Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Autizm: Tədqiqatdan təcrübəyə” mövzusunda keçirilən Beynəlxalq Autizm Konfransının açılış mərasimində çıxış edib.
Bahar Muradova çıxışı zamanı autizm spektr pozuntusu ilə yaşayan fərdlərin hüquqlarının qorunması və cəmiyyətə inteqrasiyasının dövlətin sosial siyasətində prioritet istiqamətlərdən olduğunu bildirib. Dövlət Komitəsinin sədri Azərbaycanda autizm sahəsində son illərdə çox mühüm addımlar atıldığını deyib: “Dövlətimizin bu sahəyə göstərdiyi dəstək təqdirəlayiqdir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu istiqamətdə aparılan səylərin səfərbəredici gücü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə verdiyi diqqət və qayğı ilə birbaşa bağlıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq biz də autizmli uşaqlar və onların ailələri üçün psixoloji dəstək və təlim proqramları təşkil edir, bu fərdlərin cəmiyyətə inteqrasiyası üçün davamlı fəaliyyət göstəririk. İnanıram ki, birgə səylərimizlə daha inklüziv və mərhəmətli bir cəmiyyət qurmaq mümkün olacaq”.
B.Muradova, son illərdə autizm əlamətləri müşahidə olunan uşaqların sayının artması ilə bağlı bu sahədə görülən işlərin təkcə tibb və təhsil deyil, eyni zamanda, cəmiyyətin bütün təbəqələrinin diqqət və dəstəyini tələb etdiyini qeyd edib. Əlavə edib ki, bu istiqamətdə dövlətin, ictimai təşkilatların, mütəxəssislərin və hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür: “Cəmiyyət olaraq məqsədimiz bütün fərqlilikləri ilə bərabər hüquq və imkanlara sahib olan sağlam bir cəmiyyət qurmaqdır. Xüsusilə autizmli uşaqları olan ailələrin də bu imkanlardan istifadə edə bilməsi üçün hərtərəfli dəstək və inklüziv yanaşma vacibdir”.
Dövlət Komitəsinin sədri çıxışının davamında bu sahədə təhsilin inkişafı, ixtisaslı mütəxəssislərin hazırlanması və ümumiyyətlə, insan kapitalının formalaşdırılmasının əhəmiyyətindən danışıb.
“Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi beynəlxalq mütəxəssislərin təqdimatında autizm haqqında müasir elmi araşdırmaları, həmçinin autizmə effektiv müdaxilə metodları, autizmli şəxslərin inklüziv təhsilə cəlb edilməsi və onlar üçün dayanıqlı məşğulluq imkanları haqqında yenilikləri əlaqədar sahələrdə çalışan yerli mütəxəssislərin diqqətinə çatdırmaq, həmçinin autizm haqqında maarifləndirmə aparmaqdır.