Dövlət Komitəsinin sədri Vyetnamın etnik azlıqlar və dini işlər naziri ilə görüşüb

post-img

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 6-da Vyetnama səfəri çərçivəsində Vyetnam Sosialist Respublikasının Etnik Azlıqlar və Dini İşlər naziri Dao Nqok Zunq ilə görüşüb.

Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və qayğısı ilə xalqımızın milli-mənəvi dəyərlər sisteminin, tolerantlıq, multikulturalizm ənənələrinin inkişaf etdirilməsi və təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. R.Məmmədov Azərbaycandakı dövlət-din münasibətləri, dini sahədəki mövcud vəziyyət və reallıqlar, eyni zamanda ölkəmizin dinlərarası dialoq istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini abidələrin, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsinin daim diqqət mərkəzində saxlanıldığı diqqətə çatdırılıb. Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu vurğulayan Dövlət Komitəsinin sədri dinlərarası harmoniyanın, birgəyaşayış ənənəsinin xalqımızın səciyyəvi xüsusiyyəti olduğunu bildirib və Etnik Azlıqlar və Dini İşlər naziri Dao Nqok Zunqu Azərbaycana dəvət edib.

Vyetnam Sosialist Respublikasının Etnik Azlıqlar və Dini İşlər naziri Dao Nqok Zunq dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirib və  dinlərarası dialoq fəaliyyətləri üçün tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkələrin təcrübəsinin böyük əhəmiyyət kəsb etdiyini deyib. Azərbaycanın sivilizasiyalar arasında dialoq, əməkdaşlıq və tərəfdaşlığı alternativi olmayan bir istiqamət  kimi inkişaf etdirməsini yüksək qiymətləndirən nazir, həmçinin dini sahədə əməkdaşlığın perspektivlərinə toxunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, beynəlxalq aləmdə tolerantlıq və dinlərarası dialoqun, birgəyaşayışın təşviq  olunması istiqamətində əməkdaşlığın hər iki qurumun ümumi məqsədlərinə uyğun olduğu vurğulanıb.





Sosial həyat