Həssas qrupların mənzillə təminatı tədbirləri davam edəcək
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli sənəddə dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Yeni sənədlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov açıqlamasında bildirdi:
– Dəyişiklik 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün sərəncamda qeyd edilən 2021–2025-ci illər dövrü 2021–2030-cu illər olaraq müəyyən edilib. Yəni həssas qrupların mənzillə təminatında bu il son deyil və bu istiqamətdə işlər daha 5 il davam edəcək.
Gələn ildən etibarən, hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) bununla bağlı vəsait də nəzərdə tutulacaq. Mühüm sosial proqramlardan biri olan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra 5 dəfə genişlənib.
Onlara nazirlik tərəfindən postmüharibə dövründə 6 min 800, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib. Bu il isə daha 1000 mənzil verilməsi nəzərdə tutulub. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilən mənzillər həm paytaxtda, həm də bölgələrimizdə inşa edilən evlərdən olacaq.
Ankarada əməyin mühafizəsi üzrə təlim
Türkiyənin Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzi (ÇASGEM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları üçün təlim təşkil edib.
İki ölkənin nazirlikləri arasında icra edilən tədbirlər planına əsasən, təşkil olunan təlimlər əməyin mühafizəsi üzrə fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulub. Təlimlər ÇASGEM-in beynəlxalq sertifikatlı təlimçiləri tərəfindən keçirilib və “Fiziki risk amilləri”, “Kimyəvi risk amilləri”, “Erqonomika”, “Psixososial risk amilləri” və “Riskin idarə edilməsi və dəyərləndirilməsi” mövzularını əhatə edib.
4 ayda 17 mindən çox əlillik təyin olunub
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar–aprel ayları ərzində 17 min 100 şəxsə əlillik təyin edilib.
Onlardan 7 min 300 nəfərə ilkin, 9 min 800 şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilib. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilib.
Bu il 148,9 min şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar–aprel aylarında 148 min 881 şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Onlardan 44 min 100-ü münasib işlərlə təmin olunub, 5 min 400 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
Qeyd olunan dövrdə agentlik tərəfindən 2 min 800 işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 96 min 600 nəfərə isə peşəyönümlü xidmətlər göstərilib.
Müfəttişlik işəgötürənlərə müraciət edib
Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı işəgötürənlərə müraciət edib.
“Əmək və məşğulluq” altsistemi üzərindən aparılan nəzarət zamanı bəzi işəgötürənlərin qüvvədə olan əmək müqavilələrini hələ də elektron sənəd formasına keçirmədiyi müşahidə olunub.
Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi qanunvericiliyin tələbidir. Bu tələbin vaxtında və düzgün icrası, əmək qanunvericiliyinə riayət olunması, əmək münasibətlərində şəffaflığın təmin edilməsi və işçilərin hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bir daha işəgötürənlərin diqqətinə çatdırılıb ki, Nazirlər Kabinetinin qərarına əsasən, əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin son müddəti: Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər üçün 2025-ci il 1 yanvaradək (bu mərhələ üzrə müddət artıq bitib), iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək, ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri üçün 2026-cı il 1 yanvaradək müəyyən edilib.
Z.HÜSEYNOVA
XQ