Tuğ əməliyyatının qurbanı

post-img

“Vətən müharibəsində canım-qanım Vətənə fəda olsun”– deyib cəbhə dostları ilə düşmən üzərinə şığıyan, yağıdan qisasımızı alan 19 yaşlı Cavid Natiq oğlu Hüseynov da şəhidlik mərtəbəsinə yüksəlib. O, 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmışdı. 2020-ci il oktyabrın ilk günlərində xidmətini başa vurub evə, ailəsinin yanına qayıdacaqdı.

O günü doğmaları, dostları, idmançı yoldaşları böyük həsrətlə gözləyirdilər. Əzizlərinin gözləri yolda, qulaqları səsdə idi. Hər an qapılarını döyəcək “Cavid əsgərlikdən qayıtdı” müjdəsini gözləyirdilər. Cavid gözlənilən vaxtdan bir az gec qayıtdı... Amma canını qurban etdiyi Vətənimizin şəhidi kimi, Azərbaycan bayrağına bükülmüş tabutda...

Cavid Natiq oğlu Hüseynov 2001-ci il aprelin 3-də Tovuz şəhərində anadan olub. 2007–2016-cı illərdə Tovuz şəhərində N.Tusi adına Təbiət və Texniki təmayüllü məktəb-liseydə, 2016–2018-ci illərdə M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb.

Ermənistanın Tovuz cəbhəsində törətdiyi təxribatlar əsgərlikdə olan Cavidi çox narahat edirdi, silaha sarılıb düşmənə qan udduran igidlərimizin sırasında olmağa can atırdı. Ordumuzun Tovuz döyüşlərində düşmənə çəkdiyi göz dağı azacıq da olsa Cavidə təsəlli oldu. Amma fikri-zikri düşməndən qisas almaq, torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək idi. Cavid və onun kimi minlərlə igid oğullarımızın gözlədiyi gün nəhayət ki, yetişdi. Sentyabrın 27-də düşmənin Azərbaycanın yaşayış məntəqlərini ağır artilleriya silahlarından atəşə tutması, dinc insanlarımızı qətlə yetirməsi müharibəni gerçəkləşdirdi. Müzəffər Azərbaycan Ordusu torpaqlarımızın düşmən tapdağından azad edilməsi istiqamətində hərbi əməliyyatlara başladı. Şanlı ordumuzun cəsur əsgərlərindən biri kimi C.Hüseynov da ön cəbhədə əlində silah düşmənə göz açmağa aman vermədi.

Onun döyüş yolu Füzuli, Cəbrayıl və Xocavənddən keçdi. Oktyabrın 31-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə fədakarlıq göstərən Cavid düşmənin atdığı top mərmisindən şəhid oldu. Düşmən qəhrəmanımızın Vətən, yurd sevgisi, təəssübü ilə döyünən, düşmənə qəzəb və nifrət, qisas hissilə alışan ürəyini nişan aldı. Amma düşmən Cavidin ürəyini susdura bilmədi. O, “canım Vətənimə fəda olsun”– deyib, qanı tökülən ana torpağı əbədi olaraq qucaqladı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Cavid Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

C.Hüseynov tovuzluların fəxridir. O, “Tovuz” taekvondo klubunda tanınmış idman ustası Ümid Axundovun tələbəsi olub. Cavid tabutunu süsləyən üçrəngli bayrağımızı dəfələrlə yerli və beynəlxalq əhəmiyyətli taekvondo yarışlarında dalğalandırıb, himnimizi dinləyib. “Tovuz” taekvondo klubunun rəhbəri tələbəsindən danışdı:

– Cavid Vətənimizi, Azərbaycan Bayrağını, himnimizi çox sevirdi, yarışlarda bayrağımızı az dalğalandırmamışdı. Onun o qədər gözəl ürəyi vardı, o qədər yaxşı gənc idi ki, sözlə deməkdə çətinlik çəkirəm. Gülərüz, səmimi, mehriban, iki metrə yaxın boyu olan bir oğlan idi. On ilə yaxın idi ki, taekvondo ilə məşğul olurdu, ümidlərimizi doğruldan tələbələrimdən biri kimi bir çox respublika əhəmiyyətli və beynəlxalq yarışların qalibi olmuşdu. Onun gələcəyinə böyük ümidlər bəsləyirdim. Cavid 2018-ci ildə gənclər arasında respublika çempionu oldu. 2020-ci il oktyabrın əvvəlində tərxis olunmalı idi. Müharibə başladı və o, orduda xidmətini cəbhədə davam etdirdi. Onun qardaşı Şahin də mənim tələbəm olub. 2019-cu ildə böyüklər arasında respublika üçüncüsü oldu. Cavidin digər qardaşı, tələbəm Muxtar da ön cəbhədə düşmənə qarşı döyüşüb. Cavidin əmisi oğlu Amil də 2018-ci ildə respublika 3-cüsü olub. Cavidlə Amil həm də yaxın dost idilər. O, səmimiliyi, mehribanlığı, gülərüzlüyü ilə hər kəsin qəlbində özünə əbədi heykəl qoyub.

Noyabrın 3-də Cavidin 3 mərasimi oldu. Döyüşçü dostları ilə zəngləşdik, onlar bizə Cavidin qəhrəmanlığından, cəsurluğundan danışdılar, onun qisasını düşməndən alacaqlarlarına söz verdilər, aldılar da. Cavid Tovuz qəbiristanlığında dəfn olunub. Gənc yaşda həyatını itirməsi bizi yandırsa da, ən böyük təsəllimiz onun şəhidlik zirvəsinə ucalmasıdır. Biz Cavidlə qürur duyuruq, ailəsi ilə əlaqəmiz var. Azərbaycan Taekvondo Federasiyası da ailəyə qayğı göstərir.

“Qala” taekvondo klubunun rəhbəri Ramil Həsənov, “Tovuz” taekvondo klubunun müəllimi Elşad Zeynalov Cavidin həlak olmasından üzüldüyünü bildirsələr də, onun uca şəhid adı ilə fəxr etdiklərini dedilər: “Bu gün Cavidlə bütün tovuzlular, bütün taekvondo ictimaiyyəti fəxr edir. Çünki o, Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsi uğrunda canını fəda edib”.

Şəhidlik məqamına ucalan Cavidin ruhu şaddır, çünki, qisası qiyamətə qalmadı.

Zərifə BƏŞİRQIZI
XQ



Sosial həyat