Qətər: Rifah və şükranlıq dövləti

post-img

Qətər deyəndə, ilk növbədə isti qumlu səhralar, orada ard-arda düzülüb gedən dəvələr, eləcə də zəngin neft və qaz pulları hesabına inşa edilən göydələnlər göz önünə gəlir. Bəs bu dost ölkə barədə daha nələri bilirik? Ondan başlayaq ki, Qətərin ərazisi əsasən yağıntılara həsrət qalan səhralardan ibarətdir. Ərazidə bir dənə olsun ilboyu axan çay yoxdur. Əhali içməli su kimi şirinləşdirilmiş dəniz suyundan istifadə edir.

İqlimi quru subtropikdir. Yayda havanın temperaturu hətta 46 dərəcə selsiyədək yüksəlir. Heyvanat aləmi zəngin deyil, amma burada cüyürün ağ oriks adlanan gözəl bir növü var ki, məğrur duruşuna iki göz istəyir ki, tamaşa etsin. Bundan başqa, ərazidə strauslara da rast gəlinir. Səhralarda, təbii ki, sürünənlər və gəmiricilər daha çoxdur.

Son hesablamalara görə, ölkədə 2,8 milyona yaxın insan yaşayır. Bundan yalnız 12 faizə qədəri yerli əhalidir. Qalanları Pakistan, Hindistan, İran, eləcə də digər yaxın-uzaq ölkələrdən ruzi dalınca gələn miqrantlardır.

Qətər ərəb dövlətidir, təbii ki, ərəb dili dövlət dilidir, ingilis dili isə ikinci dil sayılır. Əhalinin böyük əksəriyyəti paytaxt Doha və onun ətrafındakı qəsəbələrdə məskunlaşıb. Qətər neft və təbii qaz ehtiyatlarına görə, dünyanın ən zəngin ölkələrindəndir. Çox varlı dövlətdir. Adambaşı düşən gəlirə (88 min ABŞ dolları) görə dünyada ilk yeri tutur. Son illər Qətərdə müasir neft emalı, kimya, eləcə də metallurgiya zavodları inşa edilib. Əvvəllər yerli sakinlər əsasən dənizdən mirvari çıxararaq satmaqla məşğul olub.

Kənd təsərrüfatı zəif inkişaf etmişdir. Səhra həyatına alışmış bir çox yerli qəbilələr hələ də ənənəvi olaraq səhraların dərinliklərində dəvə, qoyu və keçi sürüləri saxlayırlar. Lakin heyvandarlıqla məşğul olanların sayı ilbəil azalır. Aqrar sektor əhalinin ərzağa olan ehtiyacının yalnız 10 faizini ödəyə bilir. Qalan zəruri ərzaq məhsulları idxal edilir.

Ərazisi cəmi 12 min kilometr olan Qətər ölkəmizdən 7 dəfə kiçikdir. Ölkəni avtomobillə bu başdan o başa cəmi 1 saata keçmək mümkündür. Ən böyük şəhəri əhalinin əksəriyyətinin məskunlaşdığı paytaxt Dohadır.

“Qatar Airways” dünyanın ən təhlükəsiz aviaşirkətlərindən biridir və İspaniyanın məşhur “Barselona” futbol klubunun sponsorudur. Nəhəng “Hamad” aeroportu sutkada yüzlərlə təyyarəni qəbul edərək yola salır. Nüfuzlu “Əl-Cəzirə” telekanalı 1996-cı ildə yaradılıb və dünyanın ən nüfuzlu telekanallarından sayılır.

Siyasi quruluşuna görə mütləq monarxiyadır. Qatar Əmiri Tamim bin Hamad Al Tani eyni zamanda Ali Baş Komandan sayılır. Dövlətin idarə olunmasında monarxa Nazirlər Kabineti kömək edir. Ölkədə siyasi partiyaların fəaliyyətinə icazə verilmir. Küfr danışmaq cinayət sayılır və sərt şəkildə cəzalandırılır.

Xatırladaq ki, 2017-ci ilin iyunda Qətərdə diplomatik böhran yaşanıb. Belə ki, Səudiyyə Ərəbistanı başda olmaqla bir çox ərəb dövlətləri Dohanı bir sıra beynəlxalq terror təşkilatları, xüsusilə də “Əl-Nüsra” ilə əlaqələrdə suçladılar. Rəqibləri Qətəri qurudan və dənizdən tam mühasirəyə aldılar. Lakin Türkiyənin hərtərəfli dəstəyi sayəsində iqtidar taxt-tacını qoruyub saxlaya bildi.

Qətərdə son onillər ərzində dövlət vəsaiti hesabına ölkədə çox sayda orta məktəb, kollec, universitet, eləcə də elmi-tədqiqat instututları açılıb. İstedadlı gənclər dövlət hesabına təhsillərini davam etdirmək üçün nüfuzlu Qərb universitetlərinə göndərəlir. Qətərdə əmin-amanlıqdır. Oğurluq və qarət halları demək olar ki, olmur.

2022-ci ilin noyabr və dekabr aylarında Qətərdə futbol üzrə növbəti dünya çempionatı keçirilib. Dövlət bu layihəyə 220 milyard dollar vəsait qoymuşdur. Bu, əvvəlki 5 dünya çempionatının xərclərindən 4 dəfə çoxdur. Bu yerdə deyirlər ki, varlığa nə darlıq?!

Müstəqil Azərbaycan ilə Qətər Dövləti arasında diplomatik əlaqələr 14 sentyabr 1994-cü il tarixində yaradılmışdır. Qeyd etmək lazımdır ki, istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində Qətər Dövləti Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir.

Qeyd edək ki, bu il aprelin 10-dan 13-dək Bakıda Qətər Mədəniyyəti Günləri keçirilib. Bundan əvvəl anoloji tədbir 2009-cu ilin iyun ayında keçirilib. 2024-cü ilin fevralında Dohada Azərbaycan Mədəniyyəti Günləri təşkil olunub.

Məsaim ABDULLAYEV,
Fidan SALMANOVA,
XQ

Sosial həyat