Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır

post-img

 

2025-ci il Azərbaycan mətbuatı tarixində ən əlamətdar illərdən biridir. Bu il milli mətbuatımızın 150 ili tamam olur. Azərbaycanda milli mətbuatın əsası 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə qoyulmuşdur. Həmin vaxtdan indiyədək mətbuatımız çoxillik şərəfli yol keçmiş, cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında əvəzsiz rol oynamışdır. Bu il mətbuatımızn 150 illik yubileyinin qeyd olunması mətbuatımızın müasir dövrdəki fəaliyyətinin qiymətləndirilməsi, yeni vəzifələrin müəyyənləşdirilməsi, eləcə də gələcək nəsillər üçün mətbu irsimizin qorunub saxlanılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev aprelin 25-də “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzetinin milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşdüyü qeyd olunmuşdur.

Milli mətbuatımızın qürur yeri olan “Əkinçi” fəaliyyət göstərdiyi cəmi iki il ərzində azərbaycançılıq, müasirləşmə, milli özünüdərk kimi bəşəri dəyərləri təbliğ etmiş, Azərbaycanda müstəqil demokratik mətbuatın təməlini formalaşdırmışdır. “Əkinçi”nin ardınca “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat” və s. kimi qəzetlər, jurnallar mətbuatımızın inkişafında, cəmiyyətin quruculuğu prosesində əvəzsiz rol oynamışlar. 

Ölkəmizdə mətbuatın inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ümumilli lider hakimiyyətdə olduğu bütün dövrlərdə jurnalistikanın cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirmiş, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Ümummilli lider Heydər Əliyev hər zaman ölkəmizdə media orqanlarının sərbəst fəaliyyəti, jurnalistlərin söz və fikir azadlığının təmin edilməsi, mətbuat problemlərinin həlli istiqamətində təşəbbüs göstərmiş, mühüm qərarlar qəbul etmişdir. Ulu öndər mətbuatımızın inkişafı yönündə 10-dan çox sərəncam və fərman imzalmışdır. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” qanunun qəbul edilməsi, eləcə də 1998-ci Azərbaycanda senzuranın ləğv olunması ilə bağlı sərəncamın imzalanması Heydər Əliyevin mətbuatımızın tərəqqisi üçün ən böyük töhfələrindən hesab edilə bilər.  

Dövlət başçısının sözügedən sərəncamında da Ümumilli liderin mətbuatımızın inkişafında roluna dair mühüm faktlar yer alıb. Sərəncamda qeyd olunub ki, Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət–media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin bu sahədə fəaliyyətini uğurla davam etdirir. Dövlət başçısının mətbuatın inkişafı üçün göstərdiyi xüsusi diqqət və qayğı, jurnalistika sahəsində problemlərin həlli istiqamətində atdığı addımlar, qəbul etdiyi əhəmiyyətli qərarlar KİV-lərin fəaliyyətinin genişlənməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.

Sərəncamda, həmçinin müasir dövrdə Azərbaycan mətbuatında müşahidə olunan yeni tendensiyalar, IV Sənaye İnqilabı, süni intellekt və rəqəmsal texnologiyaların təsirilə bu sahədə baş verən dəyişikliklərə də toxunulub, Azərbaycan mediasının qarşısında yeni vəzifələrin müəyyənləşdirildiyi qeyd olunub: “Rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi və s. mediamızın inkişaf perspektivlərini müəyyənləşdirəcək məsələlərdir. Azərbaycan mediası müasir tendensiyaları nəzərə almaqla dövlətin maraqlarını hər zaman uca tutmalı, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu, eyni zamanda həyatımızda baş verən pozitiv dəyişikliklərlə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır”.

Məlumdur ki, Azərbaycan jurnalistləri 44 günlük Vətən müharibəsi dövründə həm ön, həm də arxa cəbhədə Azərbaycan həqiqətlərinin operativ işıqlandırılması üçün böyük əzmkarlıqla, yorulmadan çalışıblar. 3 il sonra – 2023-cü il 19 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatizminə son qoyulub. Bu çətin və şərəfli tarixi mərhələdə də Azərbaycan mətbuatı yüksək peşəkarlıq, fədakarlıq nümayiş etdirib, Vətənimizin ədalətli mübarizəsi, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqımıza qarşı törətdiyi müharibə cinayətləri haqqında dünya ictimaiyyətinə obyektiv məlumatları ötürüblər. Mətbuatımız ötən il 149 yaşını ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş bötüv Azərbaycanda böyük sevinc və qürurla qeyd edib. 

Sərəncamda da qeyd olunduğu kimi, müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.

Vətən müharibəsindən sonra bütün sahələrdə olduğu kimi, mətbuat sferasında da yeni reallıqların yaranması 2022-ci il fevralın 8-də dövlət başçısı tərəfindən “Media haqqında” Qanun təsdiqlənməsi ilə nəticələnib. Demokratik məzmunu ilə diqqət cəlb edən bu qanun Azərbaycan mətbuatının tərəqqisi üçün yeni imkanlar açıb, mühüm vəzifələr müəyyənləşdirib. “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir” – deyə, Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamda vurğulanıb. 

Sərəncamda milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq milli mətbuatımızın 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması qərara alınıb. Sözügedən sənəd dövlət başçısının Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğıyla yanaşı, jurnalistika sahəsində fəaliyyət göstərən hər kəsin qarşısında yeni prioritetlərin müəyyənləşdirildiyini göstərir, jurnalistləri öz işini daha məsuliyyətlə yerinə yetirməyə, səmərəli fəaliyyət göstərməyə səsləyir. 

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanın ən böyük elm ocağı olan AMEA-nın yaranmasının 80, Azərbaycanın ilk veb-saytı – science.gov.az-ın isə yaranmasının 30 ili tamam olur. AMEA 80 illik fəaliyyəti ərzində uğurla fəaliyyət göstərərək Azərbaycan elminin dayağına çevrilib, çoxaspektli, fundamental tədqiqatların mərkəzi olub, elmimizi bütün dünyada təmsil edib. 

Ölkə jurnalistikasında xüsusi yeri olan AMEA mətbuatı – science.gov.az da bu illər ərzində Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, bu sahənin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri təbliğ edib. Portal bu gün də tarixi ənənələrə sadiq qalaraq Azərbaycanda elm və ictimaiyyət arasında körpü rolunu oynayır, elm və medianın qarşılıqlı əlaqəsini gücləndirir. 

Bu gün AMEA akademik İsa Həbibbəylinin rəhbərliyi altında, yeni mərhələdə uğurla fəaliyyət göstərir, zəngin elmi ənənələrini müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirir. Akademik İsa Həbibbəyli jurnalistikanın inkişafına xüsusi önəm verərək AMEA-da mətbuatın müstəqil və peşəkar fəaliyyəti istiqamətində mühüm qərarlar qəbul edir, mütəmadi toplantılar keçirir.

Təbii ki, bir-biri ilə bağlı olan bütün bu tarixi hadisələr, yubileylər kontekstində elm və informasiya cəmiyyətinin tərəqqisi, jurnalistikamızın yeni mərhələdə inkişafı da böyük məna kəsb etməyə başlayır. Dövlət başçısnın milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi haqqında sərəncamının əhəmiyyəti daha da artır. İnanırıq ki, bu mühüm sənəd ölkə jurnalistikasının gələcək inkişafı üçün yeni üfüqlər açacaq, söz və ifadə azadlığının daha da möhkəmləndirilməsi, zəngin mətbu irsimizin öyrənilməsi, təbliği və gənc nəsillərə çatdırılması istiqamətində innovativ layihələrin həyata keçirilməsinə şərait yaradacaq. 

 

Nərgiz QƏHRƏMANOVA, 
AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, 
mətbuat və informasiya şöbəsinin 
Elektron informasiya sektorunun müdiri

 

Sosial həyat