü dilində deyib, qəlbinə yazan və əməlində onu göstərənlərdir. Ruhları şad olsun!

Zərifə BƏŞİRQIZI
XQ

 

Sosial həyat