İnsanda narahatlıq yaradan səbəb çoxdur. Emosional vəziyyəti isə orqanizmdə müəyyən vitamin və mineralların çatışmazlığı törədə bilər. Bu barədə psixiatr Yekaterina Safranovanın fikirləri maraqlıdır.
Həkim bildirib ki, vitamin çatışmazlığı sinir sisteminin fəaliyyətini pozur, narahatlığı artırır, panik atak və hətta depressiyaya səbəb olur. Bu halları aradan qaldırmaq üçün D vitamini son dərəcə vacibdir. O, serotonin və dofaminin sintezində iştirak edir. D vitamini çatışmazlığı ürək-damar, endokrin və hətta neyrodegenerativ xəstəliklər də daxil olmaqla, bir sıra nasazlıqlar yaradır. Azlığı mövsümi depressiya, xroniki yorğunluq, yuxululuq və narahatlıq da gətirir. Həkim D vitamini çatışmazlığının əlamətləri arasında yuxu pozğunluğu, əzələ zəifliyi, tez-tez baş verən soyuqdəymələri də qeyd edib.
Psixiatrın sözlərinə görə, B qrup vitaminlərin (B6, B9, B12) çatışmazlığı isə əsəbilik yaradır. B6 vitamini beyinin həddindən artıq həyəcan, B9 və B12 isə depressiya riskini azaldır. Bu vitaminlər çatmayanda əsəbilik, başgicəllənmə, əl-ayaqda uyuşma, yaddaşsızlıq əmələ gəlir.
Maqnezium çatışmazlığı həyəcana reaksiyanı artırır. Sink azlığında insan tez-tez infeksiyalara yoluxur, saç tökülür, yaralar gec sağalır.
Psixiatrın tövsiyəsinə görə, bu vitamin və mineralların çatışmazlığını müəyyən etmək üçün qanda D, B6, B9, B12 vitaminləri və sinkin miqdarı yoxlanmalıdır.
Z.HÜSEYNLİ
XQ